Azərbaycanın Vətən müharibəsində qazandığı uğurlarının qabarıq etirafları

GÜNDƏM 25 sen 2021, 15:05
Prezident İlham Əliyevin son müsahibəsində Rusiya auditoriyasına və dünyaya ünvanlanmış maraqlı mesajlar var.
 
Prezident İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsi 44 günlük Vətən müharibəsi ilə bağlı mühüm detallarla zəngindir. Təkcə daxili deyil, daha çox Rusiya auditoriyasına və dünyaya ünvanlanmış mesajlarla zəngin müsahibədə müharibənin indiyə qədər açıqlanmayan məqamları, sülh prosesi və regionun gələcəyi ilə bağlı fikirlər yer alıb. 

Müsahibədə diqqəti cəlb edən mühüm məqam Prezidentin, Azərbaycan Ordusunun şərəfli missiyasının rusiyalı jurnalistin suallarında belə etiraf olunması, vurğulanmasıdır. Nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkonın fikirlərini, əslində həm də Rusiya elitasının, ictimaiyyətinin 44 günlük Vətən müharibəsinə, müharibədən sonrakı proseslərə baxışı, verdiyi qiymət hesab etmək olar. Həmin fikirlərin bir neçəsinə diqqət edək:

“44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, ilk növbədə, dronlar müharibəsi adlandırırlar. Əlbəttə, İkinci Qarabağ müharibəsinin, necə deyərlər, vizit vərəqi olan bu amil Azərbaycanın pilotsuz uçuş aparatlarının bütün siniflərindən nə dərəcədə genişmiqyaslı və səmərəli istifadə etdiyini göstərir. Bu, XXI əsrin müharibəsi idi...” 

“Biz erməni təbliğat maşınının necə işlədiyini, Azərbaycanın necə cavab verdiyini görürdük. “Rossiya” telekanalının “60 dəqiqə” proqramının efirə çıxdığı gün rusiyalı televiziya tamaşaçılarının çoxunun yadındadır. Axşam vaxtı, ən münasib saatlarda on milyonlarla rusiyalı həmin verilişə baxırdı. Orada Siz də çıxış etdiniz, cənab Paşinyan da. Mən, necə deyərlər, cənab Paşinyanın bostanına daş atmaq istəmirəm, lakin Sizin çıxışınız siyasi zəfər, informasiya savaşında zəfər idi, - bunu çoxları gördü. Siz öz mövqeyinizi son dərəcə sərrast, sakit, polad məntiqlə şərh etdiniz. Opponentinizin, yumşaq desək, inandırıcı təsir bağışlamaması da göz qabağında idi. Bax, bu informasiya tərkib hissəsi insanların zəkaları uğrunda, beynəlxalq birliyin münasibəti uğrunda mübarizə idi”...

“Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü”...

“Azərbaycan müharibənin yaralarını sağaldır və bu işin sürəti heyrət doğurur. Mən Füzulidə, Ağdamda olmuşam, sanki nüvə bombardmanından sonrakı yerlərdir. Binaların bünövrələri də dağıdılıb, salamat qalmış bircə bina da yoxdur. Yalnız Ağdamdakı məscid qalıb, lakin erməni hərbçiləri bu məscidin minarələrindən artilleriya atəşini dəqiqləşdirmək üçün istifadə edirdilər. Qalan hər şey məhv edilib. Füzuli şəhəri, digər şəhərlər, minlərlə kənd dağıdılıb. Bax, bu fonda Füzulidə yeni beynəlxalq aeroport tikilir. Füzuliyə, Şuşaya yeni, çox gözəl yollar çəkilir. Bu işlərin sürəti, açıq deyək, heyrət doğurur”...

Müsahibədə bu gün fəxrlə, qürurla danışdığımız, dünya hərb tarixinin yeni səhifəsi olan 44 günlük Vətən müharibəsi dövründə baş verənlərə, həmçinin müharibəyə qədər olan dövrdə həyata keçirilən işlərlə bağlı açıqlanan yeni məqamlara nəzər saldıqda necə bir düşünülmüş, uzaqgörən, prinsipial siyasətin həyata keçirildiyini tam aydınlığı ilə görmək mümkündür. Məhz müharibəyə qədər olan dövrdə həyata keçirilən təkmil siyasi idarəetmə, daxili və xarici siyasətdə qazanılan böyük uğurlar, iqtisadi potensialın formalaşdırılması güclü Azərbaycan Ordusu doğurdu. Bütün dünya müharibə zamanı güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun əyani şahidi oldu. 

Müharibəyə qədər olan dövrdə Azərbaycanın bütün resurslarını səfərbər edərək vahid məqsədə istiqamətləndirməyi bacaran, dövləti, ordunu gücləndirən Prezident İlham Əliyevi müharibə dövründə nəinki ölkə ictimaiyyəti, bütün dünya sanki yenidən kəşf etdi. Qurtuluş savaşına başlayan Azərbaycanın, onun ordusunun başında liderlik xüsusiyyətləri olan, cəmiyyəti vahid amal uğrunda səfərbər etməyi bacaran, güclü, dünya səviyyəli siyasətçi, mahir strateqin dayanması uğurları şərtləndirirdi. 

