Əlilliyin şəffaf təyinatı və qazilərlə bağlı uydurmalar…

GÜNDƏM 20 noy 2021, 10:27
lkədə aparılan sosial-iqtisadi islahatlar əlilliyin qiymətləndirilməsi sahəsində də daha aydın və şəffaf mənzərə yaradıb. Belə ki, əlilliyi olan şxəslərlə bağlı möhkəm müdafiə sisteminin qurulması və bu kateqoriyadan olan şəxslərin sosial təminatı vacib amil kimi önə çəkilib.

Xüsusilə də, İkinci Qarabağ Müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırıqları əsasında bu məsələ öz həssaslığını daha da artırıb və əlilliyi olan şəxslərlə bağlı təxirəsalınmaz və şəffaf addımlar həyata keçirilir. Məqsəd odur ki, həqiqətən əlilliyi olan şəxslər bu statusdan yararlana bilsinlər. Əlillik statusuna haqqı çatmayan şəxslərin bu və digər digər qanunsuz yollarla imtiyazlar əldə etməyə cəhd etməsinin qarşısının alınması bu sahədəki şəffaflığı artıran əsas göstəricilərdəndir.

Çox təəssüf ki, son günlər sosial şəbəkələrdə Qarabağ qaziləri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Məsələn, guya Qarabağ qazisi Cahangir Əliyevə II qrup əlillik təyin olunub və o, 200 manat pensiya alır. Halbuki, müharibədə aldığı zədədən bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulan qazinin ayaqlarında da ciddi problemlər var və çəliksiz gəzə bilmir. Ancaq həqiqətənmi C.Əliyev 200 manat pensiya alır və ona II qrup əlillim təyin olunub? Təbii ki yox!



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirərək C. Əliyevə müddətsiz I qrup əlillik təyin edildiyini açıqladı. O da bildirildi ki, qazimizə tək 200 manat deyil, 400 manat, ona qulluq edən anasına isə 50 manat məbləğində təqaüd təyin olunub. Yəni, qazimizə ümumilikdə 650 manat məbləğində sosial ödəniş həyata keçirilir.

Eyni zamanda, Cahangirin atası Gülbala Əliyev işləyir və pensiya da alır. Qazinin anası oğluna qulluq etdiyinə görə işləmir, lakin dərzi olduğunu nəzərə alınaraq "kiçik dərzi sexi” zərfi üzrə aktivlərlə təmin olunub. Bacısı isə hazırda orta məktəblərin birində müəllim işləyir. Beləliklə, ailənin aylıq ümumi gəliri 1800 manata yaxındır. Bundan başqa, Cahangirin anasına mənzil növbəsinə durması üçün yerli İcra Hakimiyyətinə müraciət etməsi də tövsiyə olunub və tezliklə mənzillə də təmin olunacaq.

Bəs belə olan halda Qarabağ qazisinin üzərindən şişirdilmiş və təxribat xarakterli dezinformasiyalar yaymaq kimə, yaxud kimlərə lazımdır? Bu, birbaşa dövləti, onun qollarını hədəfə almaq deməkdir.



Məlumat üçün bir məqamı da qeyd edim ki, əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.

Sosial şəbəkələrdə saxta informasiyalar yayılır ki, əlilliyi olan şəxslərin xəstəlikləri nəzər alınmadan onların pensiyaları kəsilir. Maraqlıdır ki, bu cür saxta xəbərlər paylaşanların istinad yerləri də çoxdur. Ancaq bu iddiaların yersiz olduğunu isbatlamaq üçün bircə fakta diqqət yetirmək bəs edir. Belə ki, 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur.

Diqqət ediriksə, son zamanlar Qarabağ qaziləri ilə bağlı saxta xəbərlərin ard-arası kəsilmir. Sanki bütün bu təxribatlar vahid mərkəzdən idarə olunur və özlərinin çirkin oyunlarına Vətən Müharibəsi qazilərini alət etməyə çalışırlar. Hər kəs bilir ki, Qarabağ qaziləri ilə bağlı məsələ olduqca həssasdır, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğı göstərdiyi qazilərlə bağlı hər hansı bir məmurun özbaşına, yarıtmaz addım atacağı da inandırıcı görünmür. Çünki ölkədə elə bir sistem qurulub ki, istənilən Qarabağ qazisinin probleminin ölkə rəhbərliyinə yetişməsi an məsələsidir. Bunu nazirlər də başa düşür, icra başçıları da, digər məmur heyəti də… Rəqəmlərə diqqət edək: ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Prezident İ.Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.



Ən həssas məsələlərdən biri şəhid ailələrinin problemlərinin həllidir. Bildiyimiz kimi, şəhid ailələri mənzillərlə təmin edilir. Məsələ ondadır ki, müharibə əlillərinin də mənzillə təmin edilməsi prosesi parallel şəkildə aparılır.

Bəzən sosial şəbəkələrdə əlilliyi olan şəxslərin protezlərlə təmin olunmadığı iddia edilir və “problem” süni şəkildə qabardılaraq əsl şou alətinə çevrilir. Yenidən növbəti rəqəmlərə diqqət edək: 2021-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7615 nəfər əlilliyi olan şəxs 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqla təmin edilib.

Heç şübhəsiz, bütün bu göstərilən müsbət amillər haqqında daha geniş və detallı yazmaq olar. Qarabağ qaziləri və şəhid ailələri ilə bağlı dövlətin həyata keçirdiyi tədbirləri danmaq mümkün deyil.

Ancaq görünən budur ki, Qarabağ qaziləri ilə bağlı saxta məlumatlar uyduranlar vahid mərkəzdən idarə olunurlar. Onlar bilirlər ki, hazırda ölkədə ən həssas təbəqə məhz şəhid ailələri və qazilərdir. Odur ki, onlar üzərindən oyunlar quraraq dövlətin üzərinə hücuma keçmək daha “əlverişli” görünür.

Hər halda dövlət qurumları qazilərlə bağlı görülən tədbirləri daha da genişləndirməli, fasiləsiz həyata keçirməlidir. Çünki cəbhədə düşmənlərə qalib gəlsək də, daxili düşmənlərimizlə hələ də burada üz-üzə yaşamağa məcburuq. Heç olmasa, onlara fürsət verməyək!

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top