Bölgədə real siyasi vəziyyət sülhü tələb edir və sülhə alternativ yoxdur— Asim Mollazadə

GÜNDƏM 26 okt 2021, 19:09
“Azərbaycanın post-müharibə dövründəki istəyi və mövqeyi bəllidir. Azərbaycan daimi sülhün təmin olunmasını, regionun inkişafına xidmət edən kommunikasiyaların bərpasını və sərhədlərin müəyyənləşməsini istəyir. Hazırkı reallıq da məhz bunu tələb edir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən ərazi bütövlüyünü təmin edib. İndiki reallıq isə əməkdaşlığı, daimi sülhü zəruri edib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Deputatın sözlərinə görə, sülhün möhkəmlənməsindən və əməkdaşlığın qurulmasından sonra erməni əsilli vətəndaşlar da Azərbaycanın inkişafından yararlanmaq imkanı əldə edəcək: “Həmçinin üçtərəfli bəyanatdan irəli gələn digər razılaşmalar əldə edilməli, addımlar atılmalıdır. Düşünürəm ki, bu proseslər üçün zaman tələb edilir. Birgəyaşayışın mümkün olması, real sülhün möhkəmlənməsi üçün zaman lazımdır. Məlumdur ki, bir tərəfdə xarici qüvvələrin mümkün təsiri, digər tərəfdən Ermənistanda revanşist hisslərlə yaşayan cinayətkarlar qalmaqdadır. Bu qüvvələr və xarici diaspor təşkilatları yenidən müharibəyə çağırışları edirlər. Onlarla əməkdaşlıq edən, dini öz məkrli planları üçün istifadə edən qüvvələr də var. Onlar bölgədə sülhün olmasını istəmirlər”.

Deputat bildirib ki, bu qüvvələrin şansı çox azdır: “Bölgədə real siyasi vəziyyət sülhü tələb edir və sülhə alternativ yoxdur. Bu istiqamətdə zəruri addımlar yaxın zamanda atılacaq. Kommunikasiyalar bərpa ediləcək, əməkdaşlıq imkanları dəyərləndiriləcək. Sülh üçün sonrakı addımlar qarşılıqlı inamın artırılmasına xidmət etməlidir. Bunun üçün də böyük potensial var. Dinlərarası və millətlərarası, sivilizasiyalararası əməkdaşlıq sistemini formalaşdırmaq baxımdan Azərbaycan xalqının böyük təcrübəsi var. Düşünürəm ki, Azərbaycan öz müttəfiqləri ilə istəklərinə nail olacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top