"Qarabağın dirçəlişi üçün birləşək!" — Pərvin Məmmədova ilə MÜSAHİBƏ


MÜSAHİBƏ 12 okt 2021, 17:43

44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fondun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönəlib. Bu məqsədlə ölkə Prezidentinin fərmanı ilə Fondun qarşısında ciddi vəzifələr müəyyən edilib.

Bu barədə daha geniş  Sonxeber.az-ın qonağı olan Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova danışıb.

"Qarabağın dirçəlişi üçün birləşək!" - Pərvin Məmmədova ilə MÜSAHİBƏ

Onunla müsahibəni oxuculara təqdim edirik:

- Qarabağ Dirçəliş Fondunun yaranması haqqında kiçik giriş edərdiniz.

- Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

- Fondun məqsəd və vəzifələri haqqında nə deyə bilərsiniz?

- Az öncə sadaladığım məsələlərin icrası bizim əsas vəzifələrimizdir. Məqsədimiz Qarabağın bərpa və yenidənqurulması prosesinin daha da sürətlənməsi, işğaldan azad edilən ərazilərimizin dirçəlişi istiqamətində görülən işlərər vahid platforma kimi dəstək göstərməkdir.

"Qarabağın dirçəlişi üçün birləşək!" - Pərvin Məmmədova ilə MÜSAHİBƏ

- Fondun layihələri nədən ibarətdir?

- Hazırda üzərində işlədiyimiz bir çox layihələr var. Fondun ilk layihəsi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn "Karabakh.Center" internet resursudur. Bu layihə yaranmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, eyni zamanda erməni təcavüzünün nəticələri barədə məlumatların sistemləşdirilmiş şəkildə toplanması və geniş ictimaiyyətə çatdırılmasıdır. Bu saytda bir çox bölmələr yer alıb. "Urbisid", "Ekosid", "Münaqişə", "Cinayət" və.s. 3 dildə fəaliyyət göstərir və başqa dillərə də tərcümə olunası nəzərdə tutulub. 30 ilə yaxın bir müddət ərzində erməni işğalçıları tərəfindən dağıdılan, məhv edilən, tamamilə yer üzündən silməyə çalışdıqları ərazilərimizin, abidələrimizin işğaldan öncə və sonrasını əks etdirən 10000-dən çox fotoşəkli bu layihədə yer alıb.

- Fonda vəsait necə toplanır?

- Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin qanunla qadağan olmayan məbləğləri hesabına formalaşır. İanələrə xüsusi diqqət çəkmək istəyərdim, çünki Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə edilən ianələr çox əhəmiyyətlidir. İanə prosesində hər birimizin iştirakı çox önəmlidir. Ötən ilin indiki gününə baxsaq, artıq bizim İkinci Vətən müharibəsinin bir neçə gündür başladığı bir dövrdür. Hər birimiz həmrəylik, birlik nümayiş etdirdik. Kiçikdən böyüyə televiziya ekranlarının qarşısında hər birimiz necə də həyəcanla ön xətdə baş verənlərdən xəbərdar olmaq istiyirdik. Çox həyəcanlıydıq. Hər dəfə hansısa yüksəkliklərimizi, kənd və qəsəbələri düşmən işğalından azad olunması xəbərini alanda qürur hissi ilə gözlərimiz dolurdu. Hər birimiz üçün o anların sözlə ifadəsi mümkünsüz bir şeydi. Hər kəs orduya yazılmaq istəyirdi. Balaca uşaqlar belə topladıqları məbləği ianə kimi verməyə hazır idilər. Bütün bunlar bizim vətənpərvərliyimizdən, vətənə bağlılığımızdan irəli gəlirdi.

Çox şükür ki, biz bu gün sizinlə Qarabağın bərpası haqqında danışırıq. Hər zaman Qarabağı azad edib növbəti ili orda keçirmək arzusunu edirdik, buna nail olduq. İlk öncə Ali Baş Komandana və Müzəffər ordumuza təşəkkür edirik, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə, yaxınlarına minnətdarlığımızı bildiririk, onların ruhu qarşısında baş əyirik. Biz hər zaman onlara borclu olacağıq. Amma onların bizə qoyub getdiyi bir miras var. 30 illik həsrətimizə son qoyulmasının özü heç nə ilə müqayisə edilməyəcək qədər böyük bir mirasdır.

Doğulub boya-başa çatdığı yerləri görməmək, öz canından olan parçanın həsrətində qalmaq, orada nə baş verdiyini bilməmək çox ağrılı və nisgilli bir dərdimiz idi. Biz artıq haqlı savaşımızda qalib gəlmişik. İndi yaraları sağaltmağın vaxtıdır və bu bizim əlimizdədir. Hər kəs bu prosesdə mütləq aktiv şəkildə iştirak etməli və bu mühüm missiyanın bir parçası olmalıdır.

