“Siz yatanda mənim balam erməni generalını boğdu” — Şəhid anası onu qınayanlara səsləndi...

GÜNDƏM 06 noy 2021, 16:18
“Hamınız çox sağ olun, Allah razı olsun. Birincisi, mən həmişə demişəm ki, bu, öz oğlumun uğurudur. Cənab Prezidentimiz başda olmaqla, Allah Sahibə xanım Qafarovadan da razı olsun, çox gözəl insandır. Allah onun köməyi olsun. Şəhidlərimizə, qazilərimizə həmişə dəyər verilir. Mən özüm də institut bitirmişəm və hər zaman da əziyyət çəkmişəm. Lap əvvəllər dövlət işində işləmişəm. Cəbrayıl şəhid olmamışdan öncə isə həmişə işləmişəm, amma dövlət işində yox. Pandemiya dövründə xadimə və qabyuyan işləmişəm. İşimdən isə heç vaxt utanmamışam. Əziyyət çəkmişəm, uşaqlarımı saxlamışam”.
 
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi şəhidimiz Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım deyib. Şəhid anası sosial şəbəkədə onun əleyhinə danışan adamlara da xəbərdarlıq edib və onların bu çıxışlarına görə çox təəssüfləndiyini bildirib: 



“Milli Məclisdə işlə təmin olunmağım xəbəri yayılandan sonra sosial şəbəkədə yazırlar ki, adamı olanları qabağa çəkirlər. Vallah, mənim adamım yoxdur. Qardaşım da rəhmətə gedib. Atam da xəstə adamdı. Bir 13 yaşlı oğlum var. Nə əmim, nə dayım yoxdur. Mənim adamım olsaydı, oğlum əsgərlikdə olmazdı. Adamı olanların balaları yanındadır. Uşağım torpağın altında yatır və Allah şahiddir ki, bu dəqiqə heç nəyə sevinmirəm. Bu dəqiqə mənə qızıldan da don geyindirsələr, sevinmərəm. Çünki mən həmişə ağlaya-ağlaya Allaha yalvarıb deyirəm ki, ya Rəbbim, kaş balam yanımda olardı, mənə heç nə lazım deyildi. Əziyyət, zülm çəkirdim, amma gözlərim gülürdü. Çünki balalarımın üçü də yanımda idi. 
 
Bunlar o qədər murdardırlar ki... Qırx yaşıma təzə keçmişəm və indi saçlarımda ağ tüklər var. Deyirlər ki, saçına rəng qoyub. Boyunuzu yerə soxum, mənim nə yaşım var ki, saçıma rəng qoyum. Şəhid İzzətin anası Vəfa xanımın saçlarının ağardığını deyirlər. Vəfa xanımla münasibətimiz var, əvvəllər saçları ağ idi, rəng qoyurdu. İndi oğlu şəhid olduğuna görə rəng qoymur. Saçın ağarmağı nəsildən asılıdır. Anamın altmış yaşı olacaq, amma indi-indi saçları ağarıb. Mənim haqqımda bunları yazanların adlarını götürmüşəm və indi vaxtım yoxdur, amma vaxt edib hamısını polisə verəcəm. Heç nə demirəm, elə mənim çəkdiyimi çəksinlər və görsünlər ki, nə çəkirəm. Siz və balalarınız isti yatağında yatanda mənim 19 yaşlı balam gedib erməni generalını boğdu. Anası bilirdi ki, ordan sağ çıxmayacaq, anasını da tək qoydu getdi. 
 
Verilişlərə və məclislərə də getmirəm, işləyirəm deyə vaxtım olmur. Deyirlər ki, indi ən çox Cəbrayılın, Polad Həşimovun anası məclisdə olur. Başınıza daş düşsün, Polad generaldı, onun da qisasını alan mənim balamdırsa, görün o, necə general olub”. 
 
Şəhid anası Cəbrayılın şəhadətindən sonra artıq səhhətində ciddi problemlərin yarandığını bildirib:
 
“Həm də adamı o qədər qınayırlar ki, deyirlər cavandı, qocalmayıb. Mən cavanam da, Cəbrayılın anası qoca deyildi ki, 16 yaşımda ana olmuşdum. İndi ağlamaqdan gözlərimdə də problem yaranıb, həkim eynək yazıb. Mən, sadəcə, özümü göstərməyi sevmirəm. Çalışıram ki, güclü görsənim, çünki düşmənim də, dostum da var, amma düşmənim daha çoxdur. Ona görə də heç vaxt, heç kəsin yanında ağlamıram. Heç kimə də deməmişəm mənə nəsə versinlər. Əslində iş təklifini qəbul etmirdim, Allah Sahibə xanımdan razı olsun, o, məni dəvət edib dedi ki, niyə qəbul etmirsən, sənin yerin buradır. Sağ olsun ki, dəyər verib, məni işlə təmin ediblər. Mən ali təhsilli insanam. Axı hamı təhsil almayıb”. 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top