Şagirdlərə narkotik satan şəxsi tapan müəllimdən AÇIQLAMA

SOSİAL 19 noy 2021, 21:01

Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə aludə etdirən şəxsin yaxalandığını xəbər vermişdik. Məktəbliləri narkotikə qurşadan şəxsi ifşa edənin Xəzər rayonu 322 saylı məktəbin informatika müəllimi Tural Sofuyev olduğunu bildirmişdik. 

Tural Sofuyev faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə bu barədə məlumat verib və narkoticarətçi polis əməkdaşları tərəfindən saxlanılıb. 

Tural Sofuyev Bizim.Media-ya özü müraciət edərək olayla bağlı təfərrüatları danışıb.

O, şagirdləri narkotikə, içkiyə və siqaretə aludə edənin noyabrın 15-də yaxalandığını bildirib:

“322 nömrəli məktəbin bir neçə 11 –ci sinif şagirdlərinin üzərindən siqaret və içki qoxusu gəlməklə bağlı şübhələndik. Direktor araşdırmanın aparılması üçün göstəriş verdi. Dərhal Xəzər rayonunun 2-ci Polis Bölməsinə müraciət etdik. Şagirdlərdən yalnız bir nəfəri etiraf etdi ki, onları bu yola vadar edən şəxs var. Adını açıqlayandan sonra həmin şəxs məktəbə dəvət edilib və Polis Bölməsi tərəfindən operativ əməliyyat zamanı yaxalanıb”.

Tural Sofuyev məsələ ilə bağlı Təhsil Nazirliyinə də məlumat verildiyini qeyd edib:

“Digər şagirdləri də danışdırırıq. Nəsə ortaya çıxarsa, anında polis bölməsinə məlumat verəcəyik. Mənim, şagirdin və məktəb psixoloqunun izahatları alınıb”.

Tural Sofuyevin sözlərinə görə şagirdləri zəhərləyən 29 yaşlı Maştağa sakinidir:

“Hal 50 dəfə də təkrarlansa, məsələni araşdıracağam. Bu, təkcə hər hansı bir şagirdin dərsdən qaçması, yayınması məsələsi deyil, bizə əmanət olunan məktəblilərin birbaşa pis vərdişə çəkilməsidir. Məlumatı açıqlamaq  reklam xarakteri daşımır, məqsəd bu işdə qurumlarımızın daha ciddi iş görmələridir”. 

Məlumat üçün bildirək ki, hazırda pedaqoq işləyən Tural Sofuyev pedaqoq işləməzdən əvvəl Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı və polis leytenantı kimi fəaliyyət göstərib. 

Qeyd edək ki, Daxili işlər Nazirliyi məsələ ilə bağlı həələki rəsmi məlumat açıqlamayıb. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top