"Bir ilin tamamına sayılı günlər qalıb ki, Rusiya Qarabağdadır, amma, sülh hələ də yoxdur..."

SİYASƏT 13 okt 2021, 22:41
Ermənistanın siyasi, hərbi, hökümət və dini liderlərinin eyni vaxtda Moskvaya dəvət olunmaları, dəvət edən tərəfin konkret məqsədindən və hədəfindən xəbər verir. Uzaq və yaxın tarixlərdən  ermənilərin Moskvadan gələn təlimatlarla hərəkət etdikləri, bu təlimatların içərisində öz istəklərini də ortaya qoymaları, qarşılıqlı maraqları gözlədikləri gizli məsələ deyil. RF Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı bu il dördüncü dəfə qəbul etdi və indiki görüşü əvvəlkilərlə müqayisə etsək, Kreml sahibinin bu dəfə daha səmimi və mehriban münasibəti açıq hiss olunurdu. Protokol qaydaları öz yerində, Rusiya prezidentinin birgə nahar edəcəklərini elan etməsi və sıcaq kəlmələri bəri başdan Nikolu gərginlikdən çıxarıb rahatlatmaq üçün jestlər idi (Putin rəsmi görüşlərdə qarşı tərəfi həyəcanlandırmağı və rahatlamağı yaxşı bacarır), çünki əvvəlki görüşlərdə Nikolun görüş boyu gərgin olması adi gözlə belə görünürdü. Vladimir Putin Paşinyanla uzun müddətə əməkdaşlıq edəcəyini də qarşılama nitqinin son cümləsində söyləməklə onu tam rahatladı:
 
”Tezliklə MDB sammiti olacaq və mən də bu istiqamətdə, əlbəttə ki, qarşılıqlı əlaqələrimizin, o cümlədən bölgədə bu gün və uzunmüddətli perspektivdə əsas məsələləri nizamlamaq üzrə saatlarımızı tutuşdurmaq istərdim”. “Saatlarımızı tutuşduraq” ifadəsini bundan əvvəlki görüşdə Nikol Paşinyan işlətsə də Putindən təsdiqləyici cavab olmamışdı. Bunlar detallar olsa da, təfərrüata gedən yolun elə detallarla başlandığı və nizamlandığı praktikada çox təsdiq olunub.
 
Bir ilin tamamına sanılı günlər qalıb ki, Rusiya sülhməramlı qüvvələri Qarabağdadır. Amma, sülh hələ yoxdur. Sadəcə atəşkəs var. Bəs, sülh nə vaxt olacaq? Rusiya görünən rəsmi missiyasının töhfəsini nə zaman ortaya qoyacaq? Bu sualları tərəflər risq edib şimal qonşularına birbaşa verə bilməsə də, Rusiya bu sualı özünə verməyə məcburdur. Ortada yalnız Azərbaycan və Ermənistanın etibarı deyil, sabah digər həmsədrlərin də konkret nəticə barədə sualları və cavaba uyğun növbəti hərəkətləri dayanacaq. Moskvanın  Qərbin istənilən formada Qarabağ məsələsinə bir daha yaxınlaşmasını qəbul etmək niyyətinin olmadığı 10 noyabr 2020 bəyanatından məlumdur. Mənzərə belədir: Ermənistan rəsmiləri Qarabağın statusunun müəyyən edilmədən heç bir sülh sənədini imzalamayacağını bildirir və bunu şərt kimi irəli sürür, müxtəlif yollarla məsələnin zaman məsafəsini uzadır və bununla da Azərbaycana təzyiq etmək üçün İranın, Minsk Qrupunun imkanlarından yararlanmaq istəyir, amma daha çox Rusiya ilə Azərbaycanı qarşılaşdırmaq üçün bütün təxribatlara əl atır. Ağdərədə erməni mülki şəxsin məhz Paşinyanın Moskva səfəri ərəfəsində öldürülməsi də bu təxribatın tərkib hissəsi kimi dəyərləndirilməlidir, çünki ermənilərin bu hadisə ilə əlaqədar verdikləri bütün rəsmi və qeyri-rəsmi bəyanatlarında “Azərbaycan bununla Rusiya sülhməramlıların fəaliyyətini şübhə altına almaq məqsədi güdür”- fikri ana xətt kimi keçir.
 
