Gənc oğlan arvadını evin zirzəmisinə saldı, dəhşətli işgəncə verdi — Abşeronda şok olay

KRİMİNAL 13 sen 2021, 13:58
Abşeron rayonunda Laçın rayon sakini, 1990-cı il təvəllüdlü Şamil arvadı Mərhəmətə işgəncə verib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 may 2021-cu ildə, saat 19 radələrində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində baş verib. 

O, həmin qəsəbədə yerləşən fərdi evdə arvadı Mərhəmət ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı azyaşlı uşaqlarının gözləri qarşısında xüsusi amansızlıqla yumruq və təpiklə sonuncunun saçından tutaraq başını divara vurub.

Daha sonra isə yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbə endirib. 

İstintaq orqanı tərəfindən Şamilin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Mərhəmətlə 2011-ci ildə ailə həyatı qurub, birgə nikahdan üç az yaşlı övladları anadan olub: “Mayın 18-də yaşadığım Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən evdə uşaqlarının tərbiyəsinin üstündə arvadım Mərhəmət ilə aramızda mübahisə olub. Mübahisə zamanı əlim ilə Mərhəmətin bədəninə və qollarına 1-2 şillə vurdum. Ancaq həmin vaxtı Mərhəmətin qabırğalarını sındırmamışam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mərhəmət bildirib ki, ailə həyatı qurduqdan sonra Şamil onunla yaşadığı evdə mütəmadi olaraq səbəbsiz yerə mübahisələr edib, onu döyüb: “Bu barədə əvvəllər heç kimə heç nə deməsəm də, sonuncu dəfə mayın 18-də saat 19-20 radələrində yaşadığı evdə məni səbəbsiz yerə döydüyü üçün səhəri günü saat 09 radələrində qardaşım Dağbəyiyə zəng etdim, onunla danışdıqdan sonra Dağbəyi evimə maşın göndərdi. Uşaqlarım ilə birlikdə maşınla qardaşım evinə getdim. Orada mənim halım pisləşdiyi üçün təcili tibbi yardım çağırıldı. Həkimlər evə gəldi, məni müayinə etdi. Sabahı günü isə polislər yaşadığım ünvana gəldi. Mən də polislərə baş vermiş hadisə ilə bağlı məlumat verdim. Polislər müraciətim əsasında toplanmış materialı hadisənin baş verdiyi yer üzrə Abşeron rayon Polis İdarəsinə göndərəcəklərini bildirdilər”.

Mərhəmət ifadəsinə əlavə olaraq göstərib ki, hadisədən bir neçə gün əvvəl Şamil onunla sözlə mübahisə edib, onu öldürəcəyini deyib: “Mayın 18-də saat 17 radələrində ərim işdən evə gəldi, yemək istədikdə ona yemək verdim. Bu zaman ərim mənə dedi ki, səni döyəcəm, səndən üç gündür yığıram. Mən isə Şamilə məhəl qoymadım, ona yemək verdikdən sonra hamama getdim. Paltarları yudum, sonra isə evə gəldikdə qızım Səadətin stolda oturaraq qarşısındada dəftər-kitab ilə məşğul olduğunu, həyat yoldaşım Şamilin isə divanda uzandığını gördüm. Səadətdən yazısını yazıb dərsini oxumadığını soruşdum. Qızım Səadət atasının “yazma, axşam mən sənə başa salaram onda yazarsan” dediyini bildirdi. Qızıma heç nə demədən hamama getdim, paltarları gətirdim. Uşaqların səs-küyünü və qışqırdıqlarını eşidəndə yuxarı çıxdım. Şamil uşaqlarını pilləkəndən aşağı salanda oğlumu qucağıma götürdüm. Şamil böyük qızım Səadəti evin zirzəmisinə, məni isə mətbəxə saldı. Ondan gizlin qardaşlarım ilə görüşməyimi bəhanə edərək məni döyməyə başladı. Həmin vaxtı Şamil başımdan, yəni saçımdan tutaraq divara vurdu, yerdə evin bu başından o biri başına sürüdü. Sonra isə yerdə təpik və yumruqla bədənimin müxtəlif nahiyələrinə, qabırğalarıma vurdu. Şamil məni əli ilə boğanda balaca qızım Yağmur arxadan Şamili dişlədiyi üçün sonuncu məni buraxdı”. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Şamilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top