Deputat: "Azərbaycanın qeyri-neft ixracı ilk dəfə 2 milyard dollardan çox olacaq"

GÜNDƏM 08 sen 2021, 13:22
“Son dövrlərdə ölkəmizdə qeyri-neft ixracatının artırılması istiqamətində ciddi işlər görülür, yeni müəssisələr istifadəyə verilir. Xüsusilə, son aylarda qeyri-neft ixracatında artım var. Ümumilikdə, bu ilin geridə qalan 8 ayında bu sahədə 37 faiz artım qeydə alınıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat cari ilin geridə qalan ayları ərzində Azərbaycanın qeyri-neft ixracında ciddi artımın olduğunu qeyd edib:

“2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının ilk dəfə 2 milyard dollardan çox olacağı gözlənilir. Bu, sözügedən sahə üçün ciddi artımdır. Bu artımın bir səbəbi də qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. İxracatın artmasında yeni yaradılan sənaye müəssisələrinin xüsusi töhfəsi var. Sənaye müəssisələri bu istiqamətdə nəticələrin əldə olunmasında xüsusi rol oynayır, daxili bazarda tələbatın ödənilməsi, həmçinin ixrac imkanının artırılmasına şərait yaradır. Azərbaycanda bu istiqamətdə görülən tədbirlər iqtisadiyyatın inkişafı və ixracın artırılması baxımından vacib prosesdir. Prezidentin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən yeni müəssisələrin istifadəyə verilməsi, fəaliyyət planının həyata keçirilməsi Azərbaycanın qeyri-neft ixracının artmasında xüsusi əhəmiyyət kəsb edəcək. Bu həm də yerli istehsalın artması və iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Düşünürəm ki, növbəti aylarda da qeyri-neft sektorunda, ixracatda artımlar davam edəcək. Bu, sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticəsidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top