Kirayə evlərin qiyməti niyə bu qədər bahalaşır? — Ekspertdən AÇIQLAMA

İQTİSADİYYAT 17 sen 2021, 18:07
“Evlərin qiymətinin artması ilə bağlı problem hər ilə yaşanır, lakin bu il biz bu halları daha çox gördük. Düşünürəm ki, növbəti illərdə kirayə evlərin qiymətinin artması halları ilə daha sıx üzləşəcəyik. Qiymətlərin ani artımı və kirayə evlərin az olmasının bir çox səbəbi var”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
 
O, ucuz kirayə mənzillərlə bağlı problemin paytaxtdakı binalarda aparılan söküntü işləri ilə bağlı olduğunu qeyd edib:
 
“Səbəblərdən biri də budur ki, artıq bir neçə ildir, Bakıda pilot layihələr üzrə söküntü işləri aparılır. Köhnə, istismar müddətini bitirmiş binalar, həmçinin həyətyanı evlər sökülür. Bununla həm mənzil bazarında evlər sıradan çıxmış olur, həm də həmin mənzillərdə yaşayan sakinlər yeni evlər təhvil verilənədək – minimum iki il üçün kirayə ev axtarmalı olurlar, yəni tələbat daha da artır. Bundan başqa, sökülən binaların yerində tikilən yeni tikililərdəki evlər əvvəlkindən təxminən iki dəfə baha olur. Bunun səbəbi təmirin yeni olması, şəraitin əvvəlkindən daha yaxşı olması və evin böyük olmasıdır. Bu proses indi də davam edir və köhnə tikililər sökülüb başa çatmanadək davam edəcək. 
Lakin nəzərə almaq lazımdır ki, kirayə ev tələbatı təkcə tələbələrlə bağlı deyil. Ümumilikdə, kirayə mənzil qıtlığı yaşanır. Ucuz kirayə mənzillərin sayı isə olduqca azdır. Əsas nüans budur ki, kirayə evlərin minimum qiyməti minimal əmək haqqına bərabərdir”. 
 
Ekspertin fikrincə, kirayə evlərlə bağlı məsələnin tənzimlənməsi üçün tələbə yataqxanalarına diqqəti artırmaq lazımdır:
 
“Ali təhsil müəssisələrinin əksəriyyəti Bakıda yerləşir, təbii olaraq, kirayə ev tələbatı daha çoxdur. Bu tələbatın yüksək olmasında tələbə yataqxanaları ilə bağlı məsələ də böyük rol oynayır. 90-cı illərin əvvəllərindən məcburi köçkünlər paytaxtda - tələbə yataqxanalarında yerləşdirildilər. Prezidentin tapşırığına əsasən, son illərdə bütün məcburi köçkünlərin yeni binalarda yerləşdirilməsi həyata keçirilir və demək olar ki, yataqxanaların əksəriyyəti boşaldılıb. Lakin bir məqam var ki, artıq həmin yataqxanalar yaşayış üçün yararsız hala düşüb, əksəriyyəti qəzalı vəziyyətdədir. Bakıdakı təhsil müəssisələrinin sayı artdıqca, mənzil bazarında ucuz kirayə evlərin sayı məhdudlaşacaq. Bu baxımdan, məsələni tənzimləmək üçün tələbələrin yataqxanaları bərpa edilməlidir. Məcburi köçkünlərin boşaltdığı yataqxanalar sökülməli, yerində daha müasir və standartlara uyğun yataqxanalar tikilib, tələbələrə uyğun qiymətə kirayə verilməlidir. Bununla, həm tələbə təhsil aldığı universitetə məxsus, yaxın məsafədə kirayə qalacaq, həm də ümumi mənzil bazarında kirayə evlərlə bağlı məsələ tənzimlənəcək”. 
 
E.Fərzəliyevin sözlərinə görə, son illərdə Bakıda təhsil alan tələbələrin valideynləri paytaxtdan ev alan şəxslərin arasında üstünlük təşkil edir:
“Kredit yolu ilə satılan sosial və digər mənzillər var. Artıq tələbələrin valideynlərinin bu layihələrə müraciət  edərək, ev almasının tez-tez şahidi oluruq. İpoteka və Kredit Zəmanət Fondunun 2020-ci ildə yeni layihəsi start götürdü, mənzillərin kirayə yolu ilə satılması. Bu layihə ilə rəsmi işi olan və ya sahibkarlıqla məşğul olan şəxslər bu mənzillərdən ala bilirlər. Layihənin əsas fərqi odur ki, mənzilin ümumi dəyərinin 30 faizi tələb olunmur, 12 aylıq kirayə haqqı ödəyib mənzili almaq olur. Bundan sonra isə nəzərdə tutulan kirayə haqqı ödənilir. Son zamanlar bu layihəyə tələbə valideynlərinin çox müraciət etdiyini görürür. Bununla onlar həm ev sahibi olur, həm də övladlarının kirayə ev qayğısını çəkmirlər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top