Kəlbəcər və Qubadlıda hərbi prokurorluq binalarının açılışı olub

SOSİAL 28 sen 2021, 11:51
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 1 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Kəlbəcər və Qubadlı rayonlarında müvafiq hərbi prokurorluqların inzibati binalarının inşasına başlanılaraq qısa vaxt ərzində inşası başa çatdırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Respublika Baş Prokurorluğunun və Hərbi Prokurorluğun rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər və Qubadlı Hərbi Prokurorluqlarının yeni inzibati binaların açılış mərasimində iştirak edib.

Açılış mərasimlərində çıxış edən Baş Prokuror Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulanıb.

Baş Prokuror hər iki hərbi prokurorluğun, eləcə də Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının əməkdaşları ilə görüşüb, onlara fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini verib, daha sonra inzibati binaların həyətində ağaclar əkilmiş və digər abadlıq işləri görülüb.

Həmçinin, Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev də hərbi prokurorluqlarda yaradılan iş şəraiti ilə tanış olaraq əməkdaşlarla görüşüb fəaliyyətlərində uğurlar arzu edib.
Səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə, eləcə də Qubadlı rayonunda DSX-ın N saylı hərbi hissəsində xidmətdə olan hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

Bundan başqa, heyət səyyar hospitalda müalicə alan hərbçilər ilə görüşərək onların müalicə vəziyyəti ilə maraqlanıb.
Sentyabrın 27-də - Anım günündə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlər üçün yaradılan abidə ziyarət edilib, orada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top