İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsinin mənəvi tərəfi də var — ŞƏRH

GÜNDƏM 05 iyul 2025, 17:14
Ən yeni tarixdə beynəlxalq iqtisadi təşkilatların qlobal siyasətdə təsir alətləri kimi geosiyasi maraqların obyekti kimi çıxış etməsi, bununla da, geosiyasətdə mühüm rol oynaması tendensiyası mövcuddur. Beynəlxalq iqtisadi təşkilatlar həm dövlətlərin mövqelərinin möhkəmlənməsinə, həm də beynəlxalq ziddiyyətlərin kəskinləşməsi zamanı idarə və ya həlli yollarına fayda verə bilərlər. Son illər neft, qaz, faydalı qazıntılar kimi resurslara nəzarət uğrunda mübarizənin ikinci mərhələsi kimi kommunikasiya və nəqliyyat xətləri resursları uğrunda mübarizə getməkdədir. Bu mübarizə kənar güclər tərəfindən regional oyunçulara qarşı münaqişələrin alovlandırılması ilə müşayiət olunur.

Belə geosiyasi münaqişələri istər risklər və çağırışlar formasında, mövcud olduğu halda isə həlli yollarının axtarışı regional və regionlararası iqtisadi təşkilatların formalaşmasına səbəb olur. Burada həlledici rollardan birini də qlobal oyunçuların bu və ya digər regionlarda iqtisadi maraqlarını həmin regionlar üçün təsir aləti, region ölkələri üçün bir gözəgörünməz, məxməri ekspansiya kimi istifadə etməsi oynadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib. O bildirib ki, Mərkəzi Asiyada, Yaxın Şərq regionunda istər mineral, istərsə də nəqliyyat resurslarına nəzarət uğrunda qlobal güclərin mübarizəsi həmin regionlarda mövcudluğunu genişləndirmək üzərindən qurulub.

Bunun üçün isə münaqişələr və onların alovlandırdığı geosiyasi gərginlikdən istifadə olunur.

"İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsinin, görüşdən əvvəl elm və humanitar məsələlərə həsr olunmuş tədbirlərin işğaldan azad etdiyimiz digər ərazilərdə keçirilməsinin iqtisadi-siyasi tərəfindən başqa, mənəvi tərəfi də var. Belə ki, Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdərə rayonlarının işğalı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzkar addımlarını pisləyib, Ermənistandan öz qoşunlarını işğal olunmuş bu ərazilərdən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsini yerinə yetirməyi tələb edib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz gücünə bu əraziləri işğaldan azad edib quruculuq işləri apardıqdan sonra İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə təşkil edib. Bu, həm də Cənubi Qafqazın güc mərkəzi kimi qlobal və regional əhəmiyyətli iqtisadi və nəqliyyat xətləri ilə öz geostrateji mövqeyini möhkəmləndirmiş Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına ödədiyi bir vəfa borcudur", - deyə Y.Hacıyeva əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top