Yaşı 70-dən yuxarı olan neçə nəfər var? — Nazirlik

SOSİAL 01 okt 2021, 14:02
BMT-nin Baş Məclisi tərəfindən1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
 
“Sosial xidmət haqqında” Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, hazırda ölkəmizdə yaşı 70-dən yuxarı vətəndaşların sayı 440 minə yaxındır.
 
Rəsmi məlumata görə, ümumilikdə əmək pensiyaçılarının mühüm bir hissəsi ahıllardır:
 
“Ötən dövrdə ölkəmizdə pensiyaların dəfərlərlə artırılması təmin olunub. Xüsusilə 2019-cu ildəki inqilabi sosial islahatlar nəticəsində minimum pensiya da 72,4 faiz, yaşa görə müavinət 80 faizə yaxın artırılıb. Təkcə son üç ildə orta aylıq pensiyalarda 60 faiz artım, pensiya istiqaməti üzrə ödənişlərə ayrılan illik maliyyə vəsaitində 50 faizə yaxın artım özünü göstərib. Pensiya təminatı sistemində son illərdə hümanist yanaşmalar da tətbiq edilməklə, yaşlı nəslin bu təminat növünə əlçatanlığı xeyli artırılıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi də Hökumətin yaşlıların rifahının təmin edilməsi istiqamətində gördüyü işlərə mühüm dəstəkdir. Layihə çərçivəsində yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə dəstək üçün müxtəlif tədbirlər, proqramları həyata keçirilir”.
 
Qeyd edilib ki, ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır:
“Həmin vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilir ki, bu təqaüdlərin məbləği ötən dövrdə dəfələrlə artırılıb. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamları əsasında İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilir və son illərdə bu maddi yardımın məbləği 3 dəfə artırılaraq 500-dən 1500-ə çatdırılıb, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə 4 dəfəyə yaxın artırılaraq 200 manatdan 750 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 100-dən çox II Dünya müharibəsi əlili mənzillə, 1150-yə yaxın II Dünya müharibəsi əlili avtomobillə təmin olunub”.
 
Həmçinin pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində, 1000-dən çox şəxsə sosial xidmət müəssisələrində sosial xidmətlər göstərildi. Hazırda Nazirliyin tabeliyindəki Sosial Xidmət Agentliyi tərəfindən bütün tənha ahıl və əlilliyi olan şəxslər evlərində zəruri sosial-məişət xidmətləri ilə təmin edilirlər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top