“Onlar rüşvət müqabilində əlillik dərəcələri alıblar” — Komitə sədri ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 20 noy 2021, 18:04
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyevin "Demokrat.az" saytına müsahibəsi:

- Musa müəllim, ölkəmizdə son illər genişmiqyaslı sosial islahatlar əlilliyin qiymətləndirilməsini də əhatə edir. Lakin bu istiqamətdə xeyli narazılıqlar var. Bu narazılıqların əsas səbəbləri nədir?

- Artıq bir ilə yaxındır ki, bu proses davam edir. Burada söhbət əlilliyə görə pensiyanın ləğv olunmasından da getmir, əlilliyin yenidən ekspertizası zamanı əvvəllər yol verilmiş nöqsanların aradan qaldırılmasından gedir. Amma 2016-cı ildən başlayaraq, təkrar əlilliyin ekspertiziyası 5 ildən bir keçirilirməsinə qərar verildi. Beş il müddəti də gəldi 2021-ci ilə çatdı. Tutaq ki, 2021-ci ilə qədər 5 ilin hər birində misal üçün, 30-40 min adam təkrar gəlib əlillikdən keçməliydi, indi bunlar hamısı bir yerə yığışaraq, təqribən 190 min adamın bir il ərzində gəlib bu ekspertizadan keçməsi zərurəti, məcburiyyəti ortaya çıxıb. Ancaq ekspertiziya zamanı məlum oldu ki, bu şəxslərin bir çoxuna zamanında ya saxta sənədlər verilib, ya da düzgün ekspertiza aparılmayıb. Daha açıq desək, rüşvət müqabilində əlillik dərəcələri alıblar ki, bu da onların sağlamlıq durumuna uyğun müəyyənləşməyib. Buna görə də, bu şəxslər təkrar ekspertizadan keçməkdən ötrü qaydaya uyğun olaraq, stasionar müayinə və müalicə olunmalıdırlar. Bundan sonra isə gəlib ekspertizadan keçməlidirlər.

- Bəs, bu prosesin uzun çəkməsi nə ilə bağlıdır?  İnsanları bu məsələdə narazı edən məqamlar nələrdir?

- Bilirsiniz ki, artıq bir ildən çoxdur ki, bütün dünyada koronavirus pandemiyasıdır. Çox təəssüf ki, pandemiya da ölkəmizə bir çox sahələrə mənfi təsir göstərdi. Məhz koronavirus pandemiyası səbəbindən bir çox dövlət xəstəxanalarımız həmin xəstələrin müalicəsinə cəlb edildi, yəni orada ancaq koronavirus xəstələri müalicə olunduğuna görə digər xəstələr ora qəbul olunmadı. Üstəgəl, 200 minə qədər insanın bir il ərzində stasionara təzədən məcburi şəkildə müraciət etməsi bu sahədə böyük bir gərginlik yaratdı. Vətəndaşlarımızın bir qisminin narahatlığı bununla bağlıdır. Digər qisminin də narahatlığı, narazılığı Tibbi Sosial Ekspertiza Komissiyaları ilə TƏBİB arasında hələlik elektron bazada uyğunlaşmaların olmaması ilə bağlıdır. Tutaq ki, TƏBİB-dən elektron qaydada sənədlər göndərilir Tibbi Sosial Ekspertiza Komisiyyalarına, ancaq oradan da elektron qaydada bir günün içində imtina cavabı gəlir. Qeyd olunur ki, ya sənəd tam doldurulmayıb, ya diaqnoz tam yazılmayıb, yaxud da lazımi müddətdə stasionar müayinə alınmayıb və s. Bu qrup şikayətlər, narazılıqlar olur. Bəzilərində isə imtina ilə əlaqədardır, yəni həkim xəstəni görmədən, müayinə etmədən imtina verir. Amma xəstələrdə iddia qaldırırlar ki, onların doğurdan da əlillik verə biləcək xəstəlikləri var, onlar müayinə olunmayıblar”.

- Bu cür narazılıqların aradan qaldırılması üçün hansı tədbirlər icra olunur?

