“Qarakəndə də bayrağımız sancılacaq və 20 noyabrda həlak olanlara abidə ucaldılacaq...”

SİYASƏT 19 noy 2021, 19:54
“Bundan sonra həm xaricdən, həm də daxildən Azərbaycana düşmən bütün güclər var qüvvələriylə, qarğa-quzğun kimi üzərimə gəldi...”
 
“...Əlbəttə, çox ağır faciə idi... Açığı, bu haqda danışmaq mənim üçün həm mənəvi, həm fiziki baxımdan çox çətindir... Onsuz da bir qərinədir ki, xalqımızın başı üstündən qara buludlar əskik olmur. Bu günlərdə yenə də qəsbkar Ermənistanın növbəti təxribatı nəticəsində 7 oğlumuz şəhid oldu. Həmin şəhidlərimizin də doğmalarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm... Amma üzərindən düz 30 il ötsə də, 20 Yanvar, Xocalı kimi hələ də Azərbaycanı, bu dövləti, bu xalqı, Qarabağı sevən hər bir kəsi üzür, ağrıdır, qisasa çağırır 20 Noyabr faciəsi... Həm də ona görə ki, hələ də bir çox müəmmalı məqamlara aydınlıq gətirilməyib. O terroru törədənlər, onun təşkilatçıları cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmayıb”.
 
Bu fikirləri  1991-ci il noyabrın 20-də Qarakənd səmasında terror hücumu nəticəsində  görkəmli dövlət xadimləri və ziyalılarımızın həlak olduğu faciənin 30-cu ildönümüylə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov söyləyib. 
 
“20 noyabr faciəsinin detallarından çox danışılıb.... Sadəcə, onu deməliyəm ki, o dövlət xadimlərinin, o tanınmış şəxsiyyətlərin, o ziyalıların həlak olması onların doğmalarına, xalqımıza, dövlətimizə, həm də müstəqillik qazanmasının bir ayı yenicə tamam olmuş körpə bir dövlətin ilk başçısı, prezidenti  olaraq  mənə çox ağır zərbə oldu. Sanki sağ qolumu kəsdilər  bununla... Təsəvvür edin ki, Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev və digərləri sağ qalsaydı, biz onlarla müstəqil dövlətimizin qurulması, Qarabağın işğaldan qorunması üçün hansı işləri görərdik? Çox güman ki, onlar qalsaydı, sonrakı faciələrin bir çoxu xalqımızın başına gəlməzdi...
 
20 noyabr faciəsindən sonra həm xaricdən, həm də daxildən Azərbaycana düşmən bütün güclər var qüvvələriylə, qarğa-quzğun kimi üzərimə gəldi. Müqavimət gücümüz sarsıldı... Və bundan sonra xalqımız, təəssüf ki, daha ağır və çətin faciələr, işğallar yaşadı” –deyən eks-prezident, nəhayət, 30 ilə yaxın dövrdən sonra  müstəqil dövlətimizin rəhbərliyi ilə qəhrəman oğullarımızın canı, qanı hesabına işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad olunmasının 20 Noyabr ağrısını da xeyli  yüngülləşdirməsindən danışıb.
 
“Əlbəttə,  3 onillikdən sonra  müstəqil dövlətimizin rəhbərliyi ilə igid şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad olunması faktı 20 Noyabr yaramızın ağrısını da xeyli xəfiflətdi. Böyük uğurlar əldə etdik; Şuşanı, Kəlbəcəri, Qubadlını, Cəbrayılı və s. azad etdik. İnşallah, ümid edək ki, yaxın zamanlarda keçmiş Dağlıq Qarabağın qalan məntəqələri kimi,  müstəqilliyimizin bərpasından sonra dövlətimizin ilk qurucularından olan oğullarımızın həlak olduğu Qarakəndə də üçrəngli bayrağımız sancılacaq və oradakı yüksəkliklərdən birində həmin  şəhid dövlət xadimlərimiz və ziyalılarımıza möhtəşəm bir abidə ucaldılacaq. Hesab edirəm ki, müstəqil Azərbaycan dövlətinin qarşısında duran vəzifələrdən biri də budur”- deyə sabiq dövlət başçısı vurğulayıb.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top