İran Azərbaycana hansı cəbhələrdən təsir edir? — Fars teologiyasının 3 əsas istiqaməti...

SİYASİ 19 okt 2021, 15:00
İran İslam Respublikasının ideologiyasının nüvəsində teoloji ixtilaflar dayanır. İslam inqilabından sonra İranda teokratik idarəçilik sisteminin imperializm maraqları ilə yüklənmiş platformasına sərt keçid başladı. Tehran özü üçün “Şiə Ayparası” adlanan utopik xəritə düzənləməyə, şiələrin çoxluq təşkil etdiyi ölkələrdə teoloji qurğular tikməyə, siyasi-ideoloji sütunlar yaratmağa başladı. “Şiə Ayparası” qrupuna əhalisinin əksəriyyətinin şiə müsəlmanları olduğu ölkələr - İraq, Azərbaycan, Bəhreyn, Suriya, Əfqanıstanın bir hissəsi, Yəmən və Livan daxil edildi.

İranın teoloji qurğularının fasiləsiz işlədiyi bu ölkələrdə son 20 il ərzində baş verən iğtişaşların, müharibələrin, dağıdıcı inqilabların özü ilə gətirdiyi fəlakətlərin qarşısını almaq üçün böyük kapital, siyasi sabitlik, iqtisadi güc və ən əsası, on illiklərlə zaman lazımdır. Əslində isə bu ölkələrdə baş verənləri nə İran-Qərb qarşıdurması, nə də İslam-Xristian savaşı kimi dəyərləndirmək doğru olmazdı. İranın "dünyada sülhə dəstək" adı altında nüvə silahına sahib olmasına dəstək verən ilk ölkə ABŞ idi və 1950-ci ildə Vaşinqtonun Tehrana bu istiqamətdə verdiyi dəstək 30 ilə yaxın davam etdi. Ancaq 1979-cu il İslam inqilabından sonra ABŞ-ın dəstəyi dayandırıldı. Qərb müxtəlif bəhanələrlə Yaxın Şərq ölkələrinə daxil oldu, buradakı uzunmüddətli hökmranlığını, imperializm maraqlarını təmin etdi və xaos mühiti yaratdı. İran isə neofars imperializminin bu ölkələrdəki dini korpuslarını genişləndirməyə başladı. Təəcüblü görünməsə də, Azərbaycan İranın ideoloji tələsi - “Şiə Ayparası” qrupundan sağlam və zədəsiz çıxan yeganə dövlət oldu. Azərbaycan təkcə dünyəvi dövlət olduğuna görə “Şərq qasırğası”ndan sığortalanmamışdı, həm də burada türkçülük ideologiyası teoloji qurğuları və dini təriqətlərin dövlətə təsir imkanlarını minimuma endirə bilmişdi. Əgər bu ölkələrdəki dövlətçilik konsepsiyasının əsasında dini-mental dəyərlər dayanırdısa, Azərbaycanda milli-türkçü-dövlətçi xətt üstünlük təşkil edirdi.



Yaxın Şərqi qaranlığa çevirən fars şovinizminin "Şiə Ayparası" 

Amma... Bu gün Azərbaycan üçün əsas təhlükə mənbələrindən biri məhz İrandır. 2011-ci ildə İranın Bəhreyndə hazırladığı iğtişaşlar təxminən 100-ə qədər qəsəbənin birgə hərəkəti və vəhdəti nəticəsində baş tutmuşdu. İran Bəhreyndə radikal şiə qruplarları hazırlayaraq hər məntəqədən 1000-2000 nəfər iğtişaşlara cəlb edə bilmişdi. Bu müqayisəni niyə aparıram? İran Azərbaycanda da radikal şiələrin mərkəzi hakimiyyətə tabe olmayan, daha aqressiv dini-teoloji məntəqələrini yaratmağa başlamışdı. Bu baxımdan Nardaran əsas mərkəz, “baş qərargah” rolunu oynayırdı. Ancaq 2015-ci ilin noyabrında İranın teoloji qurğuları ilə idarə olunan və Azərbaycanın dövlət qanunlarına tabeçilikdən yayınmağa çalışan Nardaran “məntəqəsi” mövzusu tamamilə qapandı.

