“Həbsdəki sabiq icra başçılarıyla bağlı əsas odur ki, yediyini qusdurasan…”

SOSİAL 15 sen 2021, 21:54
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev cəza çəkdiyi müəssisədə koronavirusa yoluxduğu üçün dünyasını dəyişdi. Bunun ardınca Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun da səhhəti pisləşib. O, ürəyindən əməliyyat olunması üçün Bakıdakı klinikalardan birinə yerləşdirilib. Ölkə başçısı isə dünən Şəmkir və Cəlilabad rayonlarına yeni icra başçıları təyin etdi.

Bəs görən yeni təyin olunan icra başçıları həbsdəki həmkarlarının taleyindən qorxub nəticə çıxaracaqlarmı?

Moderator.az-ın sualını cavablandıran “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev buna inanmadığını deyib:

“Belə olmalıdır, amma mən düşünmürəm ki, bu baş verəcək. Çünki İcra Hakimiyyəti strukturlarına təyinat formasının nə özü, nə də bütövlükdə idarəçilik sistemi dəyişib. İcra Hakimiyyəti strukturları heç bir halda özünü doğrultmur. Kiçik bir ölkə üçün səhv etmirəmsə 78 icra hakimiyyəti başçısını onun aparatıyla yedizdirmək olduqca ağırdır. Bütün rayonlarda İcra Hakimiyyəti strukturları ikitərlik idarəçilik yaradırlar. Orda nazirliyik strukturları da, bunlar da var. Xatırladım ki, məktəblər arasında dava düşmüşdü ki, direktoru Təhsil Nazirliyi, yoxsa İcra Hakimiyyəti təyin etməlidir. Səhiyyə Nazirliyində də eyni hal baş vermişdi. Çoxdandır yazılır və deyilir ki, bu institut ümumiyyətlə ləğv olunmalıdır. Regioanl qubernatorluq formasında daha böyük ərazi birləşmələri yaradıb, onlara rəhbər qoymaq lazımdır. Bunun üçün də Azərbaycanda ilkin addımlar atıldı. Həmin şəraitdə biz təzədən icra başçılarını dəyişib, bu institutu böyütmək istəyiriksə, başa düşə bilmirəm ki, burda islahat hardadır, nədədir?! Biz görə-görə ki, bu struktur özünü doğrultmur, ciddi problemlər yaradır, biz yenə də palçığa ikinci, üçüncü, dördüncü dəfə giririk.

Dünən icra başçılarını təyin edəndə Prezident öz çıxışında dedi ki, hətta Heydər Əliyev Fondu tərəfindən göndərilən vəsaitlər də İcra Hakimiyyətləri tərəfindən mənimsənilir. Bu strukturun, yuvanın özünü dağıtmaq lazımdır ki, yetmiş min deşik var və hər deşikdən də vəsaitlər axır. Bir-iki rayonu çıxmaq şərtiylə hansı rayonda bu struktura əhalinin inamı var?! Yəni artıq özünü təhr etmiş strukturun reanimasiyasından heç nə gözləmirəm. Ona görə düşünmürəm ki, burda sadəcə kiminsə gözü qorxub dərs çıxarmaqla vəziyyət dəyişə bilər.

Həbsdə olan sabiq icra başçılarıyla bağlı hüquq-mühafizə orqanlarını işlərini çox gözəl yerinə yetirirlər. Əsas məsələ burda odur ki, yediyini qusdurasan. Bununla da çox professinol şəkildə məşğul olurlar. Bu gün cəza çəkən keçmiş icra başçıları o qədər adamları həbs etdiriblər ki, elə bilirlər həbsxanada həyat sürmək asandır. Əlbəttə, çətindir, buna əsəb dözmür. Baxır ki, dünən padşah idim, bu gün isə həbsdəyəm. Bunların hamısı balaca padşahlar idi. Ona görə bu strukturu saxlamağın mənası yoxdur, orda hər şey içəridən çürüyüb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top