Gənc oğlan pul üstündə tanışını döydü, məhkəmə isə ona... — Təfərrüat

KRİMİNAL 25 noy 2021, 14:30
Bakının Nəsimi rayonunda 1989-cu il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində tanışı Ramini döyüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 31-də, saat 20.30-da baş verib. Vüsal tanışı Ramin ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunu qəsdən əl zərbələri ilə vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ramini 2 ildir tanıyır və münasibətləri yaxşı olub: “2021-ci ilin aprelində Ramin məndən 200 manat borc aldı, beş gün ərzində geri qaytaracağını söz verdi. Lakin sonradan Ramin hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu qaytarmaqdan yayınmağa başladı”. 

Vüsalın sözlərinə görə, mayın 31-də, saat 20.30-da evdə olarkən Raminə zəng edib və onunla görüşmək istədiyini söyləyib: “Raminlə metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşdük. Ona təcili pula ehtiyacım olduğunu dedim, borcunu qaytarmasını tələb etdim. Bu zaman Ramin kobud şəkildə mənə pulunun olmadığını dedi. Bun görə aramızda dava düşdü. Ramin ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Bundan əsəbləşdim, onun ağız nahiyəsindən bir dəfə yumruq zərbəsi vurdum”.

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə Vüsal 1000 manat cərimə olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top