Son bir neçə ay ərzində İran-Azərbaycan münasibətlərində yaranan gərginlik cənub qonşumuzun ölkəmizə təsir imkanlarının miqyasını müəyyənləşdirmək üçün mühüm mərhələdir. Tehran aqressivləşdikcə əsl niyyəti və buradakı resursları da ortaya çıxmış olur. İranın Ermənistanı açıq şəkildə müdafiə etməsi, Qarabağdakı terrorçulara yanacaq, ərzaq və silah daşıması Azərbaycanla münasibətlərdə dərin çat yaradıb. Digər tərəfdən, Azərbaycan cəmiyyətinin haqlı təpkisi ilə üz-üzə qalan Tehran ölkəmizdəki “müdafiəçiləri”ni də işə salıb.



Bəs İran Azərbaycana hansı cəbhələrdən təsir edə bilər?

İranın Azərbaycana təsir imkanlarının istiqamətlərini və miqyasını təhlil edərkən bu məsələdə 3 xətt müəyyənləşdirmək mümkündür:

Birincisi, DİNİ-İDEOLOJİ XƏTT: SSRİ dağılandan sonra Azərbaycan müstəqilliyini bərpa etməklə yanaşı, torpaqlarının da bir hissəsini itirməli oldu. Ölkə ideoloji qıtlıqdan əziyyət çəkirdi. Sovet dövründə Azərbaycan xalqını şiə və sünni arasındakı fərqlər bir o qədər də maraqlandırmırdı. Həmin dövrdə ölkəmizdəki məscidlər şiə, yaxud sünni məscidləri kimi deyil, “Türk” və “İran” məscidləri kimi tanınırdı. Dinə yanaşmada dünyəvilik meylləri daha çox üstünlük təşkil edirdi. Amerikalı analitik Pol Qobl bir neçə il bundan öncə “Eurasia Review” dərgisində diqqəti bu məqama çəkərək qeyd edirdi ki, İran yenicə müstəqillik qazanan Azərbaycandakı ideoloji boşluqdan yetərincə faydalanmağa başladı.

Məhz bundan sonra Azərbaycanda dini təriqətlərin radikal bölgüsü prosesi başladı, İran Azərbaycan cəmiyyətini şiə-sünni olaraq iki hissəyə bölməklə, ölkəmizdə Səudiyyə Ərəbistanı ilə də yeni ideoloji “savaş” cəbhəsi açdı. Səudiyyə Ərəbistanı İranı şiəliyi dəstəkləməkdə, İran da Səudiyyə Ərəbistanı radikal dini təriqətlərin əsas ifadəçisinə çevrilməkdə, oradakı şiələrin hüquqlarını pozduğuna görə ittiham edirdi. Elə hər iki ölkə arasındakı diplomatik münasibətlər də sonuncu dəfə məhz bu səbəbdən 2016-cı ildə dayandırılıb.

Beləliklə, müstəqilliyimizin ilk illərindən başlaraq, İran Qum şəhərində yerləşən "Cameətül Mustafa" Universitetinə azərbaycanlıların cəlb olunması prosesinə start verildi. Bu dini ali təhsil məktəbinin yaradılmasında əsas məqsəd xaricdən tələbələr cəlb edərək onları yenidən öz ölkələrinə “yuyulmuş” halda göndərmək idi. Bu illər ərzində Qum şəhərində oxumaq üçün Azərbaycandan xeyli sayda insanlar İrana üz tutdu. Misirin Qahirə (Əl-Əhzər) Universiteti ilə rəqabətə girən "Cameətül Mustafa" Universitetinin verdiyi təhsil daha çox İrana məhəbbət aşılayırdı. Burada şiə təriqətinin mövcudluğunun yalnız İranın dayaqları üzərində bərqərar olması tədris və təbliğ olunur. Əhalisinin sayının 65%-dən çoxunun şiə müsəlmanları olan azərbaycanlı tələbələri Qum şəhərinə cəlb etmək daha asan idi.

