Vətəndaşlar rayon rəhbərlərinin hansısa işin görülməsi müqabilində rüşvət tələb etdiyini bildirirlər — Millət vəkili


SOSİAL 29 sen 2021, 12:46
Ölkə yeni islahatlar mərhələsinə qədəm qoyub. Bütün sahələrdə az qala hər gün bu ifadə ilə qarşılaşır və əməli nəticələrini də görürük. Amma hələ də sözü ilə əməli düz gəlməyən, yerlərdə ölkə başçısının siyasi iradəsinin əksinə gedərək, vətəndaşları incidən rəhbər şəxslər, başçılar qalmaqdadır...
 
Hələ anlamır, yaxud da anlamaq istəmirlər ki, “burda mənəm, Bağdadda kor Xəlifə” deyən kiçik padşahların zamanı keçib. Onlardan kimisi illərlə möhkəmləndiyi kreslosundan birbaşa dəmir barmaqlıqlar arasına göndərilib, kimisə də elə həbsdəcə dünyasını dəyişib.
 
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötənilki əməliyyatları zamanı Ağstafanın sabiq başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov ölkə və xalq qarşısında götürdükləri öhdəlikləri “özlərinə uyğun” şəkildə yerinə yetirdikləri üçün layiq olduqları yerlərə göndəriliblər.
 
Adları çəkilən sabiq məmurlardan Nizaməddin Quliyev bu günlərdə elə həbsxanada COVID-19-a yoluxaraq, işıqlı dünya ilə vidalaşdı. Onun əməlləri isə o dünyasına nə dərəcədə işıq tutacaq, bunu bir Allah, bir də özü biləcək.
 
Yevlaxın sabiq başçısı Qoca Səmədov isə kəfəni son anda yırtmaqla, həm də həbsdən azad edilib. Belə ki, bir neçə gün əvvəl Q.Səmədovun səhhətində problemlər yaranıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onunla bağlı başqa yerə getməmək barədə iltizam tədbiri seçilib və Q.Səmədov azadlığa buraxılıb. Hələlik azadlığı xəstəxananın reanimasiya şöbəsinə sığacaq qədərdir... İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin dünən keçirilməli olan məhkəməsi 37.4 dərəcə temperatur, ağciyərinin hər iki tərəfində pnevmoniya əlamətləri səbəbindən təxirə salınıb. Sonuncular hələ ki, Əzrayılla çilingağac oynayırlar. Digərləri isə hazırda istintaq altındadırlar və barələrində araşdırmalar davam etdirilir...
İcra başçıları ilə bağlı ən sərt tədbirlər isə bəzilərini ümumiyyətlə narahat etmir...
 
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, vəziyyət əvvəlkilə müqayisədə nisbətən düzəlib:
 
“Son vaxtlar Prezident icra başçıları ilə onlayn görüşlərdə öz tövsiyə və tapşırıqlarını verir. Onları həmişəki kimi xalqla bir olmağa, vətəndaşın yanında olmağa çağırır. Müqayisə edəndə son vaxtlar icra başçıları ilə bağlı xaotik vəziyyət sabitləşib. Amma problemlər, xalqı incidənlər hələ də özbaşınalıqlarına davam edirlər. Neçə icra başçısı həbsdədir, hətta sağlıq durumu yaxşı olmayanlar, türmədə rəhmətə gedəni də var. Artıq başa düşməlidirlər ki, zaman dəyişir, tələbat dəyişir. İcra başçılarına olan mövqe da sərtdir. O mənada sərtdir ki, ümumiyyətlə onların qarşısına qoyulan tələb təmiz, şəffaf işləmələrilə bağlıdır”.
 
Parlamentari hesab edir ki, mövcud problemləri kökündən həll etmək üçün vahid struktur yaradılmalıdır:
 
 
“Yerlərdəki icra hakimiyyətləri, bələdiyyələr vahid strukturda birləşməlidir. Ya bələdiyyələri, ya da İcra Hakimiyyətlərini saxlamaq lazımdır. Bələdiyyələr faktiki olaraq, İcra Hakimiyyətlərinin bir şöbəsi kimi fəaliyyət göstərə bilər. Yaxud a Türkiyə variantından istifadə edib, oradakı kimi bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir ki, işləsinlər.  
Hazırda işğaldan azad olunmuş ərazilərin İcra Hakimiyyətlərilə yanaşı, bölgədə Prezidentin xüsusi nümayənələri də çalışır. Bu isə qeyd edilən yerlərdə görüləcək işin çoxluğu ilə bağlıdır. Xüsusi nümayəndələr birbaşa Prezident Administrasiyasına tabedir və ölkə başçısı bütün işlərə şəxsən nəzarət edir. Məhz bunun nəticəsində 1 il ərzində işğaldan azad edilmiş ərazilərdə çox böyük işlər görülüb.
 
Ümumilikdə Qarabağda həyat tam bərqərar olduqdan sonra nümayəndəliklər qalacaq, yoxsa ləğv ediləcək bu Prezidentin səlahiyyətində olan məsələdir. Amma həmin ərazilər üzrə İcra Hakimiyyətləri də, aparatları da qalır. Çünki qarşıda hələ görüləcək işlər çoxdur.
Gələcəkdə çevik, operativ, proseslərə dərhal reaksiya verə bilən, sərbəst işləməyən, rayona investor cəlb etməyi bacaran struktur formalaşdırılmalıdır. Yollar, məktəblər, bağçalar, iş yerlərilə bağlı investorların cəlbi mütləqdir. Proseslərə baxış dəyişməlidir. İcra başçıları öz mülklərini, varidatını artırmaq üçün yox, xalqın rifahına, onların problemlərinin həllinə çalışmalıdırlar. Rayon icra başçılarının şəxsi mülki deyil ki, ondan hər cür istifadə etsinlər”.
 
Deputat deyib ki, yerlərdə ən çox şikayət torpaq, torpağın bölüşdürülməsi, rüşvət halları ilə bağlıdır:
“Sahibkarlar, bələdiyyələr, icra nümayəndələri, vətəndaşlar rayon rəhbərlərinin hansısa işin görülməsi müqabilində rüşvət tələb etdiyini bildirirlər. Hətta şəhid ailələrini incidənlər də var. Həssas qrupdan olan əhalinin problemləri çoxdur. Amma onların hamısını birdən həll etmək mümkün deyil. Təbii ki, bunlar təkcə icra başçısından asılı məsələ deyil. Amma istənilən halda, şəhid ailələrini, qaziləri incitmək olmaz. Əgər məsələ sənlik deyilsə, müvafiq quruma yönləndirməlisən. Bu, hamımızın borcudur”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top