- Qeyd edim ki, bunların hamısını aradan qaldırmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonlarda 5 əyani komissiya yaradıb, Bakıda isə bir. Bu cür şikayətləri olanların hamısı əyani qaydada gəlib müayinədən keçirlər. Hesab edirəm ki, bu proses bu ilin sonuna yekunlaşar və gələn ildən bu qəbildən olan narazılıqlar olmayacaq. Bizə bu barədə müraciətlər çox olur və biz də o müraciətləri nəzarət qaydasında göndəririk nazirliyə və xahiş edirik ki, o insanların hamısı əyani qaydada çağırılsınlar, müayinə olunsunlar və onlar haqqında qərarlar düzgün verilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildirdiyinə görə, təxminən 70-80 min adamın bu müddət ərzində əlillik dərəcələrini müəyyən olunmayıb, yəni onlar indiyədək əlil sayılırdılar, amma bu müayinələrdən sonra onlara əlillik dərəcələri ləğv olunub. Təbii ki, bunların içərisində də 3-5 faiz həqiqi narazı insanlar olsa, bu artıq bir neçə min adam edəcək. Tapşırmışıq ki, gələn il bu narazı olan adamların hamısı müraciəti əsasında təzədən ekspertizadan keçirilsinlər və heç kimin haqqı kəsilməsin. Burada əsas məsələ sosial ədalət prinsipinin bərpa edilməsi, təmin olunmasıdır. Ümumiyyətlə, müəyyən müddətdə bu nöqsanlara bilərəkdən yol verənlər, özlərinin məkrli məqsədlərinə görə rüşvət alan insanların təbii ki, cəzalandırılması lazımdır. Çünki bu həm elə şəxslərə, həm də ki, cəmiyyətə bir xəbərdarlıq olar ki, belə bir saxta işlərlə məşğul olmasınlar”.

- Son günlər qazilərimizin iş tapa bilməməkləri ilə bağlı ciddi narazılıqları var. Bu barədə açıqlamalarınız maraqlıdır

- Bəli, belə hallarla biz də qarşılaşırıq, bizə də şikayətlər olunur. Hər zaman çalışrıq ki, bu məsələləri yoluna qoyaq. Amma əmək qabiliyyətli həmin şəxslərin işə qəbul olunmamasını düzgün qiymətləndirmirəm. Çünki həmin şəxslərin hərbi biletində yalnız hərbi xidmətə yararsız olduğu yazıla bilər, amma onların işə qəbul olunmamamsı, yaxud da iş tapmaması düzgün addım deyil. Onu da qeyd edim ki, əmək qabiliyyəti olan şəxslərə Tibbi-Sosial Ekspert Komissiyasının rəyi əsasında müəyyənləşə bilər ki, hansı iş onun üçün göstərişdir, işləyə bilər və ya hansı işlər əks göstərişdir. 

- Bu yaxınlarda ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi ilə bağlı təkliflə çıxış etmişdiniz. Lakin bu cəmiyyətdə geniş müzakirəyə səbəb oldu. Bu təklifi etməkdə əsas məqsədiniz nə idi? Cəmiyyətdə niyə bunu mənfi qarşıladı?

-  Cəmiyyət  problemi başa düşmədi. Biz normal Azərbaycan ailələri haqqında bu fikri demirik, deyə də bilmərik. Hər bir ailənin özünün idarə edilmə qaydaları var. Biz bunun məişət zorakılğına məruz qalan qadınlar haqqında söyləmişdik ki, məişət zorakılığının bir növü də iqtisadi zəmində məişət zorakılığıdır, yəni qadını işləməyə, təhsil almağa qoymurlar. Belə qadınlar yalnız ev işləri ilə məşğul olurlar. Onun fərdi tələbatlarını ödəmək üçün heç bir yerdən artıq vəsait, qazanc əldə etmək imkanı yoxdur. Həyat yoldaşı da ona o pulu vermirsə və həmin qadın müəyyən fərdi ehtiyaclarını ödəyə bilmirsə, təbii ki, bu insan tam iqtisadi zorakılığa məruz qalmış insandır. Bütün dünyada bu problem var, bu məsələ də əslində bir təklif deyildi. Təklif onda olardı ki, bu problemi həll edən qanunvericilik olmasın. Biz də "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qanun qəbul olunub və orada da məişət zorakılığının bir növü kimi iqtisadi zəmində zorakılıq da var, yaxud da ki, bilərəkdən məhdudiyyət yaratmaq müddəası var. 

- Bir müddət öncə, şəhid analarına ordenin təsis edilməsiylə bağlı da təklif vermişdiniz.

- Bəli, bu barədə Milli Məclisin deputatı olaraq, təklifim olmuşdur. Düzdür, biz şəhid anasına orden verilməsi ilə bağlı təklif edirik, dövlətin, hökumətin diqqətinə çatdırırıq. Bu məsələlər hamısı hökumətin görəcəyi işlərdir. Bildiyimə görə, Nazirlər Kabinetində şəhid adının əbədiləşdirilməsi, onlara verilən statusların artırılması və s. istiqamətdə işlər gedir. İnşallah yaxın vaxtlarda açıqlanar. Amma, hələlik mənim konkret bu məsələ ilə bağlı dəqiq məlumatım yoxdur.

Söhbətləşdi: Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top