Sərhəddəki təxribatlar, İrəvan üçün əcəl zəngi — "3+3" Platforması işə düşür...

SİYASİ 17 noy 2021, 15:49
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazın əsas forpostuna çevrilməsi gözlənilən idi və bu müharibə Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişdi. Müharibənin ardınca regiondakı dövlətlərin mühüm maraqlar çərçivəsində birləşməsi istiqamətində verilən təkliflər (məsələn, “Altılıq - 3+3 Platforması”) onu deməyə əsas verir ki, İkinci Qarabağ Müharibəsinin başlanması həm də qlobal qərar idi. 

Çünki Cənubi Qafqazın, regional dövlətlərin birləşməsi, yeni inkişaf mərhələsi yalnız Azərbaycan vasitəsilə mümkün ola və ciddi iqtisadi-ticarət əlaqələrinin yaradılması, Mərkəzi Asiyaya açılan yol Azərbaycan vasitəsilə qurula bilərdi. Əslində “3+3” Platforması Qərblə Şərqi bir-birindən təcrid etmir. Bu, həm də Qərb ölkələri üçün zəngin təbii resurslara malik olan Mərkəzi Asiyaya yol açmaq imkanı da yarada bilər, ancaq yaradılacaq yeni birlik formatının müəyyənləşdirdiyi şərtlər daxilində...

Deməli, “3+3 Platforması” iqtsiadi-siyasi modeli iqtisadi əksər ölkələrə müsbət dinamika vəd etsə də, siyasi üstünlük təşəbbüsləri fikirlərin haçalanmasına gətirib çıxar bilər, necə ki müxtəlif ölkələrin bu istiqamətdə ziddiyyətli fikirləri var.



Söhbət hansı platformadan, birlik fomatından gedir?

2020-ci ilin dekabr ayında Türkiyə Prezidenti R.T.Ərdoğan Cənubi Qafqaz üçün Rusiya, Türkiyə, Azərbaycan, üstəgəl İran, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutan 6 ölkənin regional əməkdaşlıq platforması təklif etdi. İlk olaraq Azərbaycan bu təklifə öz dəstəyini ifadə etmiş oldu. Rusiyanın da bu məsələdə Türkiyəyə dəstək verməsi prosesin baş tutmaması ehtimalını sıfıra endirir. Rusiya XİN-in sözçüsü M.Zaxarova “Altılıq platforması”ının Bakı və İrəvan arasındakı etimadı artıracağını, Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilə biləcəyini də bildirmişdi.

Azərbaycan, Türkiyə və Rusiyanın mövqeyi bəllidir...



Bəs Ermənistan bu barədə nə düşünür?

Ermənistanın “3+3 Platforması”na qoşulmaması rəsmi İrəvanı intihara daha da yaxınlaşdıracaq. Düzdür, hazırda Ermənistanda baş verən proseslər və iqtisadi-siyasi böhran İrəvanın doğru qərarvermə imkanlarını minimuma çatdırıb. 10 noyabr üçtərəfli razılaşmasından sonra Ermənistan cəmiyyəti, siyasi elitası və ordusu depressiyadan, məğlubiyyət eyforiyasından ayıla bilmir. Əslində belə bir situasiya Azərbaycan üçün əlverişlidir, ancaq ilk olaraq eyforiyadan ayılmaq üçün Ermənistanın vaxt udma imkanlarını məhdudlaşdırmaq lazımdır. Hələ 2021-ci ilin fevralında erməni siyasi elitasının əsas sözçülərindən olan Armine Manukyan “Altılıq Platforması”na münasibət bildirərkən deyirdi ki, “indiki Ermənistan hakimiyyətinin siyasi böhranda bu cür addımlar atması ehtimalı azdır”. O zaman sual olunur: bu müddət ərzində Ermənistanda dəyişən nəsə varmı? Yoxdur!

