Azərbaycanda prokuror həbsdə olan hakimə cəza istədi

KRİMİNAL 29 sen 2021, 19:12
Uzun müddət Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan iclasda prokuror çıxış edib.

Prokuror Lətif Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Növbəti proses oktyabrın 6-da davam edəcək.

İttihama görə, Apelyasiya Məhkəməsində hakimi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə yaxın münasibətləri olan qohumu Azad İbrahimovun Bakı şəhəri ərazisində torpaq sahəsi almaq istədiyini və bunun üçün 13400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 12132 manat) olmasını öyrəndikdən sonra həmin pulu ələ keçirmək qərarına gəlib.

Bu məqsədilə 2000-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Azad İbrahimovla əlaqə saxlayaraq, ona tam mülkiyyət hüququ təsbit olunmuş torpaq sahəsini alacağına dair yalandan vəd verib. O, Azad İbrahimovu aldadaraq, vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edib.

Lətif Nəbiyev 2000-ci il tarixdə yaşadığı evdə Azad İbrahimovla görüşüb, ona torpaq sahəsinin alınması üçün razılaşdırılan məbləği, yəni həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində nağd pulunu alıb. 2003-cü ildə istintaqla müəyyən edilməyən gündə Türkiyədən Azərbaycana gələn Azad İbrahimovun inamını möhkəmləndirmək məqsədilə onunla birlikdə Xətai rayonu Şahin Səmədov küçəsinə gəlib, orada sahibi bilinməyən 7 sot torpaq sahəsi olan boş ərazini göstərib, guya həmin torpaq sahəsini tam mülkiyyət hüququ əsasında onun adına aldığını bildirib. Azad İbrahimovdan 13.400 dolları alaraq ələ keçirib.
Lətif Nəbiyev Azad İbrahimovun 2006-cı ilin noyabr ayının sonlarında Novxanı, Mərdəkan və ya Bilgəh qəsəbələrindən birində dənizkənarı ərazidə torpaq sahəsi almaq istədiyini, bunun üçün 100 min ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 87.260 manat) pulunun, hətta həmin məbləğdən daha artığının olmasını dəqiqləşdirib. O, həmin pulu ələ keçirmək məqsədilə qeyd olunan ərəfədə Türkiyədə yaşayan Azad İbrahimovla istintaqla müəyyən edilməyən şəraitdə telefon əlaqəsi saxlayaraq onun üçün Bakı şəhərinin ən gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 12.000 kvadrat metrlik torpaq sahəsi tapdığını, həmin torpağın ümumi dəyərinin 500.000 dollar təşkil etməsinə baxmayaraq tutduğu hakim vəzifəsinə görə 240.000 dollara (həmin dövrün məzənnəsi ilə 209.424 manat) ala biləcəyini, 100.000 dolların ilkin olaraq nağd qaydada verilib, qalan məbləğin isə növbəti vaxtlarda hissə-hissə ödənilməsinin mümkün olduğunu bildirib.

Lətif Nəbiyev 2006-cı ilin noyabr ayının sonlarında yaşadığı ünvanda Azad İbrahimovun arvadından həmin dövrün məzənnəsi ilə 87.260 manat ekvivalentində 100.000 dollar, eyni niyyətlə 2007-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə qayını və sürücüsü vasitəsilə Azad İbrahimovun qardaşından Binə sovxozu, Südçülük qəsəbəsindəki fərdi yaşayış evində həmin dövrün məzənnəsi ilə 65.085 manat ekvivalentində 75.000 dollar, 2007-ci ilin iyun ayının sonlarında Azad İbrahimovun əmisi oğlundan 22.245 manat ekvivalentində 25.000 dollar məbləğində pulu əldə edib.

Lətif Nəbiyev Prezidentin 2008-ci il tarixli sərəncamı ilə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq bunu Azad İbrahimovdan gizlədib və özünü vəzifəli şəxs, yəni Suraxanı rayon Məhkəməsinin sədri kimi təqdim edib.

Lətif Nəbiyev sonuncu dəfə 2008-ci ilin oktyabr ayının sonlarında 3 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında Azad İbrahimovun əmisi oğlundan həmin dövrün məzənnəsi ilə 27.536 manat ekvivalentində 34.000 dollar alıb.

Bundan başqa, Lətif Nəbiyev Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib.

Lətif Nəbiyev 2012-ci ilin may ayının əvvəllərindən həmin ilin iyun ayının əvvəllərinədək olan müddətdə Bakı şəhərində yerləşən, istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 15.716 manat ekvivalentində 20.000 dollar məbləğində pulu, 2012-ci ilin iyun ayının ortalarında isə Pervouralskiy şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 1.571 manat ekvivalentində 2.000 dollar məbləğində pulu Bakı şəhərində yerləşən bankda olan öz hesabına köçürülməsi yolu ilə ələ keçirib.

Daha sonra Lətif Nəbiyev eyni niyyətlə 2012-ci ilin avqust ayının əvvəllindən həmin ilin sentyabr ayının sonunadək olan müddət ərzində, müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Səbail rayonu, S.Vurğun adına parkın yaxınlığında yerləşən, “Atra Bank”ın Nəsimi rayon filialının 6 saylı valyuta dəyişmə məntəqəsində xəzinədar işləyən şəxsdən hissə-hissə ümumilikdə həmin dövrün məzənnəsi ilə 22.526 manat ekvivalentində 28.000 dolları şəxsən və tanışı vasitəsilə alıb.

Bundan başqa, Lətif Nəbiyev bir şəxsə Gəncə şəhərində su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib. O, Abşeron rayonu, Saray qəsəbəsi, “Bolmart” mağazasının qarşısında 3.000 dollar, 2017-ci ildə 2.000 dollar, may ayında müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Gəncə şəhərində zərərçəkmişin qayınından 4.000 və 700 dolları alaraq ələ keçirib.

Lətif Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə Lərif Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib.

Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top