İlham İsmayılov: “Rusiya sülhməramlılarının erməni terroruna loyal münasibəti erməniləri daha da cəsarətləndirir“

GÜNDƏM 15 noy 2021, 13:56
Artıq bir neçə gündür ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı-diversiya qruplarının üzvləri Şuşa, Laçın, Kəlbəcər istiqamətində təxribatlara əl atır, Azərbaycan mövqelərini atəşə tutur, bölgədə gərginliyi artırmağa cəhd edirlər. 

Ermənistan müdafiə nazirinin ötən həftə Rusiya sülhməramlılarının "gözündən yayınaraq" Azərbaycan şəhəri olan Xankəndiyə gəlməsi, onun ardınca Şuşa yaxınlığında  60-a yaxın erməni diversant qrupun zərərsizləşdirilməsi, Laçin dəhlizində Azərbaycan postuna erməni terrorçusu Norayr Mirzoyanın əl qumbarası atması, Kəlbəcər istiqamətində ermənilərin aktivləşməsi bu təxribatçı hərəkətlərin təssadüf olmadığını göstərir. 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bölgədə baş verən gərginliyin artması Ermənistan müdafiə nazirinin səfərindən sonra ardıcıl və silsilə xarakteri daşıyıb: "Bu hal göstərir ki, ötən həftə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən baş verən bütün təxribatlar, terror hadisələri birbaşa Ermənistan dövləti tərəfindən düşünülmüş, planlaşdırılmış və icrasına qərar verilmiş bir provakasiyalardır. Biz Ermənistanın terror ölkəsi olduğunu, məğlubiyyətdən sonra bu kimi təxribatlara əl atacaqlarını hər zaman gözləməliyik. Ermənistanın varlığı, onun dövlət kimi yaranması da bu cür terror hadisələri ilə sıx bağlıdır. Lakin son olayların Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında baş verməsi, rusların hadisələrə loyal münasibəti erməniləri daha da cəsarətləndirir".

İlham İsmayılov Şuşanın yaxınlığında Azərbaycan hərbçilərinin blok-postuna əl qumbarası atan terrorçu Norayr Mirzoyanın Rus sülhməramlıları tərəfindən saxlanaraq, yenidən erməni tərəfinə qaytarmasını da absurd adlandırıb: "Rusiya sülhməramlı qüvvələrinin terrorçunu tutub, erməni tərəfinə yenidən qaytarması heç bir hüquqa sığmır. Hadisə olubsa, bu hadisəyə siyasi və hüquqi qiymət verilməlidir. Rusiya bu addımı ilə göstərir ki, ötən il Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli imzalanmış bəyanatda göstərilən bəndlərin yerinə yetirilməsinə əməl etmir. Belə ki, bu bəyanata görə indi Azərbaycan ərazisində Ermənistanın  heç bir silahlı qüvvəsi qalmamalı idi. Amma faktlar göstərir ki, ermənilərin bütün təxribatçı hərəkətləri rus sülhməramlılarının məsuliyyət zonasında baş verir. Sülhməramlılarının bu təxribatlara seyrçi münasibəti isə bizim tərəfimizdən belə anlaşılır ki, ermənilərə "dil verən" də məhz sülhməramlılar və onların komandanlığıdır".

ATXƏM sədri son bir həftə ərzində bölgədə törədilən bütün hərbi cinayətlərə görə rus sülhməramlılarının məsuliyyət daşıdığını bildirib: "Əvvala, rəsmi Moskva öz məsuliyyətini dərk edərək, özünün də imzalamış olduğu Bəyanata sadiq qalmalı, bölgədəki terror, təxribatçı erməni qruplarını zərərsizləşdirməli, müharibə dövründən qalan və ya bu gün gizli şəkildə silahlandırılan erməni əhalisinin silahsızlaşdırılmasını təmin etməli,  özünü yenidən bölgədə hegomon güc kimi göstərməkdən çəkinməlidir. Hesab edirəm ki, sülhməramlıların bölgədə olduğu bir il ərzində gördüyü işlərlə Azərbaycan ictimayyətinə hesabat verməlidir".

İlham İsmayılov Xankəndi yaxınlığında Rus sülhməramlılarının yerləşdiyi ərazilərdə "Rusiya Şöhrət Xiyabanı"nın salınmasının da çox anlaşılmaz olduğunu bildirib: "Rus sülhməramlıları Qarabağ bölgəsinə beş illik müqavilə əsasında gəliblər ki, bu müddətin də artıq bir ili geridə qalıb. Bu zaman üçün Azərbaycan ərazisində kilsənin inşa olunması, rus yazıçılarının və şairlərinin  büstlərinin ucaldılması heç bir məntiqə sığmır, bu addımla Rusiya buradakı missiyasının uzunmüddətli olduğunu, əslində isə konfliktin bitməsində maraqlı olmadığını göstərir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top