Məhərrəm Qasımlı: "Yaqub bəy Təbrizə getmək əvəzinə, o biri dünyaya getdi"


MƏDƏNİYYƏT 20 sen 2021, 21:07
“Azərbaycan” şeirimi təxminən iyirmi il öncə yazmışam. Amma 15 il bundan qabaq bu şeirə bəstəkar Nazim Əliyev mahnı bəstələyib mənə təqdim etdi. Bu isə mənim çox xoşuma gəldi. Sonra bir dəfə Yaqub Zurufçuya bunu dedim və o, Nazim müəllimlə tanış olmaq istədi”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. O, Yaqub bəylə yeni mahnılar üzərində işlədiklərini, amma çox təəssüf ki, bunun yarımçıq qaldığını bildirib: 
 
“Elə oldu ki, filarmoniyada konsertdə rastlaşdıq və mən Nazimlə Yaqub bəyi görüşdürdüm. Nazim mahnını Yaqub müəllimə təqdim etdi və bir neçə gün sonra Yaqub müəllim mənə zəng vurub dedi ki, “mahnı çox xoşuma gəldi, istəyirəm mahnını ifa edəm”. Dedim ki, mən də, Nazim bəy də razıdır. Amma mahnının hazırlanması bir neçə ay çəkdi və bu müddətdə ərzində Nazim Türkiyəyə getdi, indi orda yaşayır və yazıb- yaradır. Yaqub bəy isə bu mahnını oxumağa başladı. Bir dəfə bunu televiziyada görəndə diksindim. Mahnı çox güclü vətənpərvərlik ruhunda hazırlanıb və bir az da marş tərzində olan mahnıdır. Yaqub bəyə zəng vurub buna görə təşəkkür etdim. Doğrusu mən Nazimi neçə müddətdir görmürəm və bilmirəm ki, bu mahnıdan xəbəri var, yoxsa yox. Yaqub bəy bunu televiziyada və bir çox səhnələrdə ifa edib. Amma çox adam bilmir ki, mahnının sözlərini Orxan Paşa imzasıyla mən yazmışam. Bəstəsi isə Nazim Əliyevindir. 
 
Yaqub bəy dünyasını dəyişəndə ona həsr olunan verilişdə bu mahnını verdilər və mən də çox təsirləndim. Çünki Yaqub bəylə bizim bir neçə başqa mahnılarımız da var idi və üstündə işləyirdik. “Gedək Təbrizə-Təbrizə” şeirimə mahnı bəstələmişdi və bunu da marş ruhunda hazırlamışdı. Mahnını artıq yazdıracaqdıq ki, bu hadisə baş verdi və Yaqub bəy Təbrizə getmək əvəzinə o biri dünyaya getdi. Ruhu şad olsun”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top