Ermənilərin verdiyi mina xəritələri reallığı əks etdirmir —​ Hərbi ekspert

GÜNDƏM 01 okt 2021, 13:10
Dünən saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət keçən qulluqçusu, kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilib.
Hərbçilərimizin Ermənistan tərəfindən mina xəritəsi təqdim olunmuş ərazilərdə belə hadisəyə tuş gəlməsi bir daha işğalçı ölkənin xislətindən xəbər verir.
.
Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bildirib ki, Ermənistan tərəfindən verilən xəritələrin real mənzərəni əks etdirəcəyinə şübhə ilə yanaşdığını daha əvvəllər də söyləyib:

“Bu şübhələr iki məsələ ilə əlaqədardır.

Birincisi bilirik ki, Azərbaycan ərazilərinə kütləvi minaların basdırılması 90-cı illərdən başlayıb. 1990-cı illərdə Ermənistanın bu minaların yerləşdiyi ərazilərin texniki sənədlərini tərtib etmək üçün kifayət qədər kadrlara malik olmadığı hər birimizə aydındır. Belə olan halda qeyri-peşəkar birisinin xəritə ilə işləməsi və xəritə üzərində minaların yerləşdiyi əraziləri dəqiqliklə qeyd etməsi inandırıcı deyil. Bu hətta mümkün deyil”.

Ekspertin fikrincə, eyni sahələrə minalar bir dəfə deyil, bir neçə dəfə kortəbii halda basdırılıb:

“Digər bir tərəfdən isə həmin ərazilərdə minaların basdırılması prosesi bir neçə dəfə müxtəlif səbəblərdən təkrarlanıb. Yəni eyni sahələrə minalar bir dəfə deyil, bir neçə dəfə basdırılıb. Bəzən isə minaların kortəbii halda basdırılmasına rast gəlinir.

Bu xəritələr böyük ehtimalla Azərbaycana yalnız həmin minalı sahələrin kontur və sektorlarını təyin etməkdə daha çox yardım edə bilər. Amma yenə də ərazi yoxlanıldıqdan sonra bu barədə dəqiq fikir yürütmək doğru olar.

İstənilən halda Azərbaycan ərazilərində basdırılan minaların təhlükəsi hələ uzun müddət bizi təqib edəcək. Həm hərbçilərimiz, həm də inşaat şirkətlərində çalışan mülki əhalimiz kifayət qədər diqqətli və ehtiyalı olmalıdırlar. Yoxlanılmamış ərazilərə kimsə daxil olmamlıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top