"Bu doğrudursa, deməli, səfirə Şuşadan uzaq durması ilə bağlı Vaşinqtondan göstəriş olub" — Metyu Brayza

MÜSAHİBƏ 16 iyl 2021, 11:51
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanın Demokrat.az-a müsahibəsi:

- Son günlər Ermənistan üçtərəfli bəyanatın şərtlərini pozaraq, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən Azərbaycan mövqelərini atəşə tuturlar. Sizcə, prosesin davamı necə olacaq?  

-Ermənilərin Azərbaycan mövqelərinə atəş açması ilə bağlı xəbərlər dərin narahatlıq yaradır. Minsk qrupu həmsədrlərinin bu istiqamətdə fəaliyyətə başlamaları həqiqətən vacibdir. Onlar üçün bundan daha əhəmiyyətli məsələ yoxdur. Hesab edirəm ki, baş verən son hadisələr Ermənistan daxilindəki siyasi qüvvələrin Baş nazir Nikol Paşinyana zərər gətirmək cəhdlərinin nümunəsidir. Onlar bununla 10 noyabr bəyanatına imza atan rəhbərin fəaliyyətini sarsıtmaq istəyirlər. Bu da öz növbəsində Rusiya prezidenti Vladimir Putini sarsıdır, çünki atəşkəs razılaşmasında vasitəçilik edən odur. Görünür, Ermənistanın daxilindəki bəzi qüvvələr təkcə Azərbaycan-Ermənistan münasibətlərini pozmağı deyil, həm də Ermənistanın daxilindəki vəziyyətə ciddi mənfi təsir göstərmək istəyirlər.

- Xüsusilə sülhməramlıların olduğu ərazilərdən ermənilərin təxribat törətməsi fonunda yeni müharibə ehtimalı nə dərəcədə realdır?

- Yeni müharibənin başlaması riskinin olduğunu düşünmürəm. Ermənistan ordusunun yeni müharibə edə biləcəyinə inanmıram. Onun ordusu Azərbaycan tərəfindən məhv edilib. Ermənistan ordusunun belə vəziyyətində bu dövlətin müharibə edə biləcəyini düşünmürəm. Azərbaycanda keçmiş səfir olaraq və təcrübələrimə əsasən deyə bilərəm ki, Ermənistanın istəklərinə uyğun davranmamaq lazımdır. ABŞ-ın Cənubi Qafqaz, Türkiyə, Kipr və Yunanıstanla əlaqələrinə nəzarət etdiyim vaxtlarda olan müşahidələrim bunu deyir ki, Ermənistanın cəhdlərinə getmək lazım deyil. Əks halda, bu cür hallar onlar tərəfindən davam etdirilə bilər. Baş verən son hadisələr Ermənistanın daxilindəki problemlərin nəticəsidir.

- ABŞ-ın Azərbaycandakı səfiri diplomatik korpusun nümayəndələrinin Şuşaya səfərində iştirakdan imtina etdi. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktivləşdirilməsi müzakirə edilir. Sizcə, məsələ necə tənzimlənəcək? 

- ABŞ səfirinin Şuşaya getməkdən imtina etməsini eşitməmişəm. Bu doğrudursa, deməli, səfirə Şuşadan uzaq durması ilə bağlı Vaşinqton tərəfindən göstəriş olub. Düşünürəm ki, Vaşinqton bu addımı hazırkı gərginliklər azalsın deyə atıb. Qanuni perspektivdən baxanda, ABŞ-ın Azərbaycandakı səfirinin gələcəkdə Şuşaya səfər edəcəyinə şübhə edilməməlidir, çünki Şuşa Azərbaycanın beynəlxalq hüquqlar çərçivəsində tanınan torpağıdır.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top