Ermənistan başa düşür ki, gec-tez regionda baş verən və qarşısıalınmaz proseslərlə barışmalı olacaq, Zəngəzurun dəhlizinin açılması da bu birliyin əsas hədəflərindən biridir. Həmçinin, rəsmi İrəvanın yeni iqtisadi birlikdə təmsil olunması onu Azərbaycanın şərtləri ilə üz-üzə qoyacaq: Birincisi, sülhə imza atmalıdır, Azərbaycanın ərazi bütövlyünü tanımalıdır, sərhədlərin delimitasiya və demarkasiya prosesi yekunlaşmalıdır. İkincisi, balanslaşdırılmış siyasət kursu müəyyənləşdirə bilmədiyinə görə seçim etməlidir: ya birmənalı şəkildə Qərb xəttini seçməlidir, ya da Rusiyanın vassalığını qəbul etməlidir. Qərb xəttini seçmək imkanları çox aşağıdır, İrəvan bunun ağır nəticələrini bilməmiş deyil. Rusiya ilə daha daha sıx yaxınlığın isə daha fərqli şərtləri var. Baxmayaraq ki, Ermənistan Rusiyanın müttəfiqidir.

Dünən - noyabrın 16-da sərhəddə baş verən təxribatların ardınca gecə saatlarında İrəvanda əhalinin küçələrə tökülməsi, mitinqlər keçirməsi təsadüfi hadisələr deyil. Böyük proseslər içərisində çabalamaq Ermənistana heç nə qazandırmır, qərar vermək zamanıdır. Paşinyan regional birlik modelindən yayınmaqla prosesləri ləngidə də bilmir, sadəcə təmsil etdiyi komandanı və Ermənistan dövlətini dalan dirəyir.



Gürcüstan “Altılıq Platforması” ilə bağlı niyə tərəddüd edir?

Hazırda ABŞ-ın Cənubi Qafqazda əsas “dayaq” nöqtəsi Gürcüstandır. Rəsmi Tiflis hesab edir ki, hər hansı bir format daxilində Rusiya ilə əməkdaşlıq Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirəndən sonra mümkün ola bilər. Gürcüstanın işğal edilmiş ərazilərinin geri qaytarılması əsas şərtlərdən biri kimi irəli sürülsə də, Rusiyanın buna gedəcəyi inandırıcı deyil. Yəqin ki Moskva bu şərtə sadəcə gülüb keçib.

Əslində isə nə baş verir? Gürcüstan “3+3" Platformasında əməkdaşlığa niyə razı deyil? Böyük ehtimal rəsmi Tiflis belə hesab edir ki, bu platforma reallaşsa, Gürcüstan tranzit dövlət kimi özünün əhəmiyyətini itirməli olacaq. Əsas səbəb də budur. Çünki Gürcüstan regional layihələrin əsas tranzit nöqtələrindən biri kimi tanınır və buna görə böyük dividendlər, imkanlar qazanır.



Bu məsələdə İranla Moskvanı birləşdirən ortaq problemlər də var.

Məsələn, Qərb ölkələrinin sanksiyaları Tehranı taqətdən salıb, Moskva isə yeni sanksiyaların təhlükəsi ilə üz-üzə dayanıb.



İran “3+3 Platforması” barədə nə düşünür? Azərbaycanla üz-üzə gələn İran niyə geri çəkilməli oldu?

