“Brüsseldəki görüş sülh müqaviləsi ilə nəticələnməyəcək” — Ekspert

GÜNDƏM 22 noy 2021, 12:47
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. 

Görüşün yekun nəticəsi barədə Demokrat.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında körpü rolunu oynamağı çoxdan arzulayırdı. Ekspert hesab etmir ki, Avropadakı görüş sülh müqaviləsi ilə nəticələnəcək: 



“Burada əsas məsələ odur ki, Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur vəziyyətə qoyub. Amma Avropa, ABŞ və Rusiya arasında gediş-gəliş edən, manipulyasiya edən bir Paşinyan var. Onun sülhdən qaçmaq yox, ortada daha əlverişli şərtlərlə sülh müqaviləsi bağlamaq istəyi var. Təbii ki, bu məsələdə həm Rusiyanın, həm də Qərbin öz siyasi maraqları var. Məhz buna görə də bu proseslər noyabrın 10-da alınmadı. Hesab edirəm ki, onun alınmaması da Ermənistan tərəfindən qaynaqlana bilərdi. Çox güman ki, ən əlverişli şərtlər Azərbaycanın xeyrinə olub və qarşı tərəf bununla razılaşmayıb. Amma məcburiyyət var ortada və gec- tez müqaviləyə gedilməlidir. Bu görüşdə əsas məqamlardan biri bu dəfə mərkəzlərin tərəfinin seçilməsidir. Doğrudan da, Rusiyasız belə müqaviləni imzalamaq mümkün olacaqmı? Bu, ciddi nüansdır. Azərbaycan üçün prosedur haradasa başa düşüləndir, yəni müəyyən nüanslar, imkanlar var. Amma Ermənistan Rusiyasız Azərbaycanla hansısa müqaviləni imzalayacaqmı? Bu, Paşinyana nəyə başa gələ bilər? Ermənistan hansı fiasko ərəfəsindədir və Avropada müqaviləni hansı şərtlərdə imzalamalıdır? və s. kimi suallar var. Ona görə də düşünmürəm ki, Avropadakı görüş sülh müqaviləsi ilə nəticələnəcək”. 

Ə.Əlibəyli vurğulayıb ki, bu, beynəlxalq güc mərkəzlərinin bir-birinə qarşı münasibətləri dəqiqləşdirməyə yönəldilmiş sadəcə gedişdir: 

“Təbii ki, Ermənistanın sülhlə bağlı yanaşmasında da hansısa səmimiyyətdən söhbət gedə bilməz. Sülhə nail olmaq üçün Azərbaycanın Ermənistanı məcbur elədiyi şərtlər var. Razılaşmadığına görə də, sonuncu Qaragöl müharibəsində baş verənləri qeyd etmək lazımdır. Beynəlxalq təşkilatların isə bu məsələ ilə bağlı hansısa nüfuzu da var. Ən azından BMT, ATƏT kimi əlaqədar qurumların 30 il ərzində nüfuzu bu məsələ ətrafında onsuz da sıfırlanmışdı. Ümumiyyətlə, beynəlxalq təşkilatlar hazırda problem həll etmək gücünə malik deyil.  Son Ukrayna və Donbas problemində də biz bunu müşahidə edirik”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top