Təsadüfi deyil ki, son günlər gərginləşən İran-Azərbaycan münasibətləri fonunda Qum şəhərində təhsil alan azərbaycanlılar ölkəmizə qarşı təhdidlər səsləndirir və Tehranı tərəddüdsüz müdafiə edirlər. Elə İranın öncədən məqsədi də bu idi - ölkəmizdə canlı “bomba”lar hazırlamaq! Mövhumatdan, dini fanatizmdən əziyyət çəkən Qum təhsilli azərbaycanlılar vasitəsilə ölkəmizi hədəfə alan İranı öz məqsədlərinə çatmış hesab etmək də olmaz. Şiəliyi özünün monopoliyasına daxil edən İran yanıldığını gördü, inanclı insanların İslama, Peyğəmbərə və onun ailəsinə olan sevgisinin heç də İrana görə olmadığı anlaşıldı. Gərginləşən Tehran-Bakı münasibətləri fonunda inanclı insanların da İrana qarşı milli mövqe sərgiləməsi bunun baiz nümunəsidir. 

Amma zərərli fars ideologiyasından doğan təhlükənin ciddiyəti bundan sonra da nəzərə alınmalıdır.  



Son zamanlar Türkiyə-Azərbaycan münasibətlərinin daha da istiləşməsi fonunda ölkəmizdə türkçülük ideologiyasının güclənməsi, dövlətin dindən ayrı konteksdə təhlili və konstitosional movcudluğumuz İranın buradakı təxribatlarını tormozlayan əsas amillərdir. Bir müddət öncə İran ölkəmizdə milli azlıqların hüquqlarının pozulması ilə bağlı kampaniyaya başlasa da, bu da effekt vermədi. Əsas talışlar “pozulmuş” hüquqları müxtəlif propaqandalar başladan İranın bu cəhdi də beşiyindəcə boğuldu. Bu məsələdə Azərbaycan ictimaiyyətinin təpkisi əsaslı rol oynadı.

Bir neçə il bundan öncə Azərbaycanda siyasətçilərin, bəzi siyasi qurumların İrana bağlılığı ilə bağlı iddialar da səsləndirilirdi.

İran ölkəmizdəki siyasi “rıçaqları”nı dini-ideoloji qurğuların başqa üzü kimi –paralel şəkildə müəyyələşdirilmişdi. İranın ölkəmizə birinci xətt üzrə təsiri dini-siyasi xarakter daşımaqla bir medalın iki üzü kimi görünür. İki ölkə arasındakı siyasi gərginlik zamanı dini ideologiya üzərindən propaqandalar hazırlanması da eyni motivlidir. 



İkincisi, SOSİAL ŞƏBƏKƏLƏR (sosial media və bu, ölkədə dördüncü hakimiyyət rolunda çıxış edir): Hazırda Tehranın Bakıya qarşı səsləndirdiyi təhdidlər, ittihamlar əsasən İranda təhsil alan şəxslərin dili ilə həyata keçirilir. Sosial şəbəkələr isə bu ittiham və təhdidlər üçün əsas platformaya çevrilib.

Məsələn, İranda təhsil alan azərbaycanlılardan Bəxtiyar Bayramov, Sərxan Məmmədov, Əli Qumi, Musa Əsədzadə və digərləri sosial şəbəkələr vasitəsilə Azərbaycanda terrora və dövlətçiliyinə qarşı çağırışlar edirlər. Son hadisələr bu şəxslərin İran xüsusi xidmət orqanlarının agentləri olmasını bir daha isbatladı. Sosial şəbəkələrdə terrora, dövlət çevrilişinə çağırışlar edən azərbaycanlılar içərisində Orxan Məmmədov və Tohid İbrahimbəyli daha çox diqqət çəkir. Onlar Azərbaycanda İslam inqilabının baş verməsinin və burada şəriət dövlətinin qurulmasının vacibliyindən danışırlar. Bir neçə il bundan əvvəl Gəncədə baş verən sui-qəsd hadisəsi İranın ölkəmizdə terror şəbəkəsinə malik olduğunu əyani şəkildə göstərdi.

