Politoloq: "İran Azərbaycanla gərgin vəziyyəti yumşaltmaq niyyətindədir"

GÜNDƏM 13 okt 2021, 17:10
“İran Azərbaycanın müharibədəki qələbəsini həzm edə bilmir və bunu büruzə verməyə başlayıb. Bununla da, İranın addımlarının da məqsədi aydın oldu. 30 il ərzində islam həmrəyliyi haqqında danışan dövlət erməni vəhşiliyinə, müsəlman abidələrinin məhv edilməsinə, məscidlərdə donuz saxlanmasına göz yumub”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib.

O, qeyd edib ki, Azərbaycan inkişaf edən dövlət olması İranı qıcıqlandırır:

“Yeni reallıqları və Azərbaycanın inkişafını İran qəbul edə bilmir. İranda bu düşüncədə olan, münasibətləri korlamağa yönəlmiş bəyanatlar verən qüvvələr var. Həmin qüvvələr tərəfindən Azərbaycana qarşı ziddiyyətli bəyanatlar, radikal ifadələr işlədilir. Lakin son olaraq İran XİN rəhbərinin Azərbaycan XİN başçısına zəngi və əlaqələrin inkişafı haqda danışması İranın gərginliyi azaltmaq istədiyini göstərir. İran bununla yaranmış gərgin vəziyyəti yumşaltmaq niyyətindədir. Görünür, İran tərəfi müəyyən seçim qarşısında qalıb. İran seçim edərkən nəzərə almalıdır ki, Azərbaycanın yanında güclü müttəfiqləri var, regionda yeni proseslər gedir. Lakin Azərbaycan heç vaxt bölgədə terrora, münaqişəyə şərait yaratmır və yaratmayacaq. Bu, reallıqdır və İran da bu reallığı başa düşməli, hesablaşmalıdır. 

İran Azərbaycanla dostluq, qonşuluq münasibətləri qurmalıdır. Azərbaycan İrana fayda verə bilər. Regionda sülhün tərəfdarı olan bir dövlətin mahiyyətini İran anlamalıdır, lakin təəssüf ki, İran tam fərqli yol seçdi. İran tezliklə səhvini düzəltməlidir və görünür, artıq bunun üçün addımlar atmağa başlayıb. İran tərəfi son addımları ilə özünə, mövqeyinə zərbə vurdu və artıq anlamağa başlayıb ki, Azərbaycanla normal münasibətlər qurmaq məcburiyyətindədir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top