Quş dilini də bilir, amma Azərbaycan dilində...

GÜNDƏM 25 okt 2021, 14:21
Deputat Cavanşir Paşazadənin sosial şəbəkədə paylaşımı onun necə “dərin” savada malik olduğunu göstərdi. O, bir cümləlik paylaşımında 6 orfoqrafik, bir üslub səhvi buraxdı. Bununla da özünü komik duruma düşürdü. Lağlağı hədəfi oldu. 

2005-ci ildən bu günə kimi nəfəs dərmədən diputat (deputat sözünü bilərəkdən belə yazdım) olan Paşazadə özü haqda real dəyərləndirmə təqdim etdi. Əlavəyə ehtiyac yoxdur. Onun bir cümlədə 6 orfoqrafik, bir üslub səhv buraxması məni təəccübləndirdimi? Qətiyyən! Təkcə Şeyxin qardaşı olan Paşazadə yox, Milli Məclisdə xeyli deputat var ki, onların nəinki ölkəni, balaca bir kəndi belə idarə edə biləcək 2-3 maddədən ibarət qanun layihəsi hazırlamağa savadları çatmır. Bunu 20 ildən artıqdır mediada xəbər yazan şəxs kimi əminliklə deyirəm. 

Tanıdığım jurnalistlər var ki, işləri-gücləri deputatların müsahibələrini yazmaqdır. Ona görə yox ki, deputat çox məşğul adam olduğu üçün vaxt tapıb ayrı-ayrı jurnalistlərin göndərdiyi suallara cavab yaza bilmir. Ona görə ki, o deputatlar sadəcə yaza bilmirlər. Nəinki yaza, heç danışa da bilmirlər. Ən sadə suala belə normal cavab verməyi bacarmırlar. Bu baxımdan da deputatın müsahibəsini hazırlayan jurnalist təkcə texniki iş görmür, həm də özünü deputatın yerinə qoyur, onun yerinə düşünməyə məcbur olur, suallarda irəli sürülən problemlərdən çıxış yolları göstərir, obraz yaradır. Böyük, dahi, düşünən və savadlı bir siyasətçi obrazı. Sonra da müsahibə mediada deputatın portret şəkli ilə yayımlanır. Onun irəli sürdüyü təkliflər müzakirə olunur. İndi sual oluna bilər ki, bəs deputat niyə suallara yazılı cavab verməlidir? Ola bilməz ki, elə canlı-canlı sualı verəsən, cavabı da dərhal alasan? Belə millət vəkillərimiz kifayət qədərdir. Sağ olsunlar. Amma yuxarıda dediyim kateqoriyadan olanlar isə sual verən zaman həmişə onu yazılı istəyir və deyir ki, həmin suallara cavabı da yazılı verəcək. Bunu mənim həmkarlarımın əksəriyyəti təsdiqləyə bilər. Həmin deputatların sualları yazılı istəməsinə səbəbi isə çox sadədir. Onlar sadəcə düşünə bilmirlər, suala cavab verməyə savad və məntiq yetərsizliyi var. 

Qayıdaq yenidən Allahşükür Paşazadənin qardaşına. Cavanşir Paşazadə var olduqca o Şeyxin qardaşı kimi təqdim olunacaq. Google-də axtarış verin, bütün təqdimatlarda o deputat titulu ilə yanaşı Şeyxin qardaşı kimi də təqdim olunur. Çox vaxt ikinci birincini üstələyir. Çünki onun həqiqətən də ən böyük titulu elə Allahşükür Paşazadənin qardaşı olmasıdır. Yoxsa, bu savadla onu nəinki deputat, heç icra nümayəndəsi də təyin etməzdilər. Milli Məclisin saytında C. Paşazadə haqda yazılıb: “Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Rus, fars, özbək və tacik dillərini bilir”. 

Azərbaycan dilini bilib-bilməməsi haqda məlumat yoxdur. Görünür, parlament rəhbərliyi buna əmin olmadığı üçün saytda bu incə məsələyə toxunmayıb. 

Elnur Məmmədli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top