Ən kiçik ianə belə bu istiqamətdə aparılan işlərdə böyük əhəmiyyətə malikdir. İanə dedikdə söhbət təkcə məbləğdən getmir, bu, həm də təbliğatdır. Bu, işlərə insanların ürəklə yanaşmasının göstəricisidir. Biz düşünməməliyik ki, torpaqlar azad olundu və artıq hər şey dövlət tərəfindən edilməlidir. Əlbəttə, dövlətin bu prosesi həyata keçirtmək üçün gücü və kifayət qədər resursları var, amma işğaldan sonra oradakı dağıntıların miqyasını cəmiyyətin bütün üzvlərinin burada iştirakını zəruri edir. Bununla biz dövlətin çiynindəki yükü azalda və birlikdə Qarabağı daha TEZ bərpa edə bilərik.

Bu yaxınlarda iki dəfə Ağdamda oldum. Ağdamı şəkillərdə görmüşdüm və tez-tez bununla bağlı danışırdım. Amma ora canlı daxil olub hər şeyi öz gözlərimlə görəndə məsuliyyətim birə beş artdı. İnsanda istər-istəməz başqa bir hiss yaranır.

Təbii ki, bərpadan danışanda biz yalnız hansısa evlərin, abidələrin bərpasından danışmırıq. Qarabağın dayanıqlı və yüksək rifaha malik regiona çevrilməsindən, orada yaşayacaq vətənaşlar üçün layiqli həyat şəraitinin yaradılmasından bəhs edirik.

Gəlin bu gün işğaldan azad olunan ərazilərdə ekologiyamıza baxaq. Meşələrin bərpası, su hövzələrinin yenidən istifadəyə verilməsi, ərazilərin tullantılardan təmizlənməsi kimi işlərin hamısı zaman tələb edir. Qarabağda elə bir ekosid ediblər ki, buranın bərpası üçün biz tam gücümüzlə çalışmalıyıq. Çətin olsa da, mümkünsüz deyil. Biz ən böyük arzumuzu həyata keçirmişik, indi isə bu istiqamətlərdə işlər görməliyik. Ona görə də hər kəsi ianə edərək bərpa prosesinə qoşulmağa, həmrəylik göstərməyə dəvət edirəm.

- Bu günə kimi nə qədər vəsait toplanıb və hansı istiqamətlərdə xərclənəcək?

- Fonda toplanan ianələrin məbləği və hansı istiqamətlərə sərmayələrin xərclənəcəyi ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.

Bu məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə, Mədəniyyət Nazirliyinə və digər dövlət qurumlarına təkliflər göndərmişik. Məbləğlərlə bağlı isə qeyd edim ki, bir neçə gün öncə Fondun Azərbaycan Banklar Asossasiyasının Reyasət Heyəti ilə görüşü baş tutdu və həmin görüşdə Fond yaranan gündən etibarən həmrəylik nümayiş etdirərək Fonda ianə edən banklara xüsusi "İanə Sertifikatı" təqdim olundu. Banklar ümumilikdə Fonda 2.550.000 Azn ianə edib.

Bunu mütləq qeyd edim ki, Fond bu istiqamətdə dövlət qurumlarının gördüyü işi əvəzləmir, əksinə vahid platforma kimi onları dəstəkləyir.

Biz silsiləvi şəklində insanlarla görüşlər keçiririk. Bu yaxında tələbələrlə "Qarabağı anlayaraq dirçəldək" şüarı altında görüşümüz oldu. Həqiqətən də, məqsəd budur: anlayaraq etmək. Qarşımıdakı missiyanı dərk etməli, daha perspektivli iş ərsəyə gətirmək və bu missiyaya çatmaq üçün hansı yolları seçməli olduğumuzu bilməliyik.

"Qarabağın dirçəlişi üçün birləşək!" - Pərvin Məmmədova ilə MÜSAHİBƏ

- Fonda hansı formada ianə etmək mümkündür?

- Sualınız üçün təşəkkür edirəm. Bu, söhbətimizin ən önəmli tərəflərindən biridir. Bizə bu barədə çox suallar verilir. Qəti şəkildə ianənin nəğd formada ödənişinin tərəfdarı deyilik və elə bir şeyə yol vermirik. İanələr bank rekzitvitləri vasitəsilə köçürülə bilər. Bunu həm xaricdə yaşayan soydaşlarımız, həm ölkə daxilində yaşayan vətəndaşlarımız edə bilərlər.

