“Türkiyənin təcili olaraq bütün növ silahlı qüvvələri Azərbaycana gəlməli və bütün sərhədboyu yerləşdirilməlidir”

GÜNDƏM 17 noy 2021, 19:54

“Bir neçə gündür ki, faşist Ermənistan öz tarixi ənənələrinə söykənərək vəhşiliklərini ortaya qoymaqdadırlar. Bir neçə gün öncə sərhədlərimizə düzəliş etmək və Azərbaycan torpaqlarına yiyələnmək üçün Laçın istiqamətindən irəliləməyə çalışan erməni ordusunun tör-töküntü əsgərləri Azərbaycan postunu ələ keçirməyə çalışıb və Azərbaycan dövlətinin qəti mövqeyi ilə onlara bu istəklərini yerinə yetirməyə imkan verilməyib. Bizim ordumuzun ermənilərə etdiyi güzəşt və onların sakit şəkildə postdan uzaqlaşdırılması görünür ki, Ermənistanı ruhlandırıb. Ona görə də ondan bir gün sonra Kəlbəcər və Laçın istiqamətində Azərbaycanın sərhəddə yerləşən hərbi qüvvələrinə müxtəlif çaplı silahlardan atəş açıb və irəliləməyə çalışıblar. Niyyətləri Azərbaycanın ərazisinə daxil olmaqla, onun strateji əhəmiyyət kəsb edən hərbi postlarını ələ keçirmək olub. Əslində isə bu daha ciddi məqsədlərə xidmət edir”.

Bunu millət vəkili Fəzail Ağamalı son erməni təxribatı haqda danışarkən deyib. F.Ağamalının sözlərinə görə, Ermənistanın bu addımı 10 noyabr bəyannaməsinə ziddir:   

“Qəhrəman silahlı qüvvələrimiz ermənilərin bu hücumuna qətiyyətlə cavab verib və döyüşlər nəticəsində təəssüflər olsun ki, şəhidlər verdik, yaralılarımız oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hələ də davam edən müharibədə torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçən igid əsgərlərimizə Allah rəhmət eləsin. Beləliklə, ordumuz qətiyyətli mövqeyini bir daha ortaya qoyub, hətta ermənilərin yerləşdiyi hərbi postlar da bizim əsgərlərin nəzarəti altına keçib. Kəlbəcərdə və Laçında gedən döyüşlər əslində terrordur. Bu 10 noyabr 2020-ci il bəyanatının bütün mahiyyəti və məqsədinə tamamilə ziddir. Ermənistan təslim olmaq istəmir, Azərbaycanla münasibətlərini normallaşdırmaq fikrində deyil. Ermənistan bunun üçün də ciddi əhəmiyyət kəsb edən regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Bütün mənalarda bu özünü ifadə etməkdədir. Ola bilsin ki, Paşinyan bu niyyəti ortalığa qoyur, lakin o, erməni olduğu üçün bir neçə istiqamətli oyunun içərisindədir. Dünya erməniliyi heç bir halda Azərbaycanın bu qələbəsini qəbul və həzm etmək istəmir və həzm edə də bilmir. Eyni zamanda da, dünya erməniliyinin təsiri altında olan erməni lobbisi ən müxtəlif  vasitələrlə müharibənin yenidən qızışmasında maraqlı görünür”.

Fəzail Ağamalı Dağlıq Qarabağ məsələsində Fransa, ABŞ və Rusiyanın öz maraqlarının olduğunu bildirib: 

“ATƏT-in Minsk Qrupunun həmsədirləri, xüsusi olaraq Fransa və Amerika Birləşmiş Ştatları yenidən prosesin içərisinə qayıtmaq istəyir. Rusiyanın isə bölgədə xüsusi maraqları olduğuna görə onun fərqli oyunlarının şahidi oluruq. Əslində bir neçə gün bundan öncə Şuşa yaxınlığında erməni terrorçu tərəfindən postumuza atılan qumbara təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, sülhməramlı qüvvələrə, Putinə və onun imzalamış olduğu bəyanata atılmış olan qumbara idi. Rusiya həmin terrorçunu Azərbaycana vermək əvəzinə, onu qondarma qurumun ixtiyarına verir və az qala onun legitimliyini tanıyır. Dünən Rusiyadan verilən açıqlamaya görə, “Dağlıq Qarabağ problemi ümumi olaraq tərəflərin maraqları çərçivəsində həll olunmalıdır” kimi fikri artıq çox niyyətlərdən xəbər verir və görünən odur ki, Rusiya öz istədiyini açıq şəkildə ortaya qoyur və ermənilərin tör-töküntülərinə hansısa bir statusun verilməsində maraqlı görünür. Vəziyyət hər halda kifayət qədər mürəkkəbdir”. 

