Hüquq müdafiəçisi: "Əlləri dinc insanların qanına bulaşmış qatil necə kişilikdən danışa bilər?"

GÜNDƏM 07 okt 2021, 15:56
Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusu üzərindəki tarixi Qələbənin sevincini hələ də yaşayırıq. Dünyanın süpergüc dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədikləri Ermənistan–Azərbaycan münaqişəsinə ölkəmiz öz gücü ilə 44 gün ərzində son qoydu. Bununla da dünya birliyinə sübut etdi ki, münaqişənin hərbi-siyasi yolla nizamlanması mümkün idi. Lakin hər dəfə Ermənistanı müdafiə edənlər sübut etməyə çalışırdılar ki, münaqişənin güc yolu ilə həlli mümkün deyil. Belələri də şahidi oldular ki, Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi öz gücü ilə azad etməyə qadirdir. Söz yox ki, 2018-ci ilin Aprel döyüşlərində, 2018-ci il Günnüt əməliyyatında və 2020-ci ildə düşmənin Tovuz ərazisində törətdiyi təxribatlar zamanı aldığı layiqli cavablardan nəticə çıxarmalı, işğalçılıq siyasətinə son qoymalı idi. Lakin “böyük Ermənistan” dövləti yaratmaq iddiası və xarici havadarlarının dəstəyi Ermənistanı daha da azğınlaşdırırdı.

Demokrat.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ifadə edib.

Hüquq müdafiəçisi deyib ki, sentyabrın 27-də Ermənistan ordusunun başladığı genişmiqyaslı təxribatlar onlara baha başa gəldi. Bu dəfə aldıqları zərbə qaçılmaz oldu. Cəmi 44 gün davam gətirən Ermənistan ordusu darmadağın edildi və düşmən rəsmən təslim olduğunu bəyan etdi. Müharibə Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdıqdan bir neçə gün sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərlər etdilər və bərpa-yenidənqurma işlərinə start verildi. İşğaldan azad edilmiş ərazilərə səfərlər artıq mütəmadi hal alıb. Həmin ərazilərdə aparılan bərpa-yenidənqurma işlər sürətlə davam etdirilir. Artıq bir neçə ölkənin iri şirkətləri də bu işlərə qoşulub.

Dövlət başçımızın və birinci xanımın növbəti səfəri Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə, Talış kəndinə, Bərdə və Cəbrayıl rayonlarına oldu. Dövlətimizin başçısı oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdı. Müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror – su terroru da törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, bizim böyük uğurumuz idi.

Ç.Qənizadə müharibənin ilk günlərindən ciddi təzyiqlə qarşılaşan Ermənistan ordusu, şəxsi heyət dərin mənəvi-psixoloji sarsıntı içində olduğunu vurğuladı. Bildirdi ki, oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. İşğalçı ordu silah-sursatı atıb qaçırdı. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Erməni əsgər və zabitləri görürdülər ki, onların hakimiyyəti yalan danışır, onları ölümə göndərir. Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu fərari ordunun əsasını hazırda İrəvanda gizlənmiş, əlləri günahsız insanların qanına batmış keçmiş prezident Serj Sarkisyan tərəfindən qoyulub. Fərarinin yaratdığı ordudan fərarilikdən artıq nə gözləmək olar? Müharibə başlayanda Xankəndidə olan, sonra Azərbaycan Ordusunun hər gün irəlilədiyini görəndən sonra xəlvəti qaçıb İrəvanda gizlənən Serj Sarkisyanın gizləndiyi yerdən kişilikdən dəm vurması gülüş doğurur.

“Hüquq müdafiəçisi Serj Sarkisyanın əllərinin günahsız insanların qanına bulaşdığından dünya ictimaiyyətinin də məlumatlı olduğunu diqqətə çatdırdı. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirməsinin təşkilatçısı və rəhbəri məhz Serj Sarkisyanın olması gizli deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Serj Sarkisyanın təşkil etdiyi Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

2001-ci il mayın 18-də Ermənistanın o vaxtkı müdafiə naziri, sonradan sabiq prezidenti Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasətin bariz isbatıdır: “İşğal etdiyimiz torpaqlar var. Burada utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci ildə və öncəsində də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Dövlətimizin başçısı Serj Sarkisyanın britaniyalı jurnalistə verdiyi müsahibəsini xatırladan Ç.Qənizadə vurğulayıb ki, Sarkisyan həmin müsahibədə Xocalı soyqırımını şəxsən özü törətdiyini bildirmişdi. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serj Sarkisyandır. İngilis tədqiqatçı Tomas de Vall “Qara Bağ” adlı kitabını yazarkən apardığı araşdırmalar çərçivəsində o vaxt Ermənistanın müdafiə naziri olan Sarkisyandan da müsahibə götürüb. Sarkisyan özü Xocalıda dinc insanların kütləvi şəkildə, qadın, uşaq, qoca demədən qırılmasına rəhbərlik etdiyini təsdiqləyir. O deyir: “... Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Hüquq müdafiəçisi söyləyib ki, erməni xalqı həm öz millətinin, həm də digər dövlətlərin günahsız insanlarının qanına əlləri boyanmış Serj Sarkisyana 2018-ci ildə keçirilən seçkilərdə “yox!” dedi. O isə növbəti saxtakarlıq törədərək özünə 50 faizdən çox səs yazdırıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu cinayətdə Sarkisyanla şərik oldu. Bu təşkilat Sarkisyanla hansı yollarlasa sövdələşmə apararaq, onun qələbəsini tanıyıb. Dövlət başçısının qeyd etdiyi kimi, Sarkisyan seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumaraq razılıq verir.

Ç.Qənizadə bu yaxınlarda Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini də xatırladıb. Deyib ki, görün, bu ölkədə Serj Sarkisyana necə nifrət varsa, o, heç beş faiz də səs toplaya bilməyib. Erməni xalqı bu məxluqa nə qədər nifrət edirsə, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki Sarkisyana.

Bu gün biz Suqovuşandayıq, Şuşadayıq, Hadrutdayıq, Xocavənddəyik, Ağdamda, Cəbrayılda, Zəngilanda, Laçında, Kəlbəcərdəyik– Qarabağın hər yerindəyik. Qarabağ Azərbaycandır!(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top