Hazırda elə bir dövrdür ki, rəqəmsal texnologiyalar sürətlə inkişaf edib, internetdən hər birimiz istifadə edirik. "Online" ödəmə portallarından, bankların mobil tətbiqlərindən, terminallardan tam rahatlıqla pul köcürtmək mümkündür. 8112-yə qısa SMS göndərməklə də hər kəs istədiyi məbləği ianə edə bilər.

Bunu da xüsusilə qeyd etmək istəyirəm ki, ianə edənlərə təşəkkür məqsədli "İanə sertfikatı" təqdim edilir. Veb-sayt vasitəsilə ianə etdikdən sonra vətəndaş arzu edərsə "İanə sertfikatı"nı əldə edə bilər. Məbləğin göstərilməsini istəmirsinizsə, sizə verilən seçim xanasında bunu qeyd edə bilərsiniz.

Daha sonra "Qarabağ Challenge" kampaniyasına start verdik. Hər kəs kiçik məbləğ belə olsa ianə edə, eyni zamanda aldığı sertifikatı sosial şəbəkələrdə paylaşmaqla digər insanları bu istiqamətdə görülən işlərə təşviq edə bilər.

Düşünəndə ki, Qarabağın yenidən dirçəlişində sənin də payın var insan qürur hissi keçirir. Biz çox yardımsevər xalqıq. "Qarabağ bizimdir" deyib, bu yola çıxdıq. Məlumdur ki, Qarabağ heç vaxt ermənilərin deyildi və heç vaxt da onların olmayacaq. Məhz ona görə həmin torpaqları belə xarabalığa çeviriblər. Yoxsa insan öz vətənini niyə və necə dağıtsın ki?! Torpaqların əsl sahibləri qayıdıb və biz Qarabağı cənnətə çevirəcəyik.

"Qarabağın dirçəlişi üçün birləşək!" - Pərvin Məmmədova ilə MÜSAHİBƏ

- Onlara başqa hansı yolla hər şeyi isbat etmək olar?

- Cənab Prezidentin çox sevdiyim bir sözü var: "Biz bütün dünyaya göstərdik ki, QARABAĞ AZƏRBAYCANDIR!"

Həqiqətən də, bu, sözdə qalmadı. İnformasiya müharibəsi də çox önəmli idi və cənab Prezidentin xarici mediaya verdiyi müsahibələr xüsusilə diqqət çəkirdi. Çünki onlar əslində istədikləri cavabı deyil, əsl həqiqəti eşidirdilər.

- Fondun şəffaflığı və etibarlılığı barədə də məlumat verərdiniz.

- Bizim üçün bu, çox önəmli məsələdir, çünki bu bərpa prosesində iştirak edənlər, ümumiyyətlə insan hər hansı bir yardım edəndə onun nəticəsini bilmək istəyir. Biz də burda ən kiçik məbləği belə, sorğulayırıq. Şəffaflıq mütləq şəkildə cəmiyyətin məlumatlandırılması yolu ilə həyata keçirilməlidir.

Fond dövlət qarşısında hesabatlılıqla yanaşı, cəmiyyət qarşısında da hesabatlılığı var. Görülən işlər barədə mütəmadi olaraq məlumatlar əksini tapacaq.

- Ağdam səfəriniz barədə bir daha təəssüratlarınızı bölüşərdiniz.

- Çox böyük məmnuniyyətlə. Bu yaşıma kimi Ağdamın nə işğaldan öncə, nə də işğaldan sonrakı dönəmlərini görməmişdim. Sadəcə şəkillərdən təsəvvürüm var idi. Ağdama çatanda, işğaldan azad olunan ərazilərdə "Xoş gəlmisiniz" yazısını görəndə insan inanılmaz hisslər keçirir.

İlk öncə ziyarətimizi "İmarət Qəbiristanlığı" kompleksindən başladıq. Çox qəribə duyğular içərisindəydim. Şəkillər çəkdirdik. Mən Çörək Muzeyini çox görmək istəyirdim. Dağıdılmış olsa da, yenə də çox gözəl idi. Bir könüllümüz var idi. 18-19 yaşı ancaq olardı. Çörək Muzeyinə çatanda muzeyə toxunmaq üçün icazə aldı. Gənc nəslin o məkanlara bu qədər həssas yanaşması, müqəddəs bilməsi çox xoşdur. Daha sonra Dram Teatrını ziyarət etdik. Cümə Məscidində, Şahbulaq qalasında olduq. Möhtəşəm hisslər idi.

Sonda sizə də dəvətiniz üçün təşəkkür etmək istəyirəm, kollektivinizə bol-bol naliyyətlər arzu edirəm.

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top