Təmənnasız dəstək, içdən gələn birlik

GÜNDƏM 30 iyl 2021, 16:08
Ölkəmiz yanğınlarla mübarizədə Türkiyənin yanındadır və əlavə  yardımını əsirgəməyəcəyinə şübhə yeri qoymur.
 
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən Türkiyənin cənubunda meşə yanğınları ilə bağlı qardaş ölkəyə yardım (Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar) göndərilib. 

Bu sıradan bir yardım kampaniyası kimi qəbul edilməməlidir. Bu, qardaş yardımıdır, dar günün dostu olmağın əsl nümunəsidir!
Azərbaycanla Türkiyənin xüsusilə məhz belə dar günlərdə birlik nümayiş etdirməsinin səbəbləri daha dərindir. Bu birlik əslində hansısa standartlardan kənar, qəbul olunmuş normalarla uyğunlaşmayan içdən gələn bir birlikdir. Çünki əgər hansısa yaxın ölkələr arasında belə əlaqələr müəyyən maraqlar üzərində qurulursa, üstəlik, qarşılığı başqa addımlarla da ödənilirsə, bu birliyin mayasında nə maraq dayanır, nə də başqa məzmunda əvəzi istənilir. Bu kökdən gələn bir birlikdir!

Azərbaycan Türkiyəyə belə bir gündə dəstək göstərməyi özünün mənəvi borcu sayır. Necə ki, Türkiyə bizi hər zaman düşünüb və düşünməkdədir.  44 günlük Vətən savaşımızda Azərbaycana ən böyük mənəvi dəstəyi də məhz Türkiyə göstərdi. Və Azərbaycan xalqı bunu heç zaman unutmayacaq!

Bu gün iki qardaş ölkə arasında münasibətlər yeni keyfiyyət mərhələsini yaşayır. Kifayət qədər yaxın münasibətlərə malik Türkiyə və Azərbaycan əlaqələri Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya miqyasında qardaşlıq nümunəsinə çevrilib, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib. Bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının qədim YURD yeri olan Şuşa şəhərində görüşü zamanı imzalanan Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən üst səviyyəyə daşıyıb. Ayrılmaz tellərlə bir-birinə bağlı olan iki Türk dövlətinin gələcək nəsilləri üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı hüquqi baxımdan müəyyənləşib. 

Hazırda iki qardaş ölkənin bu gün və gələcək üçün əlaqələrinin hansı istiqamətlərdə yürüyəcəyi bəllidir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri də daima iki Türk xalqına haradan gəldiklərini xatırladır və həmişə necə hərəkət edəcəklərini müəyyənləşdirir. 

Beləliklə, bu gün Azərbaycan Türkiyənin ağrılarını, acılarını özününkü bilir. Bunu görmək üçün dövlətin birinici şəxsindən tutmuş Azərbaycan cəmiyyətinin reaksiyasını, içdən gələn yangısını izləmək yetər. Sosial şəbəkələrdə hamı Türkiyənin yaşadığı hadisələri paylaşır, onun yanında olduğunu ifadə edir.  

Ölkəmiz yanğınlarla mübarizədə Türkiyənin yanındadır və əlavə nə lazımdırsa, yardımını əsirgəməyəcəyinə şübhə yeri qoymur.

Bir ayaqqabı və mətn şəkili ola bilər

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top