Prezidentin mövqeyi bu siyasətin daim yürüdüləcəyinə ən böyük zəmanətdir

GÜNDƏM 26 okt 2021, 12:24
44 günlük Vətən müharibəsinin birinci ildönümü Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri ilə müşahidə edilməkdədir. Prezident vaxtilə işğal altında olan rayonlarımızın azadlığa qovuşma ildönümünü həmin rayonların ictimaiyyət nümayəndələri ilə birgə qeyd edir. Eyni zamanda, yeni açılışlarla zəngin bu səfərlər zamanı  son bir il ərzində işğaldan xilas olmuş ərazilərdə aparılan işlərin həcmi əyani olaraq göz önündə canlanır. 

Düşmənin ağlagəlməz şəkildə, vəhşicəsinə viran qoyduğu bu ərazilərə yenidən həyatın qayıtması üçün aparılan işlərin miqyası Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini bütün dünyaya nümayiş etdirir. Azərbaycan bu işləri öz imkanları hesabına edir və bunun bütün dünyada pandemiyanın yaratdığı iqtisadi çətinliklər fonunda icrası diqqətdən yayınmamalıdır. Üstəlik, Azərbaycan qalib olmasına baxmayaraq, müharibədən çıxmış bir ölkədir və müharibənin həm də hansı maliyyə xərcləri hesabına aparılmasını vurğulamağa xüsusi ehtiyac yoxdur.

Diqqəti cəlb edən xüsusi məqam Prezidentin azad edilmiş rayonların ictimaiyyəti ilə yerində görüşlər zamanı şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına olan xüsusi münasibətidir. Bu münasibət cəmiyyətin bütün təbəqələri üçün örnək rolunu oynamaqdadır.

Ali Baş Komandan çıxışlarında torpaqlarımızı şəhidlərin canı-qanı bahasına işğalçılardan azad etməyimizi dönə-dönə vurğulayır: “Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək”.  

Ölkə rəhbərinin bu vacib və davamlı xatırlatması Qələbəni bizə bəxş edənlərin xatirəsinin həmişə uca tutulacağının ən üst səviyyədə qarantıdır.  

Vurğulamaq vacibdir ki, Prezident və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr-Anım Günündə təşkil olunan yürüşdə əllərində şəhid portreti ilə öndə getməsi həm bütün Azərbaycan xalqının birliyini, həm də şəhidlərimizin xatirəsinə olan hörməti göstərirdi. Yürüşdə aparılan portretlər sonradan Prezidentin göstərişilə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Bu o deməkdir ki, şəhidlər cismani bizimlə olmasalar da, həmişə, bu Zəfər yürüşündə də bizimlə bərabərdirlər. 

Prezidentin Qarabağa səfərlərində şəhid ailə üzvləri ilə dialoqu zamanı baş verən təsirli məqamların cəmiyyət tərəfindən böyük rəğbət qazanması da təsadüfi deyil. Ölkənin birinci şəxsinin şəhidə, onun ailəsinə, Qarabağ qazisinə yanaşması, olduqca nümunəvu bir davranışdır.  

“Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz”-, deyən Ali Baş Komandan şəhid atasını bağrına basırsa, ehtiramını ortaya qoyur və cəmiyyətə yaxşı bir örnək verir.  

Prezident çıxışlarında Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş şəxslərin həyat və döyüş yolunun gənclər üçün nümunə olmasını da önə çəkib. Bu, dövlətin müvafiq qurumlarının bu istiqamətdə vacib işləri bir an olsun axsatmamaq üçün önəmli mesajdır.

Son bir ildə dövlət tərəfindən şəhidlərin adlarının əbədiləşdirilməsi üçün mübafiq işlər görülüb. Amma bu son deyil və hər gün bu istiqamətdə addımların atıldığının əyani şahidiyik. Prezident oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu istiqamətdə daha bir addımın atılacağını bildirdi. Azad edilmiş şəhər və kəndlərdə bərpa işləri başa çatandan sonra şəhidlərin xatirəsinin əbədiləşdirilməsi geniş vüsət alacaq: “Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə - Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq”. 

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top