Gömrüklə bağlı qalmaqal böyüyür: "Həmin əməkdaşlar gömrük sistemindən qovulmalıdır"

SOSİAL 04 sen 2021, 20:24
Ötən gün Azərbaycanın məhkəmə tarixində nadir hallarda rastlanan hadisə baş verib. Belə ki, Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. 

Bu haqda məlumatı "Azem&Partners" hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O, bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi:

“Sahibkar razılaşmadığı üçün malları nə anbara buraxmırdı, nə də rəsmiləşdirmirdi. Belə ki, idxal edilən malların dəyəri 20922 avro və ödənilməli rüsum 17000 manat olsa da gömrük orqanı guya invoys azaldılıb iddiası ilə təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi. Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etsə də Gömrük orqanı bu dəfə də sahibkarı həmin zavodla "əlaqəli şəxs" kimi qələmə verərək sənədlərin mötəbərliyinə şübhə ilə yanaşırdı".

Şirkət direktoru daha sonra qeyd edib ki, Gömrük orqanının sahibkarın idxal etdiyi 20922 avro dəyərində mala qoyduğu qiymət 75000 ABŞ dolları idi və belə olan halda sahibkar 46000 azn rüsum ödəməli idi. Gömrük orqanı iddia edirdi ki, bu malların apteklərdə pərakəndə satış qiyməti 75000 abş dolları dəyərindədir ona görə də pərakəndə satış dəyərindən çıxılma üsulu ilə hesablayırıq. 

"Məhkəmə öz qərarı ilə sövdələşmənin əsas olduğunu əsas sayaraq gömrük orqanının yanaşmasının qanuni olmaması qənaətinə gəldi. Ölkəmizdə bir çox sahibkar bu problemə görə əziyyət çəksə də nadir hallarda məhkəmə yolu ilə hüququnu müdafiə edənlər tapılır", - deyə Emil Qurbanov bildirib. 
İqtisadçı Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında deyib ki, məhsula Gömrük Komitəsi özü qiymət qoymağa çalışır:
“Bu işlə yaxından tanışam və Elnarə xanımla da görüşmüşəm. Əllərində kifayət qədər sübutları, əsaslandırılmış sənədləri var. Hətta bunu ictimailləşdirmək üçün də müəyyən addımlar atmışdım. Və çox sevindirici haldır ki, məhkəmə də belə bir qərar verdi.

Bu Gömrük Komitəsi üçün bir əmsal qərar olmalıdır. Gömrük Komitəsinin ənənəvi yanaşması var. Onlar invoys qiymətlərə, rəsmi sənədlərə fikir vermirlər. Bu özlərindən uydurulmuş bir yanaşmadır. Bu çox yanlış bir praktikadır. Ümid edirəm ki, bu qərardan sonra heç olmasa, Gömrük Komitəsinin fəaliyyətində bu yöndə bir dəyişiklik olacaq”.

İqtisadçının sözlərinə görə, həmin əməkdaşlar gömrük sistemindən qovulmalıdır:
“Həmin işçilərin qanunu pozması və artıq rüsum tələb etməsi faktı məhkəmədə təsdiqini tapıbsa, bu həmin şəxləri istintaqa cəlb etmək hüquqi əsas yaradır. Əgər istintaq zamanı məhkəmə qərarı sübuta yetirilərsə, təsdiqlənərsə, həmin şəxslərin ən azından gömrük sistemindən qovulması baş verməlidir. Bu başqaları üçün də dərs olar.

Digər gömrük işçiləri üçün də görk olar ki, onlar bir də vətəndaşları, iş adamlarını incitməsinlər. Əgər bu baş verməyəcəksə, Gömrük Komitəsi rəhbərliyi yenə öz işçilərinin arxasında durub, öz köhnə yanaşmaları ilə davam edəcəklərsə, bu Azərbaycan iqtisadiyyatına, iş həyatına, növbəti zərbələrdən biri olacaq”.
N.Cəfərli insanların Gömrük Komitəsinin fəaliyyətindən narazı olduğunu qeyd edib:

“Onsuz da Azərbaycanda iş dünyası, iş adamları Gömrük Komitəsinin fəaliyyətindən çox narazıdırlar. Onların fəaliyyətindən, metodlarından, yanaşmasından, çox narazıdırlar. Bu narazılığın artmasını istəmirlərsə, Gömrük Komitəsi də ən azından rəsmi şəkildə elan olunan yeni iqtisadi kursa, istiqamətə, ölkənin qeyri-neft sektorunun inkişafı ilə bağlı qəbul olunmuş qərarlara hömət etsinlər. Yəni iş adamlarına hörmət etmirlərsə, Prezidentin və hökümətin verdiyi qərarlara  hörmət etsinlər. Bu baş verməyəcəksə, Gömrük Komitəsi ilə bağlı etirazlar və narazılıq daha da artacaq ki, bu da ümumi iqtisadiyyata, çox böyük ziyan vuracaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top