“Xankəndidəki heykəl münasibətlərin gərginləşməsinə səbəb olacaq”

GÜNDƏM 12 noy 2021, 11:06
Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının Xankəndində yerləşən hərbi şəhərciyinin ərazisində ermənilər tərəfindən sülhməramlıların şərəfinə abidə qoyulub.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi tanınır. Millət vəkili qeyd edib ki, belə addımlar heç də sülhə töhfə vermir:



“Əlbəttə, bu addımlar düzgün addımlar deyil və xoşagəlməzdir. Rusiya sülhməramlıları da anlamalıdır ki, bu kimi məsələlər Azərbaycan tərəfində ciddi qıcıq və narazılıq yaradır. Belə addımların atılması iki ölkə xalqları arasında münasibətləri, tarixən formalaşmış mehribançılığı zədələyir. Məhz bu səbəbdən də bu addımlar qəbuledilməzdir. Birincisi, bu ərazilər tarixən Azərbaycan torpaqlarıdır və Ermənistan tərəfindən işğal olunmuşdu. Başda Cənab Ali Baş Komandan olmaqla, müzəffər ordumuz bu əraziləri işğaldan azad etdi. Düzdür, bir neçə rayon var ki, hələ də ermənilərin nəzarətindədir. Zamanlada onların hamısı Azərbaycana qaytarılacaq və hər yerdə Azərbaycan bayrağı dalğalanacaq. Buna görə də atılan bütün addımlar ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır. Əgər belə bir fikir, plan var idisə, bu məsələ əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırılmalı idi. Düzdür, bu gün Azərbaycanın müxtəlif yerlərində belə heykəllər var, amma Qarabağda bu formada edilməli deyildi!”.
 
C.Məmmədov əlavə edib ki, bunun arxasında müəyyən hədəflər və məqsədlər var: “Hesab edirəm ki,  perspektivdə bu nəticəsi düzgün hesablanmayan bir addımdır. Bu heç bir tərəfə uğur gətirməyəcək, əksinə münasibətlərin gərginləşməsinə səbəb olacaq. Ona görə həm Rusiya tərəfi,  həm də ki, Ermənistan tərəfi bu kimi addımlarda diqqətli olmalıdır. Çalışmalıdırlar ki, beynəlxalq hüquqa zidd əməllərə yol verməsinlər və Azərbaycanın razılığı olmadan heç bir addım atmasınlar”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top