“Əlli illik yubileyini keçirəcəkdik, amma qismət olmadı...” — Məhəmməd Əsədovun xanımı

SOSİAL 20 noy 2021, 19:43
“Bu gün yenə Məhəmməd müəllimi ziyarət etdik. Bu dəfə həmişəkindən də çox onu yada salanlar var idi, il-ildən çoxalırlar. Xüsusi Təyinatlı qazilərimizdən də qəbir üstünə gəlib ziyarət etdilər, Quran oxudular, öz xoş xatirələrini danışdılar”.
 
Bunu Moderator.az-a açıqlamasında Qarakənd faciəsində həlak olan daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova deyib. Məleykə xanım illər ötdükcə bu faciənin onlara daha çox pis təsir etdiyini bildirib: 
 
“İllər ötsə də, Məhəmməd müəllimin yeri daha çox görünür. Allah heç kimə göstərməsin, amma bu da qürurvericidir, başucalığı gətirən bir şəhidlik zirvəsidir. Azərbaycanın ilk şəhidləri onlar olublar. Gələn ay, dekabrın 5-də Məhəmməd müəllimin səksən illik yubileyidir. Amma heç əlli yaşı tamam olmamış dünyasını dəyişdi. Hansı ki, biz ona əlli illik yubiley keçirmək istəyirdik. Təəssüf ki, o da qismət olmadı. Nəvələrimdən biri Məhəmməd Əsədovun, o biri isə mənim adımı daşıyır”.
 
M.Əsədova Qarakənd faciəsində şəhid olan ziyalılarımızın adının əbədiləşdirilməsini istədiyini deyib:
 
“Şükür Allaha ki, torpaqlarımız işğaldan azad edildi. İndi o qalan torpaqlarımızdan da mənfur düşmənləri çıxaracağıq. Buna da müəyyən zaman lazımdır. İstəyərdim ki, Qarakənd faciəsində şəhid olanların abidəsi qoyulsun, adları əbədiləşdirilsin, yaşadıqları evə barelyefləri vurulsun. İllər öncə Milli Məclisdə mənə təklif etdilər ki, Məhəmməd Əsədova Milli Qəhrəman adı verək. Mən də dedim ki, əgər həlak olanların hamısına bu adı verirsinizsə, ona da verin. Tək ona Milli Qəhrəman adı verilməsini istəmirəm”.
 
M.Əsədova ölkəmizə əmin-amanlıq arzulayıb və bir daha belə hadisələrin olmamasını istəyib:
 
“Hadisənin bu gündə xatırlanması jurnalistlərə və kimlərəsə aiddir. Amma bu hadisə hər gün bizimlədir, hər dəqiqə onları xatırlayırıq. Arzu edirəm ki, ölkəmizin, başımızın üstündən bu bəla tezliklə yox olsun, qalan torpaqlarımız da özümüzə qismət olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Qazilərimizə Allah şəfa versin. Millətimiz həmişə əmin-amanlıq içində yaşasın. Sizlərə də çox təşəkkür edirəm ki, belə gündə şəhidlərimizi anırsınız”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top