İran təkcə Azərbaycanla deyil, Türkiyə ilə də münasibətləri zədələdi — Politoloq

GÜNDƏM 07 okt 2021, 19:22
“Yaxın Şərqdə, xüsusilə Suriyada və regiondakı proseslərdə oyundakənar vəziyyətdə qalması İranın indiyədək yürütdüyü yanlış xarici siyasətlə bağlıdır. Növbəti dəfə İran regionda, xüsusilə Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətləri konteksində özünün geosiyasi maraqlarını təmin etməyə çalışdı, amma bu, İran üçün yanlış hesablanmış addım idi və bu addımın nəticələri üzə çıxmağa başladı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. O, İranın regiondakı dəyişikliklərə qarşı olduğunu, lakin özünün bu dəyişikliklərdən kənarda qaldığını qeyd edib:

“Azərbaycan və Ermənistan əlaqələrində, Qarabağla bağlı məsələlərdə İranın həlledici rol olması üçün İranın 44 günlük müharibəyə qədər ədalətli davranması, səmimi qonşuluq münasibətləri qurması lazım idi. Lakin İran Azərbaycana düşmən olan Ermənistanı hər zaman dəstəklədi, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük savaşda İran Ermənistana açıq şəkildə yardım etdi. İran Ermənistanın ağır məğlubiyyətə uğrayacağını başa düşəndən sonra da bu dəstəyini davam etdirdi. Bütün bunlardan sonra İran, sanki, indi yuxudan ayılıb, proseslərdə özünün iştirakını və diqtəsini təmin etmək istəyir. İran regionda geosiyasi dəyişikliklərə razı deyil, onun mövqeyinə görə, dəyişiklik olacaqsa, İranın geosiyasi maraqlarına uyğun olmalıdır. Lakin İran anlamalı idi ki, o belə bir diqtəni həyata keçirəcək vəziyyətdə deyil. Çünki regionda geosiyasi proseslərdə həlledici olan qüvvələr bu istiqamətdə konkret qərar veriblər. Söhbət Azərbaycan, Türkiyə və Rusiyadan gedir və son hadisələr göstərir ki, Ermənistan da bu əməkdaşlıq platformasına müsbət mesajlarla cavab verir. Bütün bunların fonunda İran bütün mümkün ittiham və addımlarla bu reallığa mane olmağa çalışır.

Məsələnin absurd tərəfi budur ki, İran Ermənistanın təhlükəsizliyinə təminat verə biləcək ölkə deyil. Bu, hüquqi baxımdan mümkün deyil. Ermənistan Avrasiya İqtisadi İttifaqına və həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lazım olarsa, Ermənistanın təhlükəsizliyinə təminat məhz bu qurumlar vasitəsilə verilir. Belə bir durumda İranın arx gəlməmiş çırmanmağı mənasızdır”.

Politoloq qeyd edir ki, İranın addımları onun xarici siyasətinə böyük mənfi təsir göstərdi: “Türkiyə və Rusiyada da onun bu addımları anlaşılmadı, hətta Qərb ölkələrində, Asiya dövlətlərində də İranın mövqeyi dəstəklənmədi. İran Azərbaycanla münasibətləri gərgin müstəviyə daşımaqla qonşuluq münasibətlərində haqsız tərəf olduğunu ortaya qoydu. İran xarici işlər nazirinin Moskvaya səfərindən sonra başa düşməyə başladı ki, proseslər onu daha ağır vəziyyətə doğru aparır. Azərbaycana qarşı ittihamlar səsləndirməklə, boş hədələrlə İran nəsə qazanmadı, əksinə, itirdi. Düşünürəm ki, diplomatik münasibətlər normal məcrada davam etsə də, Azərbaycanla İran arasındakı əlaqələr əvvəlki kimi olmayacaq. Çünki İran öz addımları ilə Azərbaycana dost münasibəti göstərmədiyini sübut etdi. Azərbaycan da artıq İranın bu niyyətini anladı. İran son hadisələrdə təkcə Azərbaycanla deyil, Türkiyə ilə də münasibətləri zədələdi. İran son zamanlarda apardığı yanlış xarici siyasətlə özünü çətin vəziyyətə saldı. İranda Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirən qüvvələr, əslində, İranın əleyhinə addımlar atmış olduqlarını gördülər. Azərbaycanın bu istiqamətdə heç bir problemi yoxdur. Nəticə etibarı ilə yanlış siyasəti nəticəsində ortalıqda qalan İran oldu. Bu məsələdə İranı heç bir regional və qlobal qüvvələr dəstəkləmədi. İran bu addımların mənfi nəticələrini qarşıdakı illərdə daha yaxşı anlayacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top