Deputat: “Ermənistan Qərbin bir sıra dairələrinin “dəstəyinə” aldanmamalıdır”

GÜNDƏM 26 noy 2021, 11:45
“Bu gün keçirilməsi planlaşdırılan görüş çoxdan gözlənilirdi. Nəzərə almaq lazımdır ki, ötən ilin 27 sentyabrında başlayan 44 gün davam edən Vətən müharibəsindən bir ildən çox vaxt keçib. Təəssüflər olsun ki, Azərbaycanla Ermənistan arasında hələ də həllini tapmayan, gecikdirilən məsələlər var. Ümid edirik ki, bugünkü üçtərəfli görüşdə həllini gözləyən məsələlər Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bir daha diqqətə çatdırılacaq və problemlərin həlli istiqamətində nəticə əldə olunacaq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bu gün keçirilməsi planlaşdırılan Rusiya-Azərbaycan-Ermənistan liderlərinin Soçi görüşü barədə danışarkən deyib.

O bildirib ki, Soçi görüşündə ötən ilin noyabrın 10-da imzalanmış bəyanatın icra olunmayan bəndlərinin müzakirəsi baş tutacaq: “Bütün bunlar sülh müqaviləsinin imzalanması istiqamətində atılan vacib addımlardır. Çünki Azərbaycan tərəfinin sülh müqaviləsi imzalamaq üçün bir sıra şərtləri var. Həmin şərtlərə kommunikasiyalar açılması, sərhədlərin delimitasiyası və demarkasiyası və s. daxildir. Həmçinin, 10 noyabr sənədində nəzərdə tutulan məsələlərdə biri də Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı dəstələrinin tərksilah olunması məsələsidir. Ermənistan məsuliyyətini başa düşməli və bir sıra Avropa ölkələrinin, Qərb dairələrinin “dəstəyinə” aldanmamalıdır. Hesab edirəm ki, Soçi görüşü Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinin təminatçısı ola bilər. Prezident İlham Əliyev bu kimi görüşlərdə iştirak etməklə sübut edir ki, Azərbaycanda regionda uzunmüddətli və dayanıqlı sülhün bərpasının tərəfdarıdır. Soçi görüşündən gözləntilərimiz çoxdur”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top