"Mən sənin üçün Bəxtiyar Sadıqov deyiləm, ha..."

MEDİA 11 okt 2021, 22:06
Asif Mərzili: "Akif Aşırlı sonradan hamıdan üzr istəsə də, Mətbuat Şurasının iclasındakı əsəbi və yersiz iddialarına təəssüf edirəm…"

Xəbər verildiyi kimi, oktyabrın 11-də Azərbaycan Mətbuat Şurasında “Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə  Mətbuat Şuranın sədri Əflatun Amaşov, eləcə də  MŞ İdarə Heyətinin üzvü Aydın Quliyev, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, politoloq, tanınmış jurnalist Elçin Mirzəbəyli, yazıçı-jurnalist Yunus Oğuz, Avropa Jurnalistlər Federasiyasının üzvü, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, "2 sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının katibi Şəmsəddin Əliyev və digərləri mövzu ətrafında çıxış ediblər. Müzakirələr olduqca gərgin və maraqlı keçib... Hətta "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı gündəlikdən kənar mövzu ilə bağlı emosianal çıxışına görə iclas iştirakçılarından üzr də istəyib. Bəs Akif Aşırlını emosinal çıxışa nə vadar edib, niyə üzr istəməli olub?

Maraqlıdır ki, o, çıxışında gündəlikdə duran məsələdən kənara çıxaraq çap mediasının problemlərindən danışaraq qeyd edib ki, kimlərsə ənənəvi çap mediasının inkişafını istəmir və əksinə, əleyhinə çıxışlar edir, əks təbliğat aparır… Bu zaman tədbir iştirakçıları konkret ad çəkilməsini tələb etdikdə, Akif Aşırlı «Təzadlar»ın Baş redaktoru Asif Mərzilinin adını çəkib… Asif Mərzili isə A.Aşırlının bu iddialarına «Akif bəy nəsə əsəbidir, deyəsən, nəyisə səhv salıb…» deyərək qısa münasibət bildirib. Sonradan bu məsələ digər aparıcı redaktorlar tərəfindən təəccüb və maraqla qarşılanıb. Pravdainfo.org-un tədbirdə iştirak edən əməkdaşı baş verənlərlə bağlı jurnalist Asif Mərzilidən eksklüziv müsahibə alıb:

- «Şərq» qəzetinin redaktoru Akif Aşırlı olduqca əsəbi formada çıxış edərək Sizin çap medianın əleyhinə olduğunuzu diqqətə çatdırdı…
-Siz tədbirdə iştirak edirdinizsə, yəqin iştirakçıların da reaksiyasını gördünüz ki, Akif Aşırlı olduqca aqressiv danışdı. Bildirdi ki, guya mən çap mediasının əleyhinə çıxışlar etmişəm… Mən də elə oradaca mövqe bildirirərək qeyd etdim ki, axı mən özüm 29 ildir rəhbəri oluduğum «Təzadlar» qəzetini dərc etdirirəmsə, necə ola bilər ki, çap mediasının əleyhinə olum??? Və tədbir iştirakçıları da Akif bəyin bu məntiqsiz iddiasına güldülər, təəccüb etdilər…
-Bəs niyə Akif Aşırlı belə bir sərt iddiada olsun?

-Mən də təəccüblüyəm… Sadəcə, o, sosial şəbəkələr məsələsini qeyd etdi… Düzdür, əsəbləri yerində deyildi deyə, qarmaqarışıq danışdı. Hətta özünə «peşəkar» deyənin acıqlı formada «…Sən nə qəzet buraxırsan? Məndən hələ kömək istəyirsən… Siz indiyədək kimin pulu ilə qəzet buraxdığınızı da bilirəm…» və s. kimi mətləbdən və etikadan kənar ifadələrini də qoyuram bir kənara. Əvvəla, problem şəxsidirsə, onun bu mötəbər iclasa nə dəxli? Bu cür çıxış tədbir iştirakçılarına və gündəlikdəki əsas mövzuya hörmətsizlikdir, qeyri-peşəkarlıqdır… Şəxsi problemi varsa, bunu təklikdə mənə söyləyə bilərdi, mən də ağdamlıların ifadəsi ilə başa salardım ki, «Qağa, sən düz deyirsən, amma elə deyil…».
-İclas başa çatandan sonra isə Sizin ona səmimiliklə «Səbrli olun, hər şey yaxşı olacaq!» tövsiyyənizə rəğmən, Akif Aşırlı, səhv etmirəmsə, «Mən Sizin üçün Bəxtiyar Sadıqov deyiləm…» kimi bir ifadə də işlətdi…

-Bəli, düz eşitmisiniz… Mən də dedim ki, «Mən də sənin üçün Akif Aşırlı deyiləm…». Və mən yenə də onun mahiyyətini anlatmadığı bir məsələ barədə danışdığı yersiz iddialarına cavab vermək, izahlamaq fikrindən uzaq kimi, ona səbr, təmkin dilədim. Amma onun təmsil olunduğu medianın adına yaraşmayan formada «Mən sənin üçün Bəxtiyar Sadıqov deyiləm ha…» kimi hədələyici tonda cavab qaytarması anlaşılmaz idi. Mən anlamıram, Bəxtiyar Sadıqov seçiciləri üçün hər kimdir, bu ayrı mövzunun söhbətidir… Amma onu bu qədər aşağılamaq, həmkarlıqdan uzaq, ayıblı bir işdir… Bəxtiyar Sadıqovun məsələyə nə dəxli?

