Cavanşir Quliyev Azərbaycana gəldi


İNCƏSƏNƏT 17 iyl 2021, 13:55
Uzun illərdir Şimali Kipr Türk Cümhuriyyətində yaşayan, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Azərbaycana gəlib. O, Şimali Kiprdəki Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin dekanı vəzifəsində çalışır.

Vətənə dünən gələn bəstəkar işinin çoxluğuna baxmayaraq, vaxt tapıb Modern.az saytının suallarını da cavablandırdı.

- Cavanşir müəllim, illər sonra Azərbaycandasınız. Dost ölkədə yaşayan, çalışan bəstəkarın ölkəmizlə, Bakımızla bağlı ilkin təəssüratları maraqlıdır.

- Təəssüratlarım yenidir. Çünki iki ildir Azərbaycana gəlmirdim. Çox xoşbəxtəm. Bakının küçələrində gəzməyi arzulayırdım, çox darıxmışdım. İndi sevinirəm, paytaxtın yeni, gözəl küçələrində gəzirəm. Müxtəlif idarələrdə xırda işlər var, onları həll etməyə çalışıram. Əhval-ruhiyyəm çox yaxşıdır, Bakıya baxdıqca, ürəyim açılır. Sonra nə olacaq onu görəcəyik.

- İllər sonra həm də Qarabağı işğaldan azad etmiş Azərbaycana gəlmisiniz…

- Təbii ki! Qarabağın azadlığına sevinirəm. Damarında azərbaycanlı qanı axan kim sevinməz buna? Amma hesab edirəm ki, Qarabağ sonuna qədər azad olunmalıdır. Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəranın da azadlığını gözləyirik. Arzu edirik ki, ölkə Prezidenti o rayonlarımızdan da alovlu-alovlu, düşməni susduracaq şəkildə danışsın.

- Hazırkı səfəriniz çərçivəsində işğaldan azad olunmuş ərazilərə getmək planı varmı?

- Bildiyiniz kimi, Qarabağa hər istəyən adam gedə bilmir. Çünki minalanmış ərazilərdir, təhlükəlidir. O baxımdan çətindir. Təbii ki, getmək istəyərdim.

- Amma siz sıradan, hər istəyən adam deyilsiniz…

- O baxımdan hələ ki təklif gəlməyib. İcazə verilsə təbii ki, sevə-sevə gedərəm. Mən oralarda böyümüşəm. Şuşa mənim ikinci vətənim sayıla bilər. Çünki uşaqlıqda hər il ailəvi şəkildə Şuşaya gedərdik. Mən oraları əzbər bilirəm. Ona görə çox böyük məmnuniyyətlə Qarabağa gedərəm. Amma qismət…

- Hansı müddətdə Azərbaycanda olacaqsız?

 - Avqustun sonuna qədər burda olacam.

- Yəqin ki, Şəkidə də dincələcəksiz…

- Dincəlmək yox, qohum-əqrabaya baş çəkəcəm, görüşəcəm. Dincəlməyə sadəcə zamanım yoxdur. Ömrümdə dincəlməyə vaxtım olmayıb. Həmişə eyni  yerdə uzağı 1-2 gün qala bilmişəm. İşləməyin özü də dincəlməkdir mənim üçün.

- Cavanşir müəllim, Qarabağa özəl bəstəniz varmı, yaxud planlaşdırırsınızmı?

- Hazırda əlimdə notlarla Mədəniyyət Nazirliyinə gedirəm. Bəstəm var, təklif verəcəm. Qəbul edərlərmi, etməzlərmi görəcəyik.

- Yəni deyirsiniz ki, Cavanşir Quliyevin bəstəsini qəbul etməzlər?

- Qızım, hər şey ola bilər. Dünyada “olmaz” deyilən elə şeylər oldu ki… Ona görə deyirəm ki, hər şey ola bilər.

- Sonda Şimali Kiprdəki işlərinizlə bağlı qısaca da olsa, məlumat vermənizi istərdik.

- Orada hər şey yolundadır. Dərsimə gedib evimə gəlirəm. Həyat sakit, öz axarında gedir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top