Sabiq nazir: "Paşinyanın son bəyanatlarını sülhniyyətli kimi dəyərləndirmək olmaz"

GÜNDƏM 17 sen 2021, 11:45
“Paşinyanın son açıqlamaları ilə adekvat addımlar atmağa başladığını demək çətindir, çünki o, əvvəllər də bəyanat verib, sonradan mövqeyini dəyişib. Ümumiyyətlə, Paşinyan Ermənistanın Baş naziridir və Azərbaycanla bağlı hansısa bəyanat vermək ixtiyarı yoxdur. Ermənistanın siyasi elitası artıq yalnız öz dövlətlərində olan problemlərlə məşğul olmağa çalışmalıdırlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, Paşinyanın Azərbaycanın Gorus-Qafan yolunda postlar qurması ilə bağlı fikirlərinə toxunaraq, Ermənistan Baş nazirinin səmimi olmadığını qeyd edib.

Xatırladaq ki, Paşinyan Azərbaycanın postlar qurmasının yanlış olmadığını, Azərbaycanın bunu öz ərazisində etdiyini bildirib.

“Paşinyanın müsbət istiqamətdə mesajları müzakirə edilir, amma mən fərqli yanaşıram. Bu, daha çox siyasi manevr xarakteri daşıyır. Paşinyanın bəyanatlarında ziddiyyətlər var. O, bir müddət əvvəl sərhədlərin delimitasiya və demarkasiyasının vacib olduğunu və bu istiqamətdə danışıqlara hazır olması ilə bağlı bəyanat verdi. Delimitasiya və demarkasiya siyasi məsələ deyil, texniki məsələdir, lakin dövlətlərin ərazisinin tanınması siyasi məsələdir. Yəni Ermənistan tərəfi əsas mövzudan yayınıb, diqqəti texniki məsələyə çəkir və onun həlli ilə bağlı açıqlama verir. Bunu da bir növ ziddiyyətli mövqe kimi dəyərləndirmək olar. Bu baxımdan, bu bəyanatlara fərqli mövqedən yanaşmalı və əsl məqsədlərini görməliyik. Bir sözlə, Paşinyanın səmimiyyətinə inanmaq olmaz. Ermənistan hələ də öz məkrli istəyindən əl çəkməyib, Azərbaycanın ictimai mühitinə təsir etmək niyyətindədir. Ona görə də, bu məsələlərdə diqqətli olmalıyıq”.

Sabiq nazir bildirib ki, Paşinyanın Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması ilə bağlı verdiyi bəyanatların da ziddiyyətli tərəfləri var:

“Ermənistan  rəhbərliyi hələ də 10 noyabr razılaşması ilə üzərinə düşən öhdəliklərin icrasından boyun qaçırır. Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək, yolları açmaqla bağlı mövqeyini bildirir, amma hələ də öz konstitusiyalarında Türkiyə ilə bağlı ərazi iddiaları qalmaqdadır. Ermənistan ərazi bütövlüyünü tanımadığı ölkələrlə əlaqələr qurmaq istədiyini bildirir. Paşinyanın bəyanatlarının məğzi bunda açq görünür. Paşinyanın son bəyanatlarını sülh niyyətli mövqe kimi dəyərləndirmək düzgün deyil”.

T.Zülfüqarov vurğulayıb ki, Azərbaycan sərhəd məsələlərində bütün funksiyaları əlində saxlamalıdır:

“Biz məsələnin kökünə baxmalıyıq, yəni əsas məsələ odur ki, Laçın dəhlizində sərhəd funksiyaları Azərbaycanın qurumlarının nəzarətinə keçsin. Düşünürəm ki, son vaxtlar bu istiqamətdə xoşagəlməz halların artması məsələnin qısa müddətdə həlllini tapacağını göstərir. Laçın dəhlizi ilə bağlı məsələlərə diqqətlə yanaşmalıyıq. Bəli, hələ ki, dəhlizdə sülhməramlılar nəzarəti həyata keçirir, amma sərhədlə bağlı bütün funksiyalar indiki mərhələdə Azərbaycanda olmalıdır”.  

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top