İran-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə sosial şəbəkələrdə xeyli sayda səhifələr, yutub kanallar peyda oldu. Bu səhifələr, kanallar və yüzlərlə feyk profillər vasitəsilə Azərbaycan hədəfə çevrildi. Diqqət çəkən məqam bu sosial media resurslarının həssas nöqtələrimizdən xəbərdar olmaları idi. Heç şübhəsiz, sosial şəbəkələr virtual “döyüş” meydanıdır, ancaq Azərbaycanda inanclı insanların fikirlərində dəyişiklik etmək üçün anarxist çıxışlar yayılır. Dini fanatimzdən əziyyət çəkən insanlara təlqin olunur ki, guya Azərbaycan İranla mübarizənin timsalında İslama və müqəddəs şəxslərə qarşı addımlar atır. Əslində isə bu məsələdə qaranlıq heç nə yoxdur. İranın Azərbaycan torpaqlarını 30 işğalda saxlayan Ermənistana dəstək verməsi, erməni terrorçuları ərzaqla, silala, yanacaqla təmin etməsi və işğal vaxtı torpaqlarımızın narkotrafik zonasına çevrilməsi Azərbaycanın haqlı ittihamlarına əsas yaradıb.



Üçüncü, NARKOTRAFİK XƏTTİ (yəni, kriminal istiqamət): İranın Azərbaycan xalqının genefondunun və gənclərinin məhv edilməsinə yönələn narkotik ticarəti ilə bağlı Azsiyaset.com saytında indiyə qədər onlarla araşdırma məqalə dərc olunub.

Belə ifadə etsək, İran 30 il ərzində ölkəmizə qarşı təkcə dini-ideoloji-siyasi cəbhədən savaş elan etməyib, həm də narkotik maddələr vaitəsilə Azərbaycan xalqının şikəst və xəstə hala gətirilməsi üçün bütün səylərini ortaya qoyub. Bir tərəfdən sərhədlərimizdən qaçaq yolu ilə ölkəmizə hər il tonlarla heroin, narkotik maddələr daşıyıb və burada təşkil olunan dövriyyədən milyardlar qazanıb. Digər tərəfdən də 30 il işğal altında saxlanılan Qarabağda ermənilərlə birlikdə böyük narkotik plantasiyaları salıb. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı Azərbaycan İranın Qarabağdakı narkotik biznesini də alt-üst etdi. Biz öz torpaqlarımıza yenidən sahibləndik və İranın Azərbaycan əraziləri üzərindən həyata keçirdiyi fiziki və mənəvi terror siyasətinin coğrafiyasının miqyası ciddi şəkildə kiçildi.



Bir neçə gün öncə Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı bildirdi ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb: “Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

2017-ci ildə Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir ərəfədə İran iddia irəli sürdü ki, Azərbaycan sünni ölkəsinə çevrilir. Bu barədə “Eurasia Review” dərgisində dərc olunan məqalədə də məlumat verilirdi. Lakin Azərbaycan özünün xarici siyasətini dini təriqətlərin primitiv motivləri üzərində yox, dünyəvi prinsiplər və dövlətçilik maraqları çərçivəsində qurur. Azərbaycanın Türkiyə və Qazaxıstanla, eləcə də İsraillə olan münasibətləri hər hansı təriqətin ölkəmizdə zəiflədilməsinə yönəlməyib. Azərbaycanın İrana qarşı haqlı narazılıqlarını şərtləndirən amillər təkzibolunmaz faktlardır. Bütün bunları danaraq Azərbaycanda təriqət “savaşı”ı açmaq Tehranın yersiz və məntiqsiz siyasətinin ifadəsidir.

Ardı var... 

Samir Feyruzov
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 noy 2021, 20:23
Top