Ruhanilərimiz hələ də gizlənir: onlar üçün Vətən müqəddəsdir, yoxsa İran?

GÜNDƏM 13 okt 2021, 10:43
İranın Azərbaycana qarşı ittiham və iddialarla dolu aqressiyası davam edir. Gah “sionistlər” deyirlər, gah “terrorçular”. İndiyə qədər də bu iddialarla bağlı heç bir dəlil-sübut təqdim olunmayıb. Olunmayacaq da. Çünki illərdir İrandan Azərbaycana qarşı eyni səpkili iddialar səsləndirilib və illərdir dəlilsiz-sübutsuz danışırlar. İndi hücumlar daha kəskin və aqressiv xarakter alıb. 

Bu ölkəyə ən yaxşı və doğru cavabı Prezident İlham Əliyev verdi. Dövlət başçısı Cəbrayıla səfəri zamanı elə İran sərhədinə yaxın bölgədən bəyan etdi: “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Amma və lakin İranın hərbi-siyasi rəhbərliyi də, əyalət mollaları da, ayətullahları da “kor tutduğunu buraxmayan” kimi Azərbaycana qarşı eyni ittihamları tutuquşu kimi təkrarlamağa davam edir, heç bir əsas olmadan.

No description available.

Dövlət başçısı, o cümlədən, müxtəlif səviyyələrdə rəsmi şəxslər İranın cavabını lazımı formada verirlər, lakin biz bu cavabı ruhanilərdən görmürük.

İran tərəfindən hücumlara start verən də mollalar idi və din adamları ittihamlarını davam etdirirlər. Azərbaycanda isə ruhanilər səssizliyə bürünüb.

Uzun qınaqlardan və tələblərdən sonra Şeyx Allahşükür Paşazadə danışdı. Sonra yenə öz güşənişinliyinə çəkildi. Şeyxin cavabı müəyyən qədər də olsa normal idi, lakin bu, İran mollalarının qarşısını almağa yetmir və daha çox “dayan doldurum”a bənzəyir. İran mollaları intensiv “atəş” açır, bizim ruhanilər aradabir yüngül cavab verir, sonra gizlənirlər.

Niyə? 

Bu sualın cavabları çoxdur, amma qəbul edilməzdir. Belə ki, şiə məzhəbində dini rəhbər kimi İranın ali dini rəhbəri qəbul olunur, o cümlədən, onun təyin etdiyi ayətullahlar məzhəbi belə demək mümkünsə idarə edir. Bizim ruhanilər İranın dini rəhbərini lider kimi qəbul edirlər. O rəhbər ki, Azərbaycana “sillələyəcəm” deyə təhdid etdi, o rəhbər ki, “Azərbaycan müharibədə terrorçuları döyüşdürüb” iddialarına start verdi və bununla Vətən müharibəsində 3 min şəhidimizə, minlərlə qazimizə hörmətsiz etdi, həm də onları “terrorçu” adlandırdı. O rəhbər ki, əhalisinin əksəriyyəti şiə olan Azərbaycanı yox, Ermənistanı dəstəkləyir, 30 illik işğal dövründə Azərbaycan torpaqlarındakı İslam abidələrinin məhv edilməsinə, məscidlərdə donuz saxlanılmasına göz yumdu. O rəhbər ki, Azərbaycan torpaqlarını işğaldan azad edən kimi açıq şəkildə Ermənistanın dəstəklənməsi siyasi xəttini tutub. 

Sual yaranır, bizim ruhanilərə belə rəhbər lazımdırmı? Axı İranın həyata keçirdiyi siyasətin nə şiəliklə, nə Əhli-Beytlə yaxından-uzaqdan əlaqəsinin olmadığı göz qabağındadır və şiəliyi İranın siyasi maraqları üçün alət olaraq istifadə etdiklərini görməmək mümkün deyil. 

Bütün bunlardan sonra bizim ruhanilərin İranın qarşısında qaçıb gizlənməsi nə dinə, nə imana, nə də Vətən sevgisinə, nə Əhli-Beyt eşqinə uyğun gəlmir.

Mövzu Vətəndirsə, mövzu şəhidlərimizin qanı hesabına azad etdiyimiz torpaqlardırsa, qalanı təfərrüat olmalıdır. Cəmiyyət ruhanilərdən İran ayətullahlarının, mollalarının hücumlarına qarşı mübarizə gözləyir. Əks təqdirdə heç birinin dindən, Allahdan danışmağa haqqı olmayacaq. Çünki dinimiz İslam da Vətəni sevməyin imandan olduğunu buyurur. İndi imanlı olmağın əsl vaxtıdır.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top