Nəşriyyatın qaranlıq üzü və işığa çıxmaq GÖZLƏNTİSİ...

MEDİA 01 okt 2021, 13:24
Prezident İlham Əliyev “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovu vəzifəsindən azad etdi. Bu, dövlət başçısının Azərbaycan mediasına, jurnalistikasına ən böyük müjdələrindən biridir. Çünki Ağabəy nəşriyyatda əsl bəylik dövranı sürdürürdü. Nə az, nə çox, düz 16 ildir – 2005-ci ildən –  nəşriyyatı biznes mərkəzinə çevirmiş, mətbuata xidmət profili olan dövlət mülkiyyətini sözün gerçək mənasında “dədəsinin malı kimi” istifadə edirdi. Əsgərovun bəylik dövranında nəşriyyatda etdiklərini saydıqca bitməz, buna nə zaman, nə də mürəkkəb yetər. Zamanımız və mürəkkəbimiz yetən qədər bəzi məqamlara toxunacağıq.

“Azərbaycan” nəşriyyatı Azərbaycan mediasının qaranlıq yuvasına çevrilmişdi və binanın dəhlizlərinə daxil olanda sanki milli mətbuatın qəbrini ziyarət edirmiş kimi hiss yaranırdı. Niyə?

Ağabəy Əsgərov hələ sovet dövründə mətbuat üçün inşa edilən və uzun illər jurnalistikaya xidmət göstərmiş, müstəqilliyimizin bərpasından sonra da eyni qayə üçün dövlət tərəfindən ayrılan nəşriyyatın binasını mətbuat adına aid olmayan bütün vasitələr üçün istifadə edirdi.

- Mebel sexləri
- Lombardlar
- Stomotoloqlar
- Dəmir sexləri
- Daşınmaz əmlak ofisləri (makler)
- Xalça yuma firmalar
- Maşın sexləri
- Təkər yamama
- Qab-qacaq dükanları
- Suvenir mağazaları 
Və “jurnalist” adı altında gizlənən reketlər.

Əsgərov rəhbərlik etdiyi “Azərbaycan” nəşriyyatının binasını bu və saydıqca bitməyən qeyri-media sahələrinə icarəyə vermişdi.


Alan da satan, satan da. Əsas prinsip bu idi. Çünki Əsgərov dövlət mülkiyyətinin otaqlarını dəyər-dəyməzinə icarəyə verir, icarəyə götürənlər də daha münasib olduğu üçün nəşriyyata axışırdı.

Nəşriyyatın qaranlıq, üfunət iyi verən, antisanitar dəhlizləri və otaqları Azərbaycan mətbuatının məzarını xatırladır. Əsgər medianın məzarlığı üzərində özünə biznes qurub, pulunu qazanırdı.

Nəşriyyatda barmaqla sayılacaq qədər istisnaları saymasaq, media adına əsasən reket jurnalistlər yer alıb. Onlar adı olub, özü olmayan qəzetlərində demək olar ki, hər gün dövlət qulluqçularını şantaj edirlər. Bütün bunlara şəraiti yaradan da Əsgərov idi.

Ağabəy Əsgərov hətta o qədər harınlamışdı ki, dövlət əleyhinə çıxış edənlərə də şəxsi mülki hesab etdiyi nəşriyyatın binasında yer verir, platforma yaradırdı.
2020-ci ilin parlament seçkilərində deputatlığa keçmiş namizəd Ayaz Qocamanov “seçkilər saxtakarlıqla keçirildi” iddiasını məhz Əsgərovun rəhbərlik etdiyi “Azərbaycan” nəşriyyatında irəli sürmüşdü. Əsgərov bu keçmiş namizədə otaqların birini 200 manata icarəyə vermişdi, o da icarə götürdüyü otaqda “mətbuat konfransı” keçirərək, dövləti, onun seçki sistemini saxtakarlıqda ittiham etmişdi.

Əsgərov nəşriyyatın binasını mediaya aid olmayan hər şeyə satdığı kimi, dövləti də 200 manata satmışdı.

Nəhayət, Əsgərov dövranı başa çatdı və bu Əli Həsənovun gedişindən sonra Azərbaycan mətbuatı üçün ikinci ən böyük müjdə hesab oluna bilər. Bundan sonra əsas iş “Azərbaycan” nəşriyyatının adını Azərbaycana layiq şəkildə qaytarmaq, “qaranlıq yuva”ya çevrilən dövlət mülkiyyətini sözün bütün mənalarında çirkabdan təmizləmək, binanı mətbuatın xidmətinə vermək qalır. İnanırıq ki, Əsgərovdan sonra bunun şahidi olacağıq, Həsənovdan sonra medianın üzü güldüyü kimi...

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top