"Prezident İranın Ermənistanla birlikdə Qarabağda həyata keçirdiyi çirkin əməlləri ifşa etdi"

GÜNDƏM 16 okt 2021, 12:55
“Dövlət başçısı Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında qalib ordunun, qalib xalqın Ali Baş Komandanı kimi iştirak edirdi. Bütün dünya dövlətlərinin, təşkilatlarının diqqətində olan sammitdə dövlət başçısı həm bölgədə yaranmış reallıqları, həm də müharibədən sonrakı vəziyyəti və işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi vandallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezidentin çıxışı vacib məqamlarla yadda qaldı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.



Deputat qeyd edib ki, MDB-nin dövlət başçıları şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev çıxışında vacib məqamlara toxundu:

“Dövlət başçısı İranın son zamanlar Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edərək, qərəzli mövqe tutmasını da diqqətə çatdırdı. Vətən müharibəsindən əvvəl Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın işğalı altında olan ərazilərdə böyük narkoplantasiyaların salınır, bu ərazilər silah qaçaqmalçılığında istifadə edilir. Həmçinin, terrorçu qruplaşmaları da bu ərazilərə yığılır və bu, bölgə üçün ciddi təhlükə yaradır. Digər ölkələrdən terrorçu qrupları ərazilərimizə cəlb olunurdu, bu, hərbi cinayət idi. Prezident daha əvvəl da bu məqamlara toxunmuş, Ermənistanın meşələri məhv etdiyini, təbii resurslardan qanunsuz istifadəsini bildirmişdi”.
 
Deputatın sözlərinə görə, işğal dövründə həmin ərazilərdə həyata keçirilən qanunsuz fəaliyyətlərdə İranın iştirakının dünya ictimaiyyətinə çatdırılması vacib məqamdır:

“Artıq bilirik ki, işğal dövründə ərazilərimizdə Ermənistanla birlikdə İran da evlərin, sosial obyektlərin sökülüb talan edilməsində və həmin tikinti materiallarının İran və Ermənistan bazarlarında satılmasında iştirak edirdi. Prezident iclasda növbəti dəfə İranın Ermənistanla birlikdə Qarabağda həyata keçirdiyi çirkin əməlləri ifşa etdi. İran tərəfindən işğal dövründə ərazilərdə böyük narkoplantasiyaların salınıb və böyük həcmdə narkotik vasitələr Ermənistan üzərindən Avropaya daşınıb. Dövlət başçısı bu məqamları faktlarla qeyd etdi və bildirdi ki, Azərbaycan qələbə nəticəsində ərazisinin İranla olan 132 km-lik sərhəddinin də bərpasını təmin etdikdən sonra bu daşınmaların qarşısını aldı. Bu faktın dünya ictimaiyyətinə çatdırılması olduqca vacib məqamdır. Avropa ölkələrində insanların narkotik aludəçisi olmasında İran Ermənistanla birlikdə ciddi zərərli işlər görüb. Azərbaycan isə torpaqlarını işğaldan azad edərək, İran və Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını alıb. 

Prezident səsləndirdiyi fikirlərlə İranın Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbini də ifşa etdi. Dövlət başçısı diplomatik məharət göstərərək, ərazilərimizdə görülən qanunsuz əməlləri dünya ictimaiyyətinə çatdırdı. Prezident həm də işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin görüldüyünü, böyük layihələrin həyata keçirildiyini qeyd etdi. Bu, Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top