Sabir Rüstəmxanlı: "İran Azərbaycana qarşı aqressiv siyasətindən əl çəkməsə..."

GÜNDƏM 20 sen 2021, 12:15
“İranda həm hakimiyyət dairələrində, həm də ictimaiyyətdə bizi qardaş hesab edən, dəstəkləyən şəxslər var. Həm müharibədən əvvəl, həm də müharibə dövründə Azərbaycanla iqtisadi-siyasi əlaqələrin güclənməsini istəyən və buna çalışan qüvvələr də var. İran yekcins deyil, təmsilçilərin arasında ermənilər, erməni tərəfdarları var. Bu baxımdan, İran mətbuatının və ayrı-ayrı qrupların mövqeyi ilə İranın ümumi dövlət siyasətini qarışdırmaq olmaz. Məsələn, Ərdəbildə məsciddə işləyən bir mollanın dediklərini İranın mövqeyi kimi dəyərləndirmək olmaz. Amma hərhalda onların da arxasında dayanan qüvvələr var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, İran Azərbaycana qarşı aqressiv siyasətindən əl çəkməsə, Azərbaycanın da münasibəti dəyişəcək:

“Vaxtilə İran şahı “İranın başı Azərbaycandır” ifadəsini işlədib. Azərbaycana əks fikirlər səsləndirənlər, deyəsən, başları ilə düşünmürlər. Yaxşı olardı ki, onlar heç olmasa öz tarixlərini yaxşı öyrənsinlər. Azərbaycan İranın başıdır, hər zaman da belə olub. İndi başqa bölgələrini nə qədər inkişaf etdirsələr də, Azərbaycandan asılıdırlar. 

Azərbaycanın mövqeyi və İrana münasibəti bəllidir. Biz qonşu ölkələrik və qonşuluq siyasəti yürüdürük, qonşuluq priniplərinə hörmətlə yanaşırıq. Azərbaycan da, İran da beynəlxalq birliklərin üzvüdür. İran bizə hansı münasibəti bəsləyirsə, artıq biz də ona qarşı həmin münasibəti göstərməliyik. Biz İranın daxili işlərinə müdaxilə etməmişik və etmirik, ərazisindəki hansısa seperatçı qüvvələrə yardım göstərmirik, sərhəddə təxribatlara yol vermirik. Hətta artıq Naxçıvandan Azərbaycana dəmir yolunun bərpasından söhbət gedirsə, bu, İranı niyə qıcıqlandırır? Bu, həm Ermənistanın, həm də İranın xeyrinə addımdır”. 

Deputat İrandakı soydaşlarımızın Azərbaycanla bağlı mövqelərini bildirməkdən çəkinmədiklərini vurğulayıb:

“İrandakı azərbaycanlılar Azərbaycanın güclənməsinə sevinən, Azərbaycan adına görə qürur duyan insanlardır. Onlar həm siyasi dairələrdə, həm də mətbuatda fikirlərini açıq şəkildə ifadə edirlər. Bu, hər zaman, o cümlədən müharibə dövründə belə olub. Əminəm ki, İrandakı soydaşlarımız lazım olanda Azərbaycanla bağlı mövqelərini yenə də ifadə etməkdən, aqressiv siyasət aparanlara qarşı çıxmaqdan çəkinməyəcəklər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top