-Sizcə, Akif Aşırlını qıcıqlandıran nə idi bəs?
-Boş buraxın…
-Onsuz da bu sualı sizə kimsə verəcək…
-Artıq veriblər… Məsələ ondadır ki, əvvəla, mən də ənənəvi qəzet naşiriyəm, yəni 29 ildir «Təzadlar»ın, 3 il də SSRİ vaxtında «Böyük kimya uğrunda» (Azərbaycan və rus dillərində) qəzetlərinin baş redaktoru olmuşam… Necə ola bilər ki, çap mediasının əleyhinə olum? Qəzet pozulmaz, dəyişməz arxivdir, sənəddir, mən əksini deyə bilmərəm axı… Lap tutalım, çap mediasının əleyhinə nəsə demişəm. Bunun «Şərq» qəzetinə nə aidiyyəti??? Bəli, mən çap mediasının mövcud halına acımış və çıxış yollarını təhlil etmişəm, yazmışam. Qeyd etmişəm ki, dövlət büdcəsindən hər il 200-250 min manat birdəfəlik yardım alan qəzetlərin baş redaktorları hərdən «Meyvəli bazar»a və Bakının məşhur «8 KM» kolxoz bazarına baş çəksələr yaxşıdır. Orada pomidor, badımcan, çiyələk, xiyar… bükülmək üçün qalaqlanıb kilo ilə satılan «vozvrat»larının səbəbini öyrənsinlər və s. Mən həmin yazılarımda oxucu rəğbəti qazanmış bir neçə qəzetin adını çəkmişəm, ola bilsin Akif Aşırlı o sırada baş redaktoru olduğu «Şərq» qəzetinin adına rast gəlməyib deyə, indi məndən incikdir… Axı mən hər dəfə də qeyd etmişəm ki, istəyirsən qəzeti qızıl suyunda çap etdir, 7 rəngdə burax, Azərbaycan və dünya oxcusu bu qəzeti oxumursa, hansısa bir məqaləsi rezonans doğurmursa, bu qəzetə büdcədən hər ay və ildə bu qədər vəsait xərcləməyə nə ehtiyac??? Söhbət budur… Akif Aşırlı desin, onun buraxdığı bərbəzəkli qəzetinin hansı məqaləsi xarici KİV-lərdə çap edilib, reaksiya bildirilib? Varmı??? Problemi və əsəb gərginliyini burada axtarmaq lazımdır. Konkret halda, mənim «Şərq» qəzetinə hansısa bir məxsusi qərəzim, iddiam yoxdur. Nədən bu narazılıq yarandı, bilmirəm… Halbuki Akif Aşırlı vaxtilə qəzetində    həmin Bəxtiyar Sadıqovun parlament seçkiləri ilə bağlı mənim əleyhimə olan şantaj xarakterli müsahibəsini dərc edib, məndə var, onda bir kəlmə də demədim ki, niyə mənim mövqeyimi öyrənmədən bu şantajı dərc etmisən???

«Təzadlar» qəzetinə gəlincə, bu həmin qəzetdir ki, 2020-ci ilin oktyabrın 8-də göndərdiyi sənəd və sübutlar əsasında Avstraliya Parlamenti qondarma «DQR»ın tanınmasını təxirə saldı… 44 günlük müharibədə bizim hər gün 4-5 məlumatımız dünyanın 5-6 dilində xarici KİV-də yayımlanmışdır… İsrailin məşhur «Sputnik» qəzetinin baş redaktoru Mark Qorin redaksiyamızın qonağı oldu, bizə geniş videomüsahibə verdi, İsrail mediasında yayımlandı, İsrailin «Epoxa» qəzetinin baş redaktoru da eləcə… Hətta bizim Şuşa haqqında yazımıza görə Trtajans.com saytı ermənilərin şikayəti əsasında iki gün bloklandı. Nəhayət, mən Azərbaycanda yeganə jurnalistəm ki, Avropa Jurnalistlər Federasiyasının üzvü, Trtajans Media Holdinqi İH-nin sədr müaviniyəm… Və qəzetin rəsmi saytının yeni ən müasir proqram təminatı ona imkan verir ki, saytdakı istənilən yazı dünyanın 37 dilinə avtomatik tərcümə edilib oxunsun. Hətta erməni dilində də… Başqa nə deyim…

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top