Deputat: "Ermənistanın inkişafı, gələcəyi yalnız Azərbaycan və Türkiyədən asılıdır"

GÜNDƏM 23 sen 2021, 17:33
“Ermənistanla bağlı müstəqillik ifadəsini işlətmək çətindir. Ermənistan təcavüzkar, işğalçı qurumdur. Təcavüzkar Ermənistan və müstəqillik – bu iki söz bir-birinə tamamilə ziddir. Ermənistan adlı qurum yaranandan bəri zamanın heç bir mərhələsində müstəqil ola bilməyib. Ermənistan sadəcə müəyyən güclərin maraqlarını qorumaq məqsədilə qondarma dövlət kimi yaradılıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat bildirib ki, Ermənistan müstəqilliyi sadəcə sözdədir:

“Ermənistanın bugünkü ərazisi də qədim türklərin yurd yeri olub. Tarixin müxtəlif vaxtlarında azərbaycanlıların ordan məcburi köçürülməsindən sonra orda Ermənistan adlı qondarma dövlət yaradılıb. Bəhs etdiyimiz güclər hər zaman Ermənistandan bir alət istifadə ediblər. Azərbaycanın 20 faiz torpaqları 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında oldu. Lakin bu illərdə Ermənistan inkişaf etmədi, əksinə iqtisadi və siyasi tənəzzülünü sürətləndirdi.  Hazırkı Ermənistanın bir dövlət kimi heç nəyi yoxdur, nə strateji vasitələri, nə azad iqtisadiyyatı. Ermənistan bir dövlət kimi sərhədini belə qoruya bilmir. Onun sərhədlərini, hava limanını Rusiyanın hüquq-mühafizə orqanları, sərhədçiləri qoruyur. Yəni Ermənistan sözdə müstəqil olduğunu desə də, faktiki olaraq başda Rusiya olmaqla digər ölkələrdən asılıdır və onlara yükdür”. 

Deputat vurğulayıb ki, Ermənistan müstəqil və ağıllı siyasət yürüdən dövlət olsaydı, 30 il ərzində işğalda qalan torpaqlardan yararlanardı:

“Azərbaycanın keçmiş işğalda olan əraziləri Lüksemburqla müqayisə olunur. İşğal dövründə Ermənistanın taxıl ehtiyacının 80 faizə qədərini bu ərazilər ödəyib. Amma Ermənistan işğal dövründə həmin ərazilərin zənginliyindən özünə fayda verə bilmədi. Belə ərazilərdən faydalana bilməyən, əksinə oranı dağıdan ölkənin idarəçiliyi şübhə altındadır. Ermənistan heç vaxt müstəqil yaşaya bilməz. Hətta yaxın 10 ildə Ermənistanın müstəqilliyi açıq şəkildə sual altında qalacaq. Ermənistanı idarə edənlər o qədər faşist düşüncəli, düşmən fikirlidirlər ki, öz inkişaflarını düşünə bilmirlər”. 

M. İbrahimqızının sözlərinə görə, Ermənistan ən qısa müddətdə yeganə çıxış yolunun Azərbaycanın əlində olduğunu anlayacaq:

“Erməni xalqı və rəhbərliyi anlamalıdır ki, onların nicatı nə İrandır, nə də başqa ölkələr. Ermənistanın inkişafı, gələcəyi yalnız Azərbaycan və Türkiyədən asılıdır. Onların zərrə qədər də tərəqqi fikirləri varsa, dünyada gedən prosesləri az da olsa təhlil etməyi bacarırlarsa, Azərbaycanla sülh müqaviləsi üçün real addımlar atmalıdırlar. Azərbaycan böyük humanistlik edərək, Ermənistana tarixi şans verib. Ermənistan yalnız bundan sonra öz xilasını sürətləndirmiş olar. Ermənistanın Baş naziri Türkiyə ilə əlaqələrin bərpası ilə bağlı müraciət edib, lakin o da yaxşı başa düşür ki, Azərbaycanla sülh müqaviləsi imzalamadan əlaqələrin bərpası mümkün deyil. Ermənistan bu sülh müqaviləsini imzalamağa məcburdur və möhtacdır. Əks halda, revanşist iddialarını davam etdirsə, təxribat addımları atsa, sözdə səsləndirdiyi müstəqillik heç vaxt olmayacaq. Ermənistanın sadəcə adı müstəqildir. Ermənistan rəhbərliyi atacağı hər addım üçün icazə alır, havadarlarının tapşırığını gözləyir. Lakin birdəfəlik anlamalıdırlar ki, Azərbaycan və Türkiyə ilə münasibət onlara lazımdır. Biz güclü, müstəqil və regionda gücünü sübut etmiş dövlətik”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top