Rüstəm Məmmədov: “Azərbaycan Laçın dəhlizini bağlaya bilər”

GÜNDƏM 24 noy 2021, 18:02
"Zəngəzur dəhlizi xüsusi statusu olan bir dəhliz deməkdir. Kommunikasiya xətləri dedikdə isə nəqliyyat əlaqələri nəzərdə tutulur. Bu iki termin arasında oxşarlıq çoxdur".

Bunu Redaktor.az-a Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov bildirib.

Onun sözlərinə görə, Zəngəzur məsələsi gündəmdə olan əsas məsələlərdən biri kimi bu gün Azərbaycanın maraqlarına uyğundur.

"Məsələn, Azərbaycan hesab edir ki, əgər Laçın dəhlizi varsa niyə də Zəngəzur dəhlizi olmasın. Niyə Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ilə, Xankəndi ilə Laçın dəhlizi vasitəsilə əlaqə qura bilir, biz Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla əlaqə qura bilmirik? Ona görə də biz öz məsələmizdə israrlıyıq".

Rüstəm Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən keçirdiyi onlayn mətbuat konfransında "Zəngəzur dəhlizi olmayacaq" bəyanatına da münasibət bildirib:

"Ermənistan Zəngəzur məsələsinə mənfi münasibət bəsləyir. Lakin onların tənqidi qəbul olunmazdır. Çünki əgər Zəngəzur dəhlizi açılmazsa, Laçın dəhlizi bağlanacaq. Beləliklə Ermənistanın Xankəndi ilə əlaqəsi üzüləcək. Əgər Ermənistan kommunikasiya xətlərinin açılmasını qəbul etmirsə, Azərbaycan Laçın dəhlizini bağlaya bilər. Biz həm kommunikasiya xətlərinin açılmasını, həm də dəhlizin işə düşməyini istəyirik. Belə olan təqdirdə Zəngəzur dəhlizinə status veriləcək".

Professor qeyd edib ki, Zəngəzur dəhlizində yeraltı keçid yaradılacaq və bu keçid Azərbaycanı Naxçıvana və Türkiyəyə aparan yoldur. "Bu kommunikasiya xəttinin açılması Azərbaycan üçün çox vacib məsələdir. Ermənilər bunu çox gözəl bildiyi üçün bu işə hər cür mane olmağa çalışır. Əgər razılaşma əldə olunarsa və sözügedən dəhliz işə düşərsə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək. Yenə də qeyd edirəm ki, əsas məqsəd kommunikasiya xətlərinin açılmasıdır. Əgər Ermənistan çox israr edərsə, biz də onlara heç bir yol verməyəcəyik. Nə Laçın dəhlizi, nə Zəngəzur dəhlizindən istifadə edə bilməyəcəklər”, - deyə Rüstəm Məmmədov bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top