"Gələcəkdə şəhidlər haqqında qanun qəbul oluna bilər" — Deputat

GÜNDƏM 09 noy 2021, 19:50
“Gələcəkdə şəhidlər haqqında qanun qəbul oluna ola bilər və bu istiqamətdə mühüm işlər görülməkdədir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, şəhid ailələrinə imtiyazların verilməsiylə bağlı məsələlər bütövlükdə qanunvericilikdə ayrı-ayrı maddələrdə öz əksini tapıb:

“Əslində, qanunvericilikdə bu istiqamətdə xeyli maddələr əlavə olunub. O baxımdan da gələcəkdə bu istiqamətdə ayrıca bir qanunun qəbul olunması mümkündür. Hər halda, indiki şərtlərdə daha çox müddəaların olması önəmlidir. Hansı boşluqlar var, hansı məsələlər tənzimlənmir və s. Hazırda daha çox onlara xüsusi diqqət yetirməliyik. Fikrimcə, son vaxtlar bu istiqamətdə xeyli məsələlər tənzimlənib. Əgər hansısa boşluqlar varsa, o da təkliflər səsləndirildikcə, qanunvericilik subyekti bu məsələdə təklifləri dəyərləndirir və özünün də bu məsələyə münasibətini açıqlayır. Bu istiqamətdə hazırda bir sıra işlər gedir. Ancaq bütövlükdə, indiki vəziyyətdə biz daha çox boşluqlara diqqət etməliyik ki, hansı məsələlərdə şəhid ailələri əziyyət çəkir və onları dərhal qanunda nəzərdə tutulan maddələr üzrə gerçəkləşdirməliyik”.

F.Mustafa əksər icra hakimiyyətlərinin şəhid ailələrinə və qazilərə qarşı diqqətsizliyi məsələsinə də toxunub:

“Bir sıra İcra Hakimiyyətlərinin şəhid ailələrinə və qazilərə qarşı diqqətsizliyi var. Amma bunu ümumiləşdirmək olma, yəni İcra Hakimiyyətlərinin münasibətləri tamamilə fərqlidir. Misal olaraq, Salyanda İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə çox mühüm işlər görülüb. Bu haqda hətta, şəxsi məlumatım da var. Bundan başqa, Suraxanı Rayon İcra Hakimiyyəti də daim bütün şəhid ailələrinin və qazilərin problemləri ilə məşğuldur. Bu istiqamətdə İcra Hakimiyyətlərinin hamısını bütövlükdə ümumiləşdirmək düzgün olmaz, yəni konkret hansı yerdə, hansı fakt üzrə qanunsuz olaraq, bir şəhid ailələrinə yanaşma, yaxud da onları incidən bir davranış varsa, onu dərhal öyrənmək lazımdır. Narazılıq doğuran məsələni dərhal yoluna qoymaq lazımdır. Amma ümumi şəkildə şəhid ailələrinə və qazilərinə verilən dövlət qayğısı kifayət qədər ciddidir və bu istiqamətdə də ciddi işlər gedir. Açığı, belə laqeydlik halları olanda məsələ dərhal qaldırılan kimi həllini tapır. Əslində, burada problem nədədir? Burada Qeyri Hökumət Təşkilatlarının da fəal olmasına ehtiyac var. Bütün məsələləri, problemləri dövlət orqanları hamısını bilməyə və ya görməyə bilər. Vətəndaşlarımızın da bu istiqamətdə addımları çox vacibdir. Məsələn, sosial şəbəkələrdə Elyar İsmayıloğlunun da qardaşı şəhid olub, hətta Vətən müharibəsində qəhrəmanlıq göstərib. Vaxtaşırı şəhidlərin problemləri, sıxıntıları, hansısa qeyri-qanuni davranışlarla bağlı problemlərlə qarşılaşanda onunla bağlı sosial şəbəkədə məlumat yayır və bizə də müraciət edir. Biz də həmin məsələlərlə bağlı parlamentdə də məsələ qaldırırıq. Vətəndaş həmin məsələnin böyüməsinə, şişməsinə imkan yaratmamalı və vaxtında həllinə nail olmağa çalışmalıdır. Burda söhbət ondan gedir ki, hansısa problemi neqativ bir hal kimi qaldırmaq yerinə onun həllinə çalışan, həllini istəyən adamlar bu istiqamətdə daha çox fayda verə bilərlər, yəni bir neqativ hal varsa, dərhal onun həllinə köməklik göstərməlidirlər”. Millət vəkili qeyd edib ki, İcra hakimiyyətlərinin şəhid ailələrinə və qazilərinə ev vermək, yaxud da ki, ev tikmək bir səlahiyyəti yoxdur:

“İcra Hakimiyyətlərinə bu istiqamətdə pul ayrılmır. Pul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayrılır. Onlar da ev tikirlər və şəhid ailələrinin siyahısı tuturaq, onlara verirlər. Əgər burda kiməsə haqsızlıq edilərsə, bu İcra Hakimiyyəti bağlı deyil, hansısa məmurla bağlıdır. İcra hakimiyyətinin belə imkanı yoxdur. Qanuni şəkildə onlara pul ayrılmır. Əgər hər hansısa bir İcra hakimiyyəti şəhid ailəsinə və qaziyə ev bağışlayarsa, o, həmin icra nümayəndəsinin şəxsi hesabına atılmış bir addımdır, bunu çox yüksək və müsbət dəyərləndiririk. Ümumiyyətlə, İcra Hakimiyyəti kiməsə ev tikmək borcu yoxdur”.

Aynurə
 Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top