Heç şübhəsiz, iki nəhəng dövlətin Türkiyə və Rusiyanın yeni iqtisadi-siyasi inkişaf modelinə üstünlük verərək fərqli güc mərkəzi yaratması İranın siyasi ambisiyalarına cavab vermirdi. İranın Azərbaycana qarşı aqressiv münasibətinin, Ermənistana açıq dəstək ifadə etməsinin də əsas səbəblərindən biri məhz “Altılıq Platforması”nın yaradılması ilə bağlı irəli sürülən təşəbbüsə Azərbaycanın ilk dəstək ifadə etməsi oldu. Avtomatik olaraq İran “ofsayt”a düşməli oldu. Tehranın silsilə təxribatları Bakının sabit və qətiyyətli mövqeyinə təsir etmədi. Nə baş verdiyini anlamaq üçün İran XİN rəhbəri öncə İrəvana yola düşdü. Halbuki belə bir platformanın yaradılacağı İrana da bəlli idi. Ancaq İran istiqaməti səhv götürmüşdü. Rusiyanın əlaltısı olan Ermənistanla “ittifaq” yaratmağa cəhd iflasa məhkum idi. Elə İranın XİN rəhbəri Abdullahiana İrəvanda belə də demişdilər: “Bizim platformaya qoşulub-qoşulmayacağı Moskvadan asılıdır”. Diqqət ediriksə, Abdullahianın İrəvan səfərindən sonra Tehranın Bakıya olan münasibətində qəfil susqunluq müşahidə olundu, ardınca da “3+3 Platforması”na dəstək verəcəklərini bəyan etdilər.

Çünki İran bir neçə həqiqəti anlamalı oldu: Birincisi, hazırda İran blokada şəraitindədir. Ölkə şimal-şərqdən Əfqanıstanla sərhəddir, orada isə hakimiyyətə “Taliban” gətirildi. Bu o deməkdir ki, İngiltərə və Pakistanın Tehranın ürək döyüntülərini belə eşidir. Körfəzdə isə “Fars dövlətləri”nin sularında ABŞ hərbi gəmiləri üzməkdədir. Şimal qonşusu Azərbaycan, qərb qonşusu Türkiyə isə bu platformanın əsas qüvvələri hesab olunur. Üstəgəl İsraillə Azərbaycan arasındakı strateji əməkdaşlıq var. Bütün bu amillər İranı tamamilə siyasi blokadaya salıb. İkincisi, İran başa düşür ki, Qərbin sanksiyalarının həcmi getdikcə artacaq və yaxın gələcəkdə bu gözləniləndir. Sanksiyaların vurduğu zərəri ödəmək, dövlətin iqtisadi-sosial qamətini düzəltmək üçün bu platforma yeni imkanlar yaradır. İran Qarabağda uzun illər ərzində formalaşdırdığı narkobazarı 44 günlük müharibə zamanı itirdi, bu, İranın milyardlardan məhrum olması demək idi. İran məhz narkoticarətdən əldə etdiyi gəlirlər hesabına sanksiyaların vurduğu zərərin bir hissəsini qarşılamalı olurdu. Alternativ  və mümkün qədər çoxsaylı imkanlar İranı gözləyən ağır sosial təlatümlərin cəngindən qismən ala bilər.



Bəs Azərbaycan nə qazanacaq?

“Altılıq Platforması”ının Bakı üçün mənfi və müsbət tərəfləri...

Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirmişdi ki, biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik, Ermənistan hələ ki, cavab verməyib: “Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq”. 

Deməli, Ermənistan “Altılıq Platforması”na qoşulsa, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından da imtina etməli olacaq. Belə görünür ki, Ermənistan qarşısında qoyulan əsas şərtlərdən biri də budur, ya iqtisadi inkişaf, ya da ərazi iddiları ilə daha dərin uçurumun dibinə yuvarlanmaq.

“Altılıq Platforması”nda ən həssas məsələ Rusiyanın gələcək niyyətləridir. Platforma çərçivəsində Moskvanın xüsusilə Azərbaycanla bağlı gələcək niyyətlərinin təhlilinə böyük ehtiyac var. Bizi hansı risklər gözləyir, hansı hədəflərimiz var? Təkcə iqtisadi üstünlüklər Azərbaycanı bu platformanın iştirakçısı olmağa vadar etməməlidir. Çünki ola bilsin ki, bu platforma çərçivəsində Rusiya keçmiş sovet ölkələrində hər hansı nəzarəti bərpa etmək məqsədi də güdür.



