Deputat: "Prezident gərgin münasibətlərlə bağlı lazımi cavabı verib"

GÜNDƏM 08 okt 2021, 12:53
“Milli birliyin əsasında Vətənə bağlılıq, yaşından, harada yaşamasından asılı olmayaraq, Vətəni qorumaq hissinə sahib olmaq dayanır. Prezident İlham Əliyevin başlatdığı Vətənə bağlılıq ideologiyasının yaşadılması hər dövrdə çox vacibdir. İndi də bu proses uğurlu şəkildə həyata keçirilir. Birinci Qarabağ müharibəsi zamanı hələ doğulmamış, yeni dünyaya gələn uşaqlar Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etmək üçün canlarını fəda etdilər. Bu, milli birliyin, maraqların qorunmasının sübutu idi. Bu baxımdan, hazırda sərhəddə, yaxud gərgin münasibətlərdə lazımi cavabı Prezident İlham Əliyev verib və biz bu prosesdə üzərimizə düşən vəzifələri yerinə yetirməliyik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bildirib.

İranın münasibətləri gərginləşdirməsi fonunda cəmiyyətdə İranın mövqeyindən çıxış edən şəxslərin olması barədə danışan deputat vurğulayıb ki, Vətən müharibəsində digər ölkələrə nümunə olan milli birliyimiz davam etməli və istənilən münasibətlərdə qorunmalıdır:
“Hər vətəndaş, bu torpaqda yaşayan hər bir fərd dövlət başçısının açıqlamalarına doğru yanaşmalı, dövlətin bu istiqamətdə həyata keçirdiyi addımlara sahib çıxmalıdır. Hazırkı siyasi şəraitdə də dövlət başçısı tərəfindən milli və dövlət maraqlarımız qorunur və bu istiqamətdə lazımi addımlar atılır. Bu baxımdan əminəm ki, hazırkı prosesdən də uğurla çıxacağıq. Zaman-zaman müxtəlif ölkələr, yaxud qüvvələr tərəfindən xarici siyasi münasibətlərin korlanması istiqamətində addımlar atılır. Lakin vacibi budur ki, Azərbaycan hazırda öz siyasətini uğurla davam etdirir. Bu məsələrdə hər fərdin üzərinə məsuliyyət düşür. Hər bir vətəndaş milli təhlükəsizliyi qorumaq üçün lazımi addımları atmalı, müharibədə olduğu kimi, Prezidentin ətrafında birləşməli və milli birliyimizi qorumalıdır. Bu, həm də mənəvi məsələdir. Bu Vətən bizimdir və hər kəs bu öhdəliyi anlamalıdır”.

Deputat milli təhlükəsizliyə təhdid ola biləcək, zərər verə biləcək hər bir addımın qarşısının dövlətin müvafiq qurumları tərəfindən uğurla alınacağını bildirib:

“Azərbaycan hüquqi və demokratik qanunlara sahib ölkədir. Kimsə ölkəmizin milli maraqlarına, idelogiyasına zərər verəcək fikir və düşüncələrə yer versə, qanun çərçivəsində addımlar atılacaq. Bu istiqamətdə atılan addımlar cəmiyyətin mövqeyini ifadə etmək baxımından çox doğrudur. Hüquqi cəhətdən qiymət verib, hansısa addım atmaq səlahiyyəti, şübhəsiz ki, hüquq-mühafizə orqanlarının və digər müvafiq strukturların səlahiyyətindədir. Dövlət orqanları indiyədək bu istiqamətdə lazım olan addımları atıb və bundan sonra da atacaq”. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top