“Paşinyan ikibaşlı oyun oynayır və nə etdiyini dərk etmir”

GÜNDƏM 25 noy 2021, 15:26
Ermənistanın baş nazirinin son bir-birinə zidd fikirləri, yəni onun özünün əvvəlki fikirləri ilə sonrakı fikirləri arasındakı ziddiyyətlər bir daha onu deməyə bizdə əsas yaradır ki, Nikol Paşinyan ikibaşlı oyun oynayır. 

Bu sözləri SİA-ya verdiyi açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Çingiz Qənizadə vurğulayıb ki, buna ikili standart da demək olmaz, erməni baş nazir ikibaşlı oyun oynayır və hazırda Paşinyan özü elə bir vəziyyətdədir ki, dəqiq nə etdiyini tam dərk edə bilmir.



“Nikol Paşinyan bəzən də ifadələrini, əvvəlki ifadələrini yəqin ki, unudur, amma bir maraqlı məsələ var ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun əvvəlcə Bakıya, sonra da İrəvana səfəri zamanı da Rusiya rəsmisinin dilindən də Zəngəzur dəhlizi ifadəsi işlədilmədi. Bax, bu ifadənin işlədilməsində Rusiya da bir az elə bil çəkinir, amma qeyd olunduğu kimi 10 noyabr Bəyannaməsində bütün hər şey açıqlığı ilə qeyd olunub. Təbii ki, orada hələ də həllini tapmayan məsələlər var. Birincisi elə Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə erməni silahlı birləşmələrinin Qarabağı tərk etmələrindən, sözsüz ki, separatçıların da tərksilah olunmasından söhbət gedirdi. Birgəyaşayışın təmin edilməsi müzakirə mövzusudursa, necə ola bilər ki, mülki şəxslərin və tanınmayan bir dırnaqarası separatçı rejimin əlində silahlar olsun? Rusiya da buna göz yumur və bu ölkənin baş nazirinin müavini Overçukun da Zəngəzur dəhlizi ifadəsi işlətməməsi, indi yenidən də Paşinyanın bu ifadədən qaçması onu göstərir ki, Ermənistan ümumiyyətlə, bu məsələdə hələki maraqlı deyil.

Mən bir şeyi deyim ki, Paşinyan Facebook üzərindən ötən gün keçirdiyi mətbuat konfransında dəhlizin əhəmiyyətindən, Ermənistan üçün əhəmiyyətindən də danışdı, lakin o dərhal başqa ziddiyyətli fikirlər də ortaya qoydu. Mən elə hesab edirəm ki, bu həm ikili oyundur, həm də Paşinyanın erməni auditoriyasına hesablanmış fikirləridir. Çünki, bilirik ki, Ermənistanda radikal müxalifət və revanşist qüvvələr olduqca çoxdurlar və hökumətə təsir etmək üçün əllərində müəyyən rıçaqlar, sosial baza var. Amma bir şeyə mən fikir verdim ki, Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlıq Təşkilatı görüşlərinə, cənab Prezident İlham Əliyevlə görüşməyə razılıq verdikdən dərhal sonra 9 noyabrdakı inadkarlığını Rusiya ona qandırdı, başa saldı. Yəni, o 9 noyabrda Azərbaycan Prezidenti ilə görüşməkdən imtina etmişdi və təbii ki, Rusiya prezidentinin sözçüsü Peskov da artıq görüşün planlaşdırıldığı ilə bağlı məlumatlar yaysa da sonradan bu məsələ gündəmdən çıxarıldı və sözsüz ki, Paşinyanın təkidi ilə, yaxud da ki, bu görüşdən qaçması ilə. Amma Qərbə üz tutan Paşinyan dekabrın 15-də Brüsseldə görüşə razılıq verən kimi Rusiya və mən elə hesab edirəm ki, şəxsən Putin həm Paşinyana, həm də Ermənistandakı radikal müxalifətə ciddi təzyiq göstərdi. Çünki, Paşinyanın istefa tələbi ilə meydanlara yığışan və istefa verməsinə qədər davam edəcək deyən mitinqdə nə Koçaryan, nə Sarkisyan, nə də digər müxalifət liderləri görünmədilər, onlar kifayət qədər də kütlə toplaya bilmədilər. Deməli, Rusiya həm Ermənistan müxalifətinə təzyiq edə billir, həm də Paşinyan hakimiyyətinə təzyiq edə bilir.

Brüssel görüşündən öncə Rusiyanı kənarlaşdırmaq istəyən Paşinyana elə bir dərs verildi ki, o dərhal bu ayın 26-da artıq Soçidə görüşməyə razılıq verdi. Bax, bir müstəqil dövlətin əgər müstəqil siyasətini həyata keçirən hansısa bir lider əgər bu cür gülünc vəziyyətə salınırsa, bu o deməkdir ki, bu dövlətin özünün oyuncaq bir dövlət olduğu, oyuncaq bir rejim olduğu artıq göz önündədir. Putin sözünün sahibi olaraq onu masa arxasında oturmağa məcbur etdi. Ümid edirəm ki, Paşinyan həm də erməni ictimai rəyini də nəzərə alaraq həddən artıq fikirlər işlətməkdən çəkinir, amma o masada oturmaqla bərabər həm də 10 noyabr sazişində nəzərdə tutulan bəndlərin icrası ilə bağlı razılıq verəcək və müəyyən sənədləri imzalayacaq.

Pessimist olmağa dəyməz və ümid edirəm ki, hadisələr və görünən budur ki, yavaş-yavaş biz istəyimizə nail oluruq. Əslində həqiqət, beynəlxalq hüquq bərpa olunur və beynəlxalq hüquqla tanınməş sərhədlərimiz bərpa olunur. Eyni zamanda əvvəllər də istifadə olunmuş həmin bu dəhlizin yenidən fəaliyyətə başlaması üçün, Türkiyə və Rusiyanın da burada marağını və hazırda İranın da artıq son günlərdə öz mövqeyini dəyişməsini nəzərə alsaq, mən belə hesab edirəm ki, Zəngəzur dəhlizi də açılacaq və Azərbaycandan Türkiyəyə Naxçıvanı keçməklə birbaşa çıxış əldə olunacaqdır. Bundan təkcə Azərbaycan deyil, bölgə dövlətləri də, İran da, Türkiyə də, Rusiya da, o cümlədən Ermənistan da kifayət qədər bəhrələnəcək. Əgər Ermənistanın siyasi liderləri bu gün xalqını bu dilənçi vəziyyətdən çıxarmaq istəyirlərsə, iqtisadi böhrandan çıxmaq fikrindədirlərsə, xalqın sosial və iqtisadi güzəranını yaxşılaşdırmaq istəyirləsə, onlar mütləq dəhlizin açılmasında maraqlı olmalıdırlar və gec-tez bunu başa düşəcəklər”, deyə Çingiz Qənizadə bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top