Hesab etmək olar ki, “3+3 Platforması” çərçivəsində birmənalı şəkildə ən çox qazanc əldə edən ölkələrdən biri məhz Azərbaycan olacaq. Çünki Azərbaycan üçün yeni dəhliz açılır, tranzit ölkə kimi İran və Gürcüstanın ölkəmiz üçün əhəmiyyəti azalır. Məsələn, Mərkəzi Asiyanın enerji resurslarına çıxış Azərbaycanın razılığı və Türkiyənin nəzarəti ilə mümkün olacaq. Həmçinin Mərkəzi Asiya ölkələrinin Azərbaycan bazarlarına girişi təmin olunacaq.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, “3+3 Platforması” ilə paralel şəkildə Türk Dövlətləri Təşkilatı Zirvə görüşünün keçirilməsi bu platformanın qlobal əhəmiyyətinin göstəricisidir. Diqqət ediriksə, hər iki platformada dövlətlər üçün əsas istinad nöqtəsi məhz Azərbyacandır. Azərbaycanın belə bir sürətlə iqtisadi gücə, nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi müsbət haldır və prosesin qarşısını almaq mümkünsüzdür. Ancaq nəzərə almaq lazımdır ki, platforma çərçivəsində hər bir dövlət öz milli maraqlarına oynayır, hər bir ölkənin əldə edəcəyi və nişanladığı hədəflər var. Ona görə də platforma iştirakçıları ilə Azərbaycanın əlaqələri konsepsiya şəklində hazırlanmalıdır, bu, müəyyən bir uzunmüddətli dövrü əhatə etməlidir. Tutaq ki, platforma Rusiyanı ağır valyuta-pul bataqlığından xilas edəcəksə, bunun fəsadları da nəzərə alınmalıdır. Eyni zamanda, Ermənistanın prosesə cəlb olunması Azərbaycanın şərtləri daxilində həyata keçirilməlidir. Çünki Ermənistan da daxil, hər bir dövlət məhz Azərbaycan vasitəsilə iqtsiadi dayanaqlıq əldə etmək üçün şans əldə etmiş olacaq.

Prezident İ.Əliyevin Cəbrayıl rayonunda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dediyi fikirləri diqqət çəkir: "Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. Bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz”.



Deməli, hər hansı bir ölkənin platformaya qoşulmaması prosesə mane ola bilməyəcək. Platforması “3+2” formatında olsa belə, nəticə dəyişmir. Çünki Zəngəzu dəhlizinin açılması İran, Ermənistan, Gürcüstan mane olmaq gücündə deyil. Məcburən platformaya qoşulmalı olacaqlar. İranın Ermənistanla Zəngəzur dəhlizinə alternativ yol düşünməsi regiondakı reallıqları dəyişməyəcək. Qərb Ermənistanı Rusiyadan tamamilə qoparmağa çalışır, İran sanksiyalarla və yəqin ki, gələcəkdə müharibə ilə üz-üzə qalacaq. Ən ciddi məsələlərdən biri kimi isə Türkiyənin NATO ölkəsi kimi platformanın əsas təşəbbüskarı olmasıdır. Deməli, gələcəkdə mənfi tendenisyalardan uzaq olmaq üçün maraqları uyğunlaşdırmaq laızmdır, əks halda platforma yalnız və yalnız birtərəfli şəkildə iinkişaf istiqaməti götürəcək. Verilən mesaj budur ki, ABŞ-ın Cənubi Qafqazdakı bütün bağlantıları, təsir mexanizmləri qırılmalı olacaq. Gürcüstan tamamilə Qərb xətti seçdiyinə görə, torpaqları Rusiya tərəfindən işğal edildi. Ermənistan iki seçim arasında qaldığına görə ölkədə sosial-siyasi böhran səngimək bilmir. O zaman hansısa xəttin müəyyənləşdirdiyi kursa yox, milli maraqlar çərçivəsində addımlamaq daha mqəsədəuyğun olardı.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top