Fəzail Ağamalı ermənilərin təxribatlarının qarşısını almaq üçün qardaş Türkiyə hərbçilərinin də prosesə cəlb edilməsini təklif edib: 

“Azərbaycanın Silahlı Qüvvələri yüksək peşəkarlıqla istənilən terror hərəkətlərinin qarşısını almağa qadirdir. Müharibədən keçən zaman kəsiyində biz daha da güclənmişik. Bütün dünya ermənilərin yanında yer alan və almayan bütün dövlətlər Azərbaycanın 44 günlük müharibədə gücünü, qüdrətini, Ali Baş Komandanın yüksək sərkərdəlik bacarığını, vahid diplomat olduğunu bir daha yəqin etdi. Türkiyə də bu gün Azərbaycanın yanındadır. 15 iyun Şuşa bəyannaməsi Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlişi üçün geniş imkanlar açır. Mənə belə gəlir ki, bu mürəkkəb vəziyyətdən ölkə prezidenti, Ali Baş Komandan bir daha çıxacaqdır. Ermənilərin bu hərəkətlərini qarşılamaq üçün ciddi tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin içərisində məncə, Türkiyənin təcili olaraq bütün növ silahlı qüvvələri Azərbaycana gəlməli və bütün sərhəd boyu yerləşdirilməlidir. Yəni Azərbaycanın əlbəttə, özünün kifayət qədər imkanları var, ancaq bununla bərabər hadisələrin içərisində təkcə Ermənistan görünmür. Artıq bütün istiqamətlərdə sərhəd boyu Ermənistan tərəfindən atəşkəs səsləri eşdilir. Həm Tovuzda, Ağstafada, Gədəbəydə, Laçında və həm də Kəlbəcərdə baş verən hadisələr hər kəsə bəllidir. Ona görə də mənə belə gəlir ki, biz bütün sərhəd boyu Ermənistanda revanşistləri dəstəkləyən qüvvələrin qarşısını almaq üçün 44 günlük Vətən müharibəsində olduğu kimi, Türkiyənin imkanlarından yararlanmalıyıq. Ağstafadan başlamış Kəlbəcərə qədər Ermənistanla bütün sərhəd boyu qoşunlarımızın içərisində qəhrəman Məhmətciklərimiz də olmalıdır. Məncə, bu gedən proseslərə bizim maraqlarımız baxımından kifayət qədər müsbət təsir göstərər. Beləliklə, Ermənistan bu cür avantüraya, təxribatlara və terrora yol verməz və onun arxasında olan qüvvələr də bu amildən özü üçün ciddi nəticə çıxara bilərlər”. 

Fəzail Ağamalı ordumuzun bu cür təxribatlara qarşı çox ağır cavab verməsini təklif edib:

“Azərbaycan bu gün bir dövlət olaraq güclüdür, ordumuz, igid, qəhrəman silahlı qüvvələrimiz güclüdür. Azərbaycan cəmiyyəti birmənalı olaraq Ali Baş Komandanımızla, ordumuzla bərabərdir. Millətimizdə böyük həmrəylik əhval-ruhiyyəsi var. Ermənilərə və onların vandallığına qarşı kəskin münasibətdə zərrə qədər dəyişiklik yoxdur. Bundan sonra ermənilərin təxribatları baş verərsə, birbaşa Azərbaycan Ordusu heç nəyə baxmadan hardan ki, bizə hücum ediblərsə, o istiqamətdə içərilərə doğru getməli və ermənilərə ağır və ciddi zərbələr vurmalıdır. Bununla da Azərbaycan öz gücünü, imkanlarını, potensialını bir daha nümayiş etdirməlidir”. /Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top