Müsahibədə açıqlanan indiyə qədər bizə məlum olmayan ayrı-ayrı detallar isbat edir ki, Prezident hərbi  əməliyyatların ən xırda detallarına belə şəxsən rəhbərlik edib, bütün məsələləri dəqiqəbədəqiqə izləyib, nəzarətdə saxlayıb, müvafiq tapşırıqlar verib. Azərbaycanın düşmənin heç bir təxribatına getməməsi, humanitar hüququn tələblərinə riayət etməsi, müharibənin və coğrafi relyefin çətinliklərinə baxmayaraq, itkilərin minimallaşdırılması yürüdülən düzgün siyasət sayəsində mümkün olub. Özünün şəxsi keyfiyyətləri sayəsində cəmiyyəti və ordunu qələbəyə ruhlandırmağı, qələbə əzmi aşılamağ bacaran Ali Baş Komandan xalqı Qarabağ uğrunda savaşda bir yumruğa döndərə bilib. 

Təkcə bunlarmı? 

Müharibə vaxtı Prezident İlham Əliyevin həm xalqa müraciətləri, həm də çoxsaylı əcnəbi, nüfuzlu media qurumlarına davamlı müsahibələri hamının yaxşı xatirindədir. Ayrı-ayrı çevrələrin təsir dairəsində olan bəzi tv-lərin təxribatçı suallarını Prezidentin təmkinlə cavablandırdığı yaddaşlardan silinməyib. 

Prezident İlham Əliyev hələ müharibədən əvvəlki dövrdə ali tribunalardan Ermənistanın işğalçılıq siyasətini necə əzmlə, yorulmadan ifşa edirdisə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdısa, Ermənistanın Baş naziri ilə debatlarda dəqiq, dəmir məntiqlə Azərbaycanın mövqeyini ifadə edərək, müasir diplomatiyanın ən bariz nümunəsini yaradırdısa, müharibə dövründə də yorulmadan reallıqları sübutlarla, faktlar əsasında dünya ictimaiyyətinə çatdırırdı. 

İlham Əliyev dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində əsl diplomatiya, natiqlik, məlumatlılıq, dəmir məntiq nümayiş etdirdi, bu müsahibələr Prezidentin dünya mediasına “master klass”ı kimi yaddaşlara həkk olundu. Nəticədə erməni təbliğatının Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq siyasəti puç oldu. ABŞ, Almaniya, Fransa və Avropanın bir çox mediası və təşkilatlarının erməni lobbisinin təsiri altında Azərbaycana qarşı ədalətsiz və qərəzli kampaniyası darmadağın oldu.

Müsahibədə diqqəti cəlb edən başqa bir mühüm məqam isə Prezidentin Cənubi Qafqaz regionunda sülhün, sabitliyin perspektivlərini necə və hansı prinsiplər əsasında təsəvvür etməsi barədə suala cavabında verdiyi mesajlardır. Bu mesajlar təkcə Ermənistana deyil, başa çatmış müharibədən sonra münaqişəni hansısa formada alovlandırmaq istəyən ölkələrə ünvanlanıb. Həmin mesajlardan doğan fikirlərə nəzər salaq:

- Müharibə  artıq başa çatıb və münaqişə tarixdə qalıb;

- Azərbaycan sülh prosesi, sərhədlərin demarkasiya və delimitasiyası, sülh müqaviləsi üzərində iş aparmaq mövqeyinə sadiq qalır;

- Ermənistan isə hazırkı dövrə kimi sülhün bərqərar edilməsi istiqamətində görülən işlərdə fəallıq göstərmir. Sülh prosesi əsasən Ermənistanın buna hazır olub-olmamasından asılıdır;

- “Dağlıq Qarabağ”ın statusu məsələsinin yenidən qaldırılmasına cəhd göstərilməsinin heç bir perspektivi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəyi təqdirdə, Azərbaycan tərəfindən də analoji addımlar atılacaq;

- Ermənistan müharibənin dərslərindən nəticə çıxarmalı, geosiyasi reallığı, qüvvələr nisbətini, öz perspektivlərini düzgün qiymətləndirməli, illüziyalara qapılmamalı və Azərbaycanın hazırda irəli sürdüyü təşəbbüslərlə razılaşmalıdır; 

Prezident region ölkələrində müzakirə olunan təşəbbüslərin də müsbət istiqamətə - əməkdaşlığa yönəldiyini qeyd edib: “Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Region hansısa kənar təsirdən xilas olacaq”. 

Bu müsahibə onu bir daha təsdiqləyir ki, Azərbaycanın tutduğu mövqe doğrudur; münaqişələr uzun zaman dondurulmuş vəziyyətdə qala bilməz; onların həlli separatizmin kökünün kəsilməsinə, bölgənin hərtərəfli inkişafına, daha geniş əməkdaşlığa etibarlı qapı açır.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top