Ekspert: "İranın bu addımları daha çox Zəngəzur dəhlizi ilə bağlıdır"

GÜNDƏM 07 okt 2021, 11:20
"İran atdığı addımlarla özünü çətin vəziyyətə salır. Ölkə son illərdə atom enerjisi, uranın zənginləşdirməsi ilə bağlı ABŞ-ın və Qərbin embarqosuna məruz qalıb. Bu səbəbdən, İran əhalisində vəziyyətin ağırlaşması ilə bağlı həyəcanlar olur və bu, davam edir. Amma İran öz "iştaha"sından da əl çəkmir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov bildirib. 

O, qeyd edib ki, İran Azərbaycan əleyhinə yönəlmiş addımlar atmaqla öz vəziyyətini ağırlaşdırır:

"İranın Azərbaycana qarşı mümkün addımlarının və bu istiqamətdə cəhdlərinin ciddi təsirinin olacağını düşünmürəm. Azərbaycana hansısa çətinlik yaransa belə, Türkiyə dövləti və ordusunun varlığı unudulmamalıdır. 

Digər tərəfdən, artıq Azərbaycan Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Biz əvvəllər də Ermənistan üzərindən Naxçıvana uçuşlar həyata keçirmişik, sadəcə, son illərdə vəziyyətin gərginləşməsindən sonra bu uçuşlar dayandırılmışdı. Artıq yəqin ki, Ermənistanın mülki aviasiyası da bizim hava məkanımızdan istifadə edə biləcək. İranın son çabaları isə onun çoxillik dövlətçilik və diplomatiya təcrübəsinə uyğun gəlmir. İranın bu addımları daha çox Zəngəzur dəhlizi ilə bağlıdır. İran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə onun yerli iqtisadiyyatına ziyan dəyəcək, amma dəhlizin açılmasında çox böyük siyasi məna var. Dəhliz fəaliyyətə başlaması ilə Türk ölkələrinin qovşağı rolunu oynayacaq. İran unudur ki, dəhliz işə salınmasa belə, artıq həmin Türk qovşağı yaranıb. Bu baxımdan, İranın həyəcanı yersizdir".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top