Rusiya üçün Cənubi Qafqazda gərginliyin yüksəlməsi qəbulolunan deyil. Ona görə də, İran- Azərbaycan münasibətlərinin xeyli gərginləşməsi fonunda Ermənistanın real olmayan iddialarının da bölgədə vəziyyəti daha mürəkkəb hala saldığını və soyuq müharibənin qaynar fazaya keçməsi təhlükəsini Rusiya müşahidə edir və ermənilərin siyasi, hərbi, dini liderlərini Moskvaya toplaması, üstəlik Azərbaycanın dini lideri Allahşükür Paşazadəni də dəvət etməsi yaranmış situasiyanın yumşaldılmasına hesablanmış addım olduğunu demək mümkündür. Əlbəttə, bu səfərlərdən sonra sülh imzalanacağına inanmaq sadəlövhlük olardı, həqiqi sülh razılaşması bu gedişlə hələ uzaqdadır. Hətta sərhədlərin delimitasiya və demarkasiyası tədbirlərinin başlanması da yaxın aylarda, xüsusilə qış mövsümündə heç gözlənilmir. Maksimum bəzi nəqliyyat infrastrukturları üçün maneələrin götürülməsi ilk addım kimi mümkün variantlardan biridir. Tehranın fəallaşdığı dönəmdə Zəngəzur dəhlizinin yaxın gələcəkdə işə düşməsinin razılığı da bu variantların tərkib hissəsi kimi Moskva danışıqlarının predmeti  ola bilər. Dini liderlərin dəvət olunması isə çox güman ki, ermənilərin bizim nəzarətimizdə olan hansısa yerə ziyarət etmələrinə şərait yaradılması və bu qəbildən olan başqa məsələlərlə bağlıdır.  
 
Təbii ki, Moskva danışıqlarının bilmədiyimiz tərəfləri də çoxdur, amma Paşinyanın yaxın günlərdə verəcəyi bəzi qərarlardan müəyyən nəticələr çıxara bilərik. Bizim rəsmilərin dəvət edilmədiyi üçün deyə bilərik ki, Azərbaycan tərəfdən gərginlik yaradacaq bir siyasət olmadığı üçün, problem məğlub olan dövlətin hələ də iddiasından əl çəkməməsidir. Amma, biz arxayın ola bilmərik. Düşmən məkrli və hiyləgərdir. Osmanlıda bir məsəl var: ”Bizansın oyunu bitməz”. İndi yaxşı tanıdığımız erməninin nə məkri, nə hiyləsi bitəsi deyil. 
 
Üçtərəfli razılaşmada öhdəliklərini yerinə yetirməyən Rusiya qarşısında tələb qoymağın vaxtı çoxdan çatıb. Tələblər konkret olmalıdır: Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsinə konkret vaxt qoyulmalıdır. Necə ki, Kəlbəcərdən, Ağdamdan, Laçının böyük bir hissəsindən çıxmağın dəqiq vaxtı müəyyən edilmişdi. Qaçqınlarımızın keçmiş Dağlıq Qarabağ ərazisinə dönməsi üçün tikinti-bərpa işlərinin görülməsinin vaxtı və mexanizmi, digər detalları 2022-ci ildə Rusiya ilə danışıqların  əsas siyasi xətti olmalıdır. Qarabağ məsələsinin son nöqtəsi qoyulmayınca bu vəziyyət bizim zəif yerimiz kimi dəyərləndiriləcək. Qarabağın bir hissəsinə nəzarətimiz reallaşmayınca Rusiya da, İran da, həmsədrlər də basqı edib, maraqlarımıza uyğun olmayan güzəştlərə nail olmaq istəyəcəklər. Bu niyyətin pozulmasının tək yolu Qarabağa nəzarətin yaranmasından keçir. İstiqamət - Xankəndinə doğru!
 